
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında şair-publisist, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Musa Urudun müəllifi olduğu “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Musa Urud bildirib ki, nəşr Azərbaycanın qədim mədəniyyət və dövlətçilik ocaqlarından biri hesab olunan Qərbi Zəngəzur bölgəsinin yer adlarının kompleks və sistemli şəkildə araşdırılmasına həsr olunub. Onun sözlərinə görə, kitabda qədim dövrlərdən müasir dövrə qədər müxtəlif tarixi mənbələr, arxiv sənədləri, kameral təsvirlər, elmi ədəbiyyat və xəritələr, eləcə də yerli sakinlərin məlumatları əsasında bölgənin toponimlərinin tarixi, etimologiyası və mədəni-etnoqrafik xüsusiyyətləri tədqiq edilib. Müəllif qeyd edib ki, nəşrdə eyni zamanda XX əsrin 30-cu illərindən etibarən Ermənistanda toponimlərin məqsədli şəkildə dəyişdirilərək erməniləşdirilməsi prosesinin xronologiyası da təqdim olunur.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında vurğulayıb ki, bu cür nəşrlər Azərbaycan dilinin və elmi terminologiyasının zənginləşdirilməsi, eləcə də milli tariximizin və toponimik irsimizin sistemli şəkildə araşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani çıxış edərək kitabın elmi əhəmiyyətindən geniş bəhs edib. O bildirib ki, “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” təkcə toponimlərin izahını verən nəşr deyil, eyni zamanda bölgənin tarixi coğrafiyasını, etno-mədəni mühitini və məskunlaşma tarixini əks etdirən mühüm elmi mənbədir. Onun sözlərinə görə, kitabda toplanmış materiallar müxtəlif tarixi dövrlərə aid mənbələrə əsaslanır və bu baxımdan tədqiqatçılar üçün etibarlı ensiklopedik baza rolunu oynayır.
Zaur İmrani qeyd edib ki, nəşrdə yer alan toponimlər mənşəyinə, semantik məzmununa, tarixi və coğrafi xüsusiyyətlərinə görə sistemli şəkildə təhlil edilib. Bu isə bölgənin qədim yaşayış məntəqələri, onların formalaşma tarixi və adlarının mənşəyi barədə qiymətli məlumatlar əldə etməyə imkan verir. Kitabda istifadə olunan arxiv materialları və xüsusilə 1903-cü ilə aid Zəngəzur xəritəsi bölgənin tarixi-coğrafi mənzərəsini daha aydın şəkildə göstərir. Həmin xəritə regionun qədim inzibati bölgüsü, yaşayış məntəqələrinin yerləşməsi və Azərbaycan toponimlərinin geniş yayılması barədə mühüm faktoloji məlumatlar təqdim edir. Alimin sözlərinə görə, bu kimi mənbələr Zəngəzurun Azərbaycanın tarixi coğrafi məkanının ayrılmaz hissəsi olduğunu göstərən mühüm elmi sübutlar kimi böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, 316 səhifəlik nəşrin elmi redaktoru İsa Həbibbəyli, rəyçiləri siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır. Kitab Musa Urudun Zəngəzurun tarixinə həsr etdiyi yeddinci tədqiqat əsəridir. Nəşr bölgənin tarixi, toponimiyası və mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.