
Qazaxıstan Respublikasında “Aqrar sektorda və resursların idarə olunmasında süni intellekt” mövzusuna həsr olunmuş, 20-dən çox ölkənin universitetlərini birləşdirən Beynəlxalq Qış Məktəbi keçirilib. Beynəlxalq elmi platforma aqrar sahədə innovativ texnologiyaların, xüsusilə süni intellekt əsaslı həllərin tətbiqi və resursların səmərəli idarə olunması istiqamətində aktual məsələlərin müzakirəsinə həsr edilib.
Tədbir M. Auezov adına Cənubi Qazaxıstan Universiteti tərəfindən təşkil olunub.
Azərbaycanı tədbirdə AR ETN Coğrafiya İnstitutunun baş elmi işçisi a.e.d Mustafa Mustafayev təmsil edib. Alim “Aqrar sektorda Süni İntellekt və Resursların İdarə Edilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə süni intellekt alqoritmlərinin torpaq və su resurslarının monitorinqində, məhsuldarlığın proqnozlaşdırılmasında, iqlim dəyişikliklərinin təsirlərinin qiymətləndirilməsində və qərar qəbuletmə prosesində rolu geniş şəkildə təhlil olunub.
Alimin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Qeyd edilib ki, aqrar sektorda süni intellekt texnologiyalarının tətbiqi resurslardan daha səmərəli istifadə, xərclərin azaldılması və dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq Qış Məktəbinin yekununda a.e.d. Mustafa Mustafayevə elmi məruzəçi kimi fəal iştirakına görə sertifikat təqdim olunub. Bu uğur Azərbaycan elminin beynəlxalq elmi platformalarda artan nüfuzunun və aqrar sahədə innovativ tədqiqatların inkişafının göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, Qış Məktəbində müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar və doktorantlar iştirak edərək aqrar sahədə rəqəmsal transformasiya, ağıllı kənd təsərrüfatı sistemləri, iqlim risklərinin modelləşdirilməsi və data əsaslı idarəetmə mövzularında məruzələrlə çıxış ediblər.