Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının bu günkü elmi seminarı ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuşdu.
İclasa sədrlik edən GAMŞ-ın sədri, c.ü.f.d. Samirə Ələkbərova “H.Ə.Əliyev zirvəsi” adlı məruzə ilə çıxış etdi, Heydər Əliyevin elmə, alimə, təhsilə verdiyi yüksək dəyərdən, gənclərə göstərdiyi qayğıdan danışdı. S.Ələkbərova bildirdi ki, rəhbərin xatirəsinə olan məhəbbət daim ürəklərdə yaşayır və Azərbaycan gəncləri onun davamçıları olaraq yolunu həmişə davam etdirəcəklər.
Sonra institut əməkdaşı, e.i. Həlimə Əhmədzadənin “Elm yolunda H.Ə.Əliyev qayğısı” adlı məruzəsi dinlənildi. Məruzəçi Ulu Öndərin fəaliyyətində elmi fikrin ən yeni nailiyyətlərindən faydalandığından, elm sahələrində mövcud olan aktual məsələlərin həllində yüksək peşəkarlıq göstərməsindən söhbət açdı.
“Əhali coğrafiyası” şöbəsinink.e.i. Xalidə Həsənova “Müstəqillik əbədidir” adlı təqdimat məruzəsi ilə çıxış etdi, Heydər Əliyevin ana dilinin inkişafı sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən danışdı. Onun milli kadr, eləcə də nadir ixtisaslar üzrə mütəxəssis potensialının yaradılmasındakı əvəzolunmaz rolundan söhbət açdı.
Sonra Şura sədri S.Ələkbərova İnstitutun Coğrafi fikir tarixi şöbəsinin elmi işçisi Natəvan Cəfərovanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması, eləcə də Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin aparıcı elmi işçisi Zaur İmraninin elmi məqaləsinin Hindistanın impakt faktorlu jurnalında dərc olunması barədə məlumat verdi və onları elmdə qazandıqları bu nailiyyətlərə görə təbrik etdi. Tədbir iştirakçıları da bu təbriklərə qoşularaq gənc alimlərə gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzu etdilər.