20 yanvar şəhidlərinin anım tədbiri 2016-01-19 13:00:00 / MÜHÜM HADİSƏLƏR

H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

İlk öncə xalqımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Ramiz Məmmədov Azərbaycanın öz müstəqilliyini şəhidlərin qanı bahasına əldə etdiyini qeyd edib, anım tədbirlərinin keçirilməsinin əhəmiyyətindən və vacibliyindən danışıb. O bildirib ki, 1990-cı il hadisəsi nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli qürurunu qıra bilməyib.

20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirən İnstitut Həmkarlar İttifaqının sədri, c.ü.f.d. Habil Haqverdiyev xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını vurğulayıb.

İnstitutun əməkdaşı Həlimə Əhmədzadə video kadrların nümayişi ilə 26 il əvvəl Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən birinə, eyni zamanda qəhrəmanlıq salnaməsinə çevrilən Ümumxalq Hüzn Günündən söz açıb. O həmçinin, həmin dövrdə Azadlıq hərəkatınıda yaxından iştirak edən Coğrafiya İnstitutu əməkdaşlarının fəaliyyətini də xüsusi qeyd edib.

Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olan, Meydan hərəkatının önçüsü,  hazırda  Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d. Ənvər Əliyev şahidi olduğu hadisələrdən,  20 Yanvar faciəsini yetişdirən mühitdən, 1989-cu illəri əhatə edən mitinqlər, nümayişlərin başlama səbəblərindən, nəticələrindən, ona olan münasibətdən qısaca danışıb və ictimaiyyətə bəlli olan və olmayan mindən çox dövlət və digər maraqlı sənədləri “Meydan sirləri” adlı yazdığı kitabına daxil etdiyini vurğulayıb. 

X.Rzazadə,

Cİ-nin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı