AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Mövlud Teymurovun akademik Qərib Məmmədovla əsas həmmüəllif olduğu “Climate Change Effects on Soil Fertility and Moisture in the Nakhchivanchay River Basin, Azerbaijan” adlı məqaləsi Scopus Q1 bazasında indeksləşən “International Journal of Agriculture and Biosciences” jurnalında çap olunub.
Məqalə iqlim dəyişiklikləri və insan fəaliyyətinin təsiri altında torpaqların münbitliyinin və rütubətlik səviyyəsinin qiymətləndirilməsinə həsr olunub. Bildirilir ki, hazırda baş verən iqlim dəyişiklikləri və şaxələnən insan fəaliyyəti çox zaman təbiətdə mənfi təzahürlər buraxır. Nəticədə, mövcud ekosistem dayanıqlığını itirir, vital təbii sərvətlər (su, torpaq, biokütlə) sürətlə tükənir.
Məlumdur ki, təbiətdə bütün komponentlər arasında ciddi qanunauyğunluqlar var və ekosistemin mövcudluğu bilavasitə onlar arasındakı əlaqələrdən asılıdır. Müasir elmi nailiyyətlər və texnologiyalar komponentlərin ekosistemə təsirini daha dərindən və əlaqələndirilmiş şəkildə qiymətləndirməyə imkan verir. Komponentlərarası əlaqələrin pozulması nəticəsində ekosistem dayanıqlığını itirdiyi kimi, vaxtında edilmiş elmi müdaxilə nəticəsində komponentlərin bərpası yolu ilə sağlamlaşdırılması da mümkündür. Hazırda bu ideya dünyanın aparıcı təşkilatları (FAO, UNESCO, Aİ, USDA, NASA və s.) tərəfindən dəstəklənir, arid regionlarda vital ehtiyatların məhz bu prinsiplər əsasında qiymətləndirilməsi tövsiyə olunur.
Dünyada mövcud tendensiyanı və Azərbaycan üçün zərurəti nəzərə alaraq müəlliflər tərəfindən yeni kompleks və sinergistik yanaşma mexanizmi təklif olunub. Tədqiqat prosesində alınan elmi nəticələr 4 qat sinerji üstünlükləri hesabına əldə edilib:
1) Səth örtüyünə kompleks amillərin təsirini nəzərə almaqla;
2)Dünyada aparıcı metodların daxili modifikasıyası, sintezi və hibridləşdirilməsi hesabına;
3) Bir neçə elm sahəsinin inteqrasiyası hesabına;
4) GİS-də çoxfunksiyalı hesablama, müqayisə və ehtimal proqramlarının birgə tətbiqi yolu ilə.
Tədqiqat nəticəsində bir sıra mühüm elmi yeniliklər əldə edilib:
1) İqlim amillərinin və torpaq-bitki örtüyünün dəyişilməsi arasındakı münasibətləri konkret rəqəm ifadəsində vermək mümkün olub. Orta temperaturun təxminən 0,19-0,22 °C artması, yağıntıların 16-18 mm və rütubət əmsalının 0,018-0,021 azalması fonunda torpaqların faktiki rütubətliyi təxminən 4,95-5,35 mm azalır, yüksək deqradasiyaya uğramış torpaqların sahəsi 2,85-3,05% artır, sıx bitki örtüyünün sahəsi isə 1,75-1,95% azalır.
2) İqlim parametrlərinin böhran hədləri müəyyən edilib.
Tədqiqatlar göstərir ki, iqlim parametrlərinin müəyyən kəmiyyətlərinə qədər deqredasiya prosesində nisbətən stabil dəyişmələr müşahidə olunur. Lakin müəyyən hədlərdən sonra torpaqların münbitliyi çox sürətlə azalır. Orta temperaturun ≥13,8°C, yağıntının ≤310 mm və rütubət əmsalının ≤0,325 kəmiyyətləri kritik iqlim hədləri müəyyən edilmişdir.
3) Ərazinin quraqlaşma dərəcəsinin və torpaqlarda su itkisinin hesablanması.
1999-2024-cü illərdə hava və torpağın maksimum rütubət tutumunun artması nəticəsində Naxçıvançay hövzəsində 145,35 milyon m3 su həcmində quraqlaşma müşahidə edilib. Torpaqların faktiki rütubətliyi hər hektara təxminən 26,3 mm azalmışdır ki, bu da ümumilikdə illik 42,7 mln.m3 həcmində su itkisi deməkdir. Nəticədə, münbit torpaqların sahəsi (14,6%) və bitki örtüyünün sıxlığı (15,8%) azalmış, yüksək deqredasiyalı torpaqların sahəsi isə (20,3%) yüksəlib.
4) Torpaqlarda rütubət balansının gözlənilməsi və buna adekvat insan fəaliyyətinin seçilməsi yolu ilə iqlim amillərinin mənfi təsirlərini yumşaltmaq və aradan qaldırılmaq mümkündür.
Məsələn, Naxçıvançayın aşağı axınları hövzənin ən isti və quraq hissəsi olsa da, digər hissələrdən fərqli olaraq, burada 1999-2024-cü illərdə həyata keçirilən şəhərləşmə, həyətyanı bağ və əkinlərin salınması, su anbarlarının tikintisi, yaşıllaşdırma və digər uğurlu tədbirlər torpaqların rütubət səviyyəsinin artması ilə nəticələnib. Mənfi iqlim təsirləri ilə 1999-cu il illə müqayisədə 2024-cü ildə burada torpaqların faktiki sututumu 21,2% azalmalı olduğu halda, müsbət antropogen təsirlər nəticəsində +42,2% artmışdır. Bu trend hər hektara təxminən 7520 m3 əlavə su kütləsi qazandırmış və deqredasiya prosesində mülayimləşdirici rol oynayıb.
Mövlud Teymurovun sözlərinə görə tədqiqat prosesində əldə edilən nəticələrin nəzərə alınması torpaq örtüyünə təbii və antropogen təsirlərin dəqiqləşdirilməsi, torpaqlarda su dövranının bərpası, səhralaşma və pedoloji quraqlıqla mübarizə, yerli şəraitə uyğun yaşıllaşdırma, selektiv və regenerativ kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsi baxımından effektiv rol oynaya bilər.