Cİ əməkdaşları “Caspian Sea Tipping Point” konfransında iştirak ediblər 2025-10-07 14:34:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyi akademik H. Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı IDEA və CASPISNET təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində təşkil olunmuş “Caspian Sea Tipping Point” (Xəzər dənizi son nöqtə) adlı Beynəlxalq konfransda iştirak edib.

Aidiyyəti üzrə bir sıra nüfuzlu təşkilatların nümayəndələrinin iştirakı ilə iki gün davam edən konfransda Xəzər dənizinin səviyyə tərəddüdündə iqlim dəyişməsi amili və dənizin biomüxtəlifliyi, hidroloji və geomorfoloji proseslərin Xəzər dənizinin inkişaf dinamikasına təsiri, xüsusilə də Suiti ailələrinin vəziyyəti kimi mühüm və müxtəlif məsələlər müzakirə olunub.

 Coğrafiya İnstitutun baş direktoru v.i.e., c.ü.f.d., dos. Z.T.İmrani “Dayanıqlı inkişafda Xəzər dənizinin sahilboyu regionlarının iqtisadi-coğrafi paradiqması” mövzusunda maraqlı məruzə edərək dəniz sahili boyunca yerləşən şəhərlər, onların məhsul istehsalı və ölkənin iqtisadi rayonları üzrə istehsal sahələrinin klasterləşdirilməsi barədə geniş məlumat verib.

İnteraktiv şəkildə təşkil olunmuş rəsmi görüşün sonunda regional yol xəritəsinin başladılması, nəticələrin sintezi və çoxşaxəli vasitəçilik məsələləri müzakirə edilib, əsas nəticə olaraq açar fikirlərin əldə edilməsi üçün diskussiyalar aparılıb,  gələcək addımlar üçün potensial yollar dəyərləndirilib.

Alınmış nəticələr növbəti illərdə Xəzər dənizinin səviyyə tərəddüdləri, dənizin ekosisteminin öyrənilməsi və qorunması istiqamətində böyük rol oynamaqla öz tövhəsini verəcək.

 

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025