Coğrafiya İnstitutunun əməkdaşları Almaniyada DAAD dəstəyi ilə keçirilən beynəlxalq “SDG-ESS Caucasus” proqramında iştirak ediblər 2026-05-19 12:00:00 / MÜHÜM HADİSƏLƏR

13–17 may 2026-cı il tarixlərində Almaniyanın Justus Liebig University Giessen (JLU) universitetində DAAD (German Academic Exchange Service) dəstəyi ilə həyata keçirilən beynəlxalq “SDG-ESS Caucasus” layihəsinin Kick-off Meeting tədbiri keçirilib.

Layihə Cənubi Qafqaz regionunda dayanıqlı inkişaf məqsədlərinə uyğun regional transformasiya, iqlim dəyişiklikləri, ətraf mühitin idarə olunması, regional inkişaf və coğrafi tədqiqatlar sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Proqram Almaniya, Azərbaycan və Gürcüstan arasında ortaq elmi platformanın formalaşdırılması, birgə tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və gələcək əməkdaşlıq mexanizmlərinin hazırlanmasına yönəlib.

Qeyd edək ki, DAAD dünyanın ən nüfuzlu akademik mübadilə və beynəlxalq elmi əməkdaşlıq proqramlarından biri hesab olunur. Yüksək akademik rəqabət və ciddi seçim mərhələləri ilə seçilən belə bir beynəlxalq qrant layihəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun tərəfdaş institut kimi iştirak etməsi ölkəmizin elmi potensialının və institutun beynəlxalq akademik nüfuzunun mühüm göstəricisidir.

Beynəlxalq proqramda Coğrafiya İnstitutunun direktoru, c.e.d. Zaur İmrani, elmi katib, c.ü.f.d. Səidə Zeynalova, Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektoru müdiri Sərxan Cəfərov, Turizm və rekreasiya coğrafiyası laboratoriyasının laborantı Şəms İmrani, Data və Analitika Ofisinin baş mütəxəssisi Nazim Gəraylı və mütəxəssisi Fərid Qədirli,  institutun doktorantları Gülər Hidayətli və Yusif Hidayətli, həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, t.ü.f.d. Bahadur Bilalov iştirak ediblər.

Tədbirin açılış hissəsində Coğrafiya İnstitutunun direktoru, c.e.d. Zaur İmrani beynəlxalq layihənin əhəmiyyəti, regional elmi əməkdaşlıq imkanları və dayanıqlı inkişaf istiqamətində birgə fəaliyyətlərin vacibliyi barədə çıxış edib.

Konfrans çərçivəsində institut əməkdaşları tərəfindən iqlim dəyişiklikləri, regional davamlı inkişaf, turizm coğrafiyası, landşaft planlaşdırılması, torpaq idarəçiliyi, regional ekoloji problemlər, ekoloji risklər istiqamətində elmi məruzələr təqdim olunub. c.ü.f.d. Səidə Zeynalova “Şəki–Zaqatala regionunda təbii landşaftların antropogen transformasiyası və ekoloji risklərin qiymətləndirilməsi”, Sərxan Cəfərov “Şimal-qərb Azərbaycanda iqlim dəyişiklikləri, turizm və regional dayanıqlılıq”, Fərid Qədirli “İqlim dəyişiklikləri və torpaq idarəçiliyinin ekoloji indikatorlar əsasında qiymətləndirilməsi”, Şəms İmrani “Azərbaycanda kənd turizminin regional davamlı inkişafa təsir mexanizmləri”, Nazim Gəraylı isə “Zaqatala–Balakən regionunun turizm və landşaft planlaşdırılması”, Gülər Hidayətli “Şəki–Zaqatala regionunun xüsusi mühafizə olunan ərazilərində təbii turizm ehtiyatları”, Yusif Hidayətli “Dayanıqlı inkişaf məqsədləri və regional inkişaf: Azərbaycanda çağırışlar, prioritetlər və tədqiqat imkanları”, t.ü.f.d. Bahadur Bilalov “Azərbaycanda dayanıqlı inkişaf transformasiyası üçün coğrafiya təhsili: kurikulum mühiti, innovasiya ehtiyacları və müqayisəli tədqiqat potensialı” mövzularında çıxış etmişlər.

Proqram çərçivəsində iştirakçılar Almaniyanın Grube Fortuna mədən kompleksində təşkil olunan sahə tədqiqatlarında iştirak edərək landşaft transformasiyası, mədən irsi, regional inkişaf və davamlı turizm istiqamətində praktiki müzakirələr aparıblar. Bununla yanaşı, tədbir çərçivəsində dayanıqlı inkişaf məqsədləri üzrə tematik əməkdaşlıq qrupları yaradılıb, birgə elmi tədqiqat istiqamətləri müəyyənləşdirilib və gələcək fəaliyyət planı hazırlanıb.

Coğrafiya İnstitutunun belə nüfuzlu beynəlxalq qrant layihəsində tərəfdaş qurum kimi iştirakı institutun beynəlxalq elmi əlaqələrinin genişlənməsi, Azərbaycan elminin qlobal akademik platformalarda daha fəal təmsil olunması və region üzrə dayanıqlı inkişaf istiqamətində aparılan elmi tədqiqatların beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.