AMEA Coğrafiya İnstitutu elmi şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə iyunun 1-də keçirilən növbəti iclası böyük uğura - Coğrafiya İnstitutu alimlərinin Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilməsinə həsr edilmişdi.
AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, g/m. elmləri doktoru Dadaş Hüseynov da tədbirdə iştirak edirdilər.
Əvvəlcə bu günlərdə dünyasını dəyişmiş İnstitutun Geomorfologiya və təbii risklər şöbəsinin sabiq müdiri, c.e.d. Xalid Tanrıverdiyevin əziz xatirəsi yad edildi, onun coğrafiya elmindəki xidmətlərindən danışıldı, həmkarları onun haqqında xoş sözlər söylədilər.
Sonra 28 may – Respublika günü münasibəti ilə keçirilmiş təntənəli rəsmi qəbul zamanı coğrafiyaçı alimlərin Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması və akademik Ramiz Məmmədovun mərasimdəki çıxışını əks etdirən kadrlar nümayiş etdirildi. Nümayişdən sonra YEB rəhbəri, akademik Fəxrəddin Qədirov çıxış edərək, Coğrafiya İnstitutunun son illərdəki sürətli inkişafından, qazandığı elmi nailiyyətlərdən, uğurlu nəşrlərindən və s. söhbət açdı. Dedi ki, İnstitutun belə dinamik, uğurlu inkişafı onun direktoru, tələbəlik illərindən daim hərəkətli, qabağa can atan, özünə qarşı tələbkar bir insan kimi tanıdığı Ramiz Məmmədovun düzgün rəhbərliyinin nəticəsidir. Qeyd olundu ki, elə ona görə İnstitutun fəaliyyəti AMEA prezidenti, akademik Akif Əlizadənin və eləcə də Fəxrəddin müəllimin özünün daim diqqət mərkəzində olmuşdur, onlar İnstitut rəhbərinin coğrafiya elminin inkişafına yönəlmiş hər bir başlanğıc və təklifini dəstəkləyir və bu işlərin uğurla nəticələnəcəyinə inanırlar.
F.Qədirov ölkəmiz üçün çox vacib və dəyərli olan “Azərbaycan Respublikasının Coğrafiyası” üçcildliyinin yüksək dövlət mükafatına layiq görülməşinə görə böyük qürur hissi keçirdiyini dilə gətirdi, əsərin böyük əhəmiyyətini nəzərə alaraq, onun ingilis və rus dilinə tərcümə olunmasını zəruri hesab etdiyini söylədi. O, dövlət əhəmiyyətli və strateji planlara daxil edilmiş Azərbaycan Fövqəladə Hallar Atlasının hazırlanmasının Coğrafiya İnstitutuna həvalə olunmasını onun rəhbərliyinə və kollektivinə olan etimad və inamdan irəli gəldiyini nəzərə çatdırdı və kollektivin bu işin də öhdəsindən layiqincə gələcəyini qeyd etdi. Bildirdi ki, əməkdaşların apardıqları elmi-tədqiqat işləri mühüm əhəmiyyət daşıyır.
YEB rəhbəri akademiya prezidenti Akif Əlizadənin səyi nəticəsində Azərbaycan Dövlət Televiziyasında həftədə bir dəfə bir saata yaxın olmaqla “Elm” kanalında elmi innovasiyalar mövzusunda verilişlər təşkil olunması haqqında məlumat verdi. Qeyd etdi ki, ikinci veriliş “Dövlət mükafatına layiq görülmüş əsərlər”ə həsr olunduğundan İnstitut buna hazırlıq görməlidir.
Çıxışına “Əziz dostlar” müraciəti ilə başlayan c.e.d. Dadaş Hüseynov işlədiyi Geologiya və Geofizika İnstitutu ilə Coğrafiya İnstitutu arasında sıx dostluq əlaqələrinin olmasını müsbət hal kimi qiymətləndirərək, coğrafiyaçıların uğurunu həm də geoloqlarınkı hesab etdiyini qeyd etdi.
Sonra İnstitutun elmi işlər üzvə direktor müavini, professor, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə çıxış edərək ensiklopedik, fundamental biliklər toplusu olan “Azərbaycan Respublikasının Coğrafiyası” üçcildliyinə verilən bu dəyəri ölkəmiz, xalqımız qarşısında vəzifə borcunu yerinə yetirmiş əməkdaşların hər birinin mükafatı kimi qiymətləndirdi və dönə-dönə onlara dərin təşəkkürünü bildirdi, dedi ki, bu sevincdə, eyni zamanda, BDU və Pedaqoji universitetin coğrafiyaçılarının da payı var. AMEA rəhbərliyinin hər zaman Coğrafiya İnstitutuna dəstək verməsini bir stimul kimi daha məhsuldar işləməyə həvəsləndirdiyini diqqətə çatdırdı. Bildirdi ki, coğrafiyaçılar intellektual səviyyələrinə görə, gücünə, dostların dəstəyinə arxalanaraq hələ neçə-neçə dəyərli əsərlər ortaya qoyacaqlar. Bundan ötrü isə daha gərgin işləmək, məsuliyyəti daha da artırmaq lazımdır.
Coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov çıxışında dövlət mükafatının kollektivin hər bir üzvünə verilən ən yüksək qiymət olduğunu vurğulayaraq, əsərin belə yüksək səviyyədə hazırlanmasını Ramiz müəllimin tələbkarlığının nəticəsi olduğunu və hələ uzun müddət belə bir mövzuya müraciət edilməsinə ehtiyac duyulmayacağını diqqətə çatdırdı.
Şöbə müdiri, coğrafiya elmləri doktoru Zakir Eminov qazanılan uğurda göstərilən dəstəyə görə AMEA rəhbərliyinə, kitabın hazırlanmasında yaxından iştirak edən bütün əməkdaşlara dərin təşəkkürünü bildirdi.
Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, elmi katib Luiza Salayeva, c.e.d. Məhəmməd Abduyev və digər çıxış edənlər İnstitutun əldə etdiyi nailiyyətləri ilk növbədə onun rəhbəri Ramiz Məmmədovun səriştəliyi, uzaqgörənliyi, novatorluğu və tələbkarlığı sayəsində qazanıldığını qeyd etdilər. Bildirdilər ki, Ramiz müəllimin vaxtılə coğrafiya elmində hiss etdiyi boşluğu məhz bu konstruktiv, dolğun, coğrafiyanın hər bir sahəsini əhatə edən irihəcmli üçcildliyin yaranması ilə doldurmaq olar. Çıxış edənlər dövlətin əsərə verdiyi bu yüksək qiymətin coğrafiyanın və coğrafiyaçıların nüfuzunun daha da artmasına səbəb olduğuna görə sevinclərini gizlədə bilmədilər.
Akademik Ramiz Məmmədov yekun çıxışında Azərbaycanda elm üzrə ilk dövlət mükafatının məhz coğrafiyaçılara verildiyini və indiki mükafatın artıq onların aldıqları üçüncü dövlət mükafatı olduğunu böyük fəxrlə qeyd etdi: “Su gələn arxa bir də gələr!” İnstitutumuzun yüksək mükafatlara layiq görülmüş korifey alimləri olub. Çox şadam ki, bu gün biz bu ənənəni layiqincə davam etdiririk”. “Azərbaycan Respublikasının Coğrafiyası” üçcildliyi təkcə 4 nəfərin deyil, bütün kollektivin əməyinin məhsuludur. Məndən soruşsalar ki, bu kitabın qayəsi nədir, dəyərəm ki, – AZƏRBAYCANDIR! Ümumiyyətlə, coğrafiyaçıların tədqiqat obyekti AZƏRBAYCANDIR! Bu kitabı oxuyan istənilən bir vətəndaş biləcək ki, necə zəngin bir ölkədə yaşayır, onun hansı potensial imkanları var”. Akademik əsərin uzun illərin gərgin əməyinin bəhrəsi olduğunu, hələ 15 il qabaq coğrafiya elmində bir boşluq duyulduğunu hiss etdiyindən belə bir əsərin yazılmasını təklif etmişdi. O, əsərin Respublika Dövlət Mükafatına layiq görülməsini çox böyük uğur adlandırdı: “Bununla belə, AMEA rəhbərliyinin diqqət və qayğısı olmasaydı, bəlkə də bu uğura nail olmaq mümkün olmazdı”.
İnstitut rəhbəri kitaba rəy vermiş alimləri xüsusi qeyd etdi, yerli, eləcə də xarici ölkələrdən olan mütəxəssislərin – senator və akademiklərin əsərə yüksək dəyər verdiklərini, haqqında xoş sözlər yazdıqlarını diqqətə çatdırdı, onlara minnətdar olduğunu bildirdi.
Akademik çıxışının sonunda ölkə Prezidenti İlham Əliyevə Azərbaycan elminə verdiyi dəyərə, göstərdiyi diqqət və qayğıya görə özünün və institut kollektivinin adından dərin minnətdarlığını bildirdi. AMEA rəhbərliyinə, şəxsən Akif Əlizadəyə və Fəxrəddin Qədirova, eləcə də üçcildliyin yaranmasında zəhməti olan hər bir kəsə təşəkkürünü çatdırdı.