AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və İnstitutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov noyabrın 6-dan 7-dək Afina şəhərində keçirilən İqlim Dəyişmələri üzrə tematik forumda iştirak etmişlər.
Görüş FP7-yə müvafiq Avropa Birliyi üzvləri ilə Şərq Əməkdaşlığı (EaP) ölkələri arasında ikitərəfli siyasət dialoqunu nəzərdə tutan və AB tərəfindən maliyyələşdirilən IncoNet EaP Layihəsi çərçivəsində təşkil olunmuşdur. Forumda AFR, Belçika, Niderland, Avstriya, Polşa, Estoniya, Belarus, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistandan seçilmiş 18 alim iştirak edirdi.
Tədbirdə Qərbi və Şərqi Avropa regionları üçün İqlim Dəyişiklikləri üzrə gələcək prioritet fəaliyyətlər müəyyənləşdirilmiş və H2020 Horison layihəsinə daxil edilmək üçün təqdim edilmişdir. Forum fikir mübadiləsi üzərində qurulmuş və intensiv müzakirələr şəraitində keçmişdir. Akademik Ramiz Məmmədov “İqlim dəyişmələrinin Xəzər və Qara dəniz sahili zonası ekosistemlərinə təsirinin fənlərarası analizi”, Rövşən Kərimov isə “Karbon tullantılarının azaldılmasına və smart texnologiyaya əsaslanan yaşıl istehsal” adlı mövzu ilə çıxış etmişlər. Həmin mövzular H2020 Horison layihəsinə göndəriləcək təkliflər sırasına daxil edilmişdir.