
15 May Beynəlxalq İqlim Günüdür
Hər il may ayının 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı prosesində iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir. Respublikamız 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı Sessiyası (COP26) zamanı rəsmi olaraq qlobal iqlim dəyişmələrinə təsirini azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq 2050-ci ilə qədər atmosferə atılan istixana qazlarının miqdarını 40 faiz azaldılmanı hədəf kimi götürüb.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bu günlərdə keçirilən Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı qeyd edib ki, “2025-ci ildə ölkə üzrə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ölkə üzrə ən yüksək orta temperatur 2021-ci ildə 16,2 dərəcə qeydə alınıb”. M. Babayev daha sonra bildirib ki, ölkədə isti hava dalğaları da tez-tez baş verir və daha uzun davam edir.
Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu PHŞ-nin iqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev XQ-yə mövzu ilə bağlı açıqlamasında bildirib ki, iqlim dəyişmələrinin tədqiqi müasir iqlimşünaslığın çox vacib və aktual problemlərindən biridir. Onun tədqiqi və araşdırılması Yer kürəsinin hər bir yerində olduğu kimi, respublikamızda da böyük elmi və praktiki əhəmiyyət kəsb edir. Bu dəyişmələri yaradan səbəblər mürəkkəb və müxtəlif olub kompleks təsirə malikdirlər.
İstiləşmənin əsas səbəbi kimi dünyanın əksər ölkələrində antropogen təsir nəticəsində atmosferə atılan istixana qazlarının konsentrasiyasının çoxalması göstərilir. Ölkəmiz 2015-ci ildə BMT çərçivəsində İqlim dəyişmələrinə qarşı mübarizə məqsədilə Paris razılaşmasına qoşulub. 196 ölkənin qoşulduğu bu razılaşmaya görə, atmosferə atılan istixana effekti yaradan qazların miqdarını azaltmaq, qlobal orta temperatur artımının 1,5 dərəcə həddini keçməyə imkan verməmək idi. Ölkəmiz də digər ölkələr kimi öz üzərinə öhdəliklər götürdü və onu müvəffəqiyyətlə yerinə yetirməyə başlayıb.
COP29-un Azərbaycanda keçirilməsi də bir daha göstərdi ki, ölkəmiz bu məsələyə çox ciddi yanaşır. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu öhdəlikləri bütün ölkələr yerinə yetirməlidir, əks təqdirdə müsbət nəticə əldə etmək mümkün olmayacaqdır, çünki hava sərhəd tanımır. Təbii səbəblərin rolunu da yaddan çıxarmamalıyıq. Hələ 2019-cu ildə Beynəlxalq World Weather Attribution qrupunun alimləri qeyd etmişdilər ki, ekstremal isti hava dalğalarının təkrarlanması ötən 100 ilə nisbətən on dəfədən artıq çoxalıb. Onların məlumatına görə yüz il əvvəl müşahidə olunan isti hava dalğaları zamanı havanın temperaturu indikinə nisbətən 4 dərəcə selsi aşağı olub.
2026-cı il mart-aprel aylarında Bakıda və Azərbaycanın bir sıra regionlarında baş verən anomal hadisələr – subasma, kütləvi sel axınları və digər təhlükəli təbiət hadisələri də iqlim dəyişmələri ilə sıx bağlıdır. Mart ayınin sonunda Xəzər dənizinin şimal-şərqində, troposferin orta təbəqələrində yaranan və rütubətlə ifrat doymuş yüksəklik siklonu nəinki dənizin, hətta ölkənin böyük ərazisini əhatə edərək normadan bir neçə dəfə çox yağıntı düşməsinə səbəb olmuş, şəhər ərazisində subasma ilə bağlı problemlərin yaranmasına gətirib çıxarmışdır. Belə proseslər nadir hallarda baş verir, adətən Azərbaycandan şimal-şərqdə, xüsusilə də Qərbi Sibir və Qazaxıstan üzərində antisiklon yaranır, Cənubi Qafqaz ərazisində siklonik fəaliyyətin güclənməsı ılə hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi baş verir, amma bu müdaxilə nəticəsində havanın temperaturu aşağı düşür, yağıntının miqdarı isə çox olmur. Bu qeyri-adi təbiət hadisəsini iqlim dəyişmələri ilə əlaqələndirmək olar. Aprel ayının 4-dən başlayan proses isə ölkə ərazisinə daxil olan Cənub siklonlarıı ilə bağlıdır. Skandinaviya yarımadasından Aralıq dənizinin mərkəzi hissəsinə qədər uzanan yüksək təzyiq çökəkliyinin arxası ilə müdaxilə edən soyuq hava kütlələrı burada siklonların yaranma prosesini intensivləşib. Növbəti mərhələdə bu siklon şərq və şimal-şərq istiqamətdə Cənubi Qafqaz ölkələrinə doğru hərəkət etmiş və çoxlu miqdarda yağış və qar yağmasına səbəb olub.
Mütəxəssisin fikrincə, iqlim dəyişmələri Azərbaycan ərazisində təbii-dağıdıcı hadisələrin (sel, daşqın, dolu və s.) təkrarlanmasinin çoxalması ilə, sirkulyasiya şəraitinin, hakim kuləklərin gücünün və istiqamətinin dəyişməsi, meridional proseslərin güclənməsi, cənub siklonlarının respublika ərazisinə müdaxiləsinin artması, her yerdə – istər düzənlik, istərsə də dağlıq ərazilərdə havanın temperaturunun artmasi, yağıntı miqdarının azalması, su probleminin yaranması ilə müşaiyət olunur. Apardığımız tədqiqatlar göstərdi ki, Azərbaycanda baş verən bu dəyişikliklər bilavasitə Günəş fəallığının artması ilə sıx bağlıdır. Hazırki dövrdə 25-ci 11 illik Günəş siklində (2019-2030-cu illər) günəş fəallığı daha intensivləşib və ölkədə böyük dəyişkənliyə gətirib çıxaran meridional proseslərin təkrarlanmasına və nəticədə, təbii-dağıdıcı hadisələrin artmasına səbəb olub.
Həsən Nəbiyevin fikrincə, yay aylarında daha çox müşahidə olunan meridional sirkulyasiya tipləri zamanı şimal yarımkürəsinin qütbətrafi rayonlarında yaranan antisiklonlar cənuba doğru hərəkət edir, subtropik antisiklonun yalı ilə birləşir və yaranan yüksək təzyiq qurşağı Atlantik okeanı tərəfdən gələn qərb hava axınlarının qarşısını kəsir. Şərqi Avropa və Sibir üzərində yaranan antisiklonların yalları isə Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə doğru yönəlir, burada dayanıqlı hava şəraiti yaranır və havanın temperaturunun artmasına səbəb olur.
Digər siklon isə Qərbi Sibir üzərində yerləşir və geniş bir ərazini əhatə edir. Mərkəzi və Şərqi Avropa üzərində isə subtropik antisiklonun şimala doğru yönəlmiş yüksək təzyiq yalı yerləşir. Troposferin orta təbəqələrində barik sistemlərin bu cür yerləşməsi onun aşağı təbəqələrində Avropanın cənubunda, Şimali Qafqazda Azor antisiklonu nüvəsinin inkişaf etməsinə, bəzən Azərbaycan ərazisinə qədər yayılmasına, Qafqaz üzərində zonal sirkulyasiyanın pozulmasına, meridionallığın artmasına gətirib çıxarır. Bu səbəbdən tədqiq olunan ərazidə havanın transformasiyası baş verir, nisbi və mütləq rütubətlik azalır, quraqlıq, yüksək temperatur üçün şərait yaranır.