Fevralın 5-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsi” mövzusunda treninq keçirilib. AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının veb-saytlarına məsul şəxslər, eləcə də Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Xanım Rzazadə seminar-məşğələdə iştirak edib.
Tədbiri keçirməkdə əsas məqsəd veb-saytların fəaliyyətinin yüksək səviyyədə təşkili və inkişaf etdirilməsi, bu sahədə mövcud problemlərin müzakirəsi və həlli məsələləri, eləcə də fəallığın artırılmasıdır.
İclasa cədrlik edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev veb-saytların fəaliyyətinin yüksək səviyyədə təşkilindən, cəmiyyətin informasiya əldə etmək hüququnun təmin olunmasından və elmi informasiyaya olan tələbatın ödənilməsində saytların əhəmiyyətindən danışıb. Onların müvafiq standartlara cavab verməsi üçün strukturun düzgün və aydın, proqram təminatının innovativ texnologiyalar əsasında qurulmasının vacibliyini diqqətə çatdırıb.
Seminarda veb-saytların işinin təşkili və idarə olunması ilə yanaşı, onların təhlükəsizliyi məsələləri, veb-texnologiyaların inkişaf mərhələləri və perspektivləri, informasiya təminatı, veb-analitika və s. mövzularda da məruzələr dinlənilib.
AMEA İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayevaya tapşırılıb ki, elmi müəssisə və təşkilatlarda veb-qrupların yaradılmasının təşkili ilə bağlı məsələlər yerlərdə müzakirə edilib bir daha dəqiqləşdirilsin və ictimaiyyətlə əlaqələrə məsul şəxslər bu barədə məlumatlandırılsın.
Həmçinin elmi müəssisə və təşkilatlarda hər il veb-saytların moritorinqinin aparılması qərara alınıb.
X.Rzazadə,
Cİ-nin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı