Bu gün AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası İdarə Heyətinin növbəti iclası keçirildi.
Şuranın sədri c.ü.f.d. Samirə Ələkbərova İnstitutun doktorant və dissertantlarının, eləcə də digər universitetlərin Coğrafiya fakültələrinin doktorant, magistr və bakalavrlarının elmə marağının artırılmasının, onların stimullaşdırılmasının aktuallığını və vacibliyini qeyd etdi. Bununla yanaşı iclasda ali və orta elmi təhsil müəssisələrində istedadlı gənclərin aşkar edilməsi, perspektivli məktəbli, tələbə və magistrlərin müəyyənləşdirilməsi, onların xarici dil bilgilərinin artırılması, həmçinin gələcək peşə seçimlərində onlara yardım edilməsi məqsədilə “Açıq qapı” günlərinin təşkili müzakirə olundu. Gənc tədqiqatçıların yeni kompyuter texnologiyalarına marağının artırılması, gənc mütəxəssislərə müasir CİS mühitində müxtəlif xəritələrin tərtib olunma qaydalarının, kosmik şəkillərin deşifrləməsinə dair informasiyaların verilməsinin təşkili məsələlərinin həlli yolları təhlil edildi. İclasda həmçinin Şuranın 2015-ci il üçün fəaliyyət planı da müzakirə olundu.
Gənc Alim və Mütəxəssislər Şurası İdarə Heyətinin tərkibi 11 nəfərdən ibarət olmaqla, aşağıdakı tərkibdə yenidən müəyyənləşdirildi:
Sədr – c.ü.f.d. Ələkbərova Samirə Oqtay qızı, müavinlər – Əmənov Rauf Rizvan oğlu və Qasımov Zaur Aydın oğlu, üzvlər – c.ü.f.d. İmrani Zaur Tahir oğlu, c.ü.f.d. Ağakişiyeva Günəş Rafiq qızı, c.ü.f.d. Cəfərova Natavan Ramiz qızı, Hacıyeva Gülnar Nuru qızı, Abuşova Samirə Nəsib qızı, Hüseynova Xədicəxanım Teymur qızı, İsmayılova Gülnar Rəsul qızı, Aslanova Aidə Ramiz qızı.