Polşanın Krakov şəhərində avqustun 18-dən 22-dək “Dəyişkənlik və davamlılıq” mövzusunda regional elmi konfrans keçirilib.
Tədbirdə Coğrafiya İnstitutunun əməkdaşları – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və coğrafiya üzrə fəlsəfə doktoru, dosent İrina Kuçinskaya iştirak ediblər. Beynəlxalq Coğrafiya İttifaqının təşkil etdiyi konfransa Avropa, Asiya, Amerika və Afrikanın 1000-dən artıq alim-mütəxəssisi qatılıb.
Konfransın keçirilməsində məqsəd yerli, regional və qlobal səviyyələrdə sahələrarası coğrafiya məsələlərinin həlli üçün forumun təşkil edilməsi olub. Forumun nəticələri ətraf mühitdə baş verən qlobal dəyişmələr şəraitində davamlı inkişaf yollarının müəyyən edilməsinə və yaranan risklərə effektiv cavabların verilməsinə yönəlmişdir.
Regional konfrans Polşa Prezidenti Bronislav Komorovskinin fəxri himayəsi altında təşkil olunub. Konfransın Fəxri komitəsi Beynəlxalq Coğrafiya İttifaqının prezidenti, prof. V.Kolocovdan, Polşa Elmlər Akademiyasının prezidenti, prof. Mixal Klyaberdən, Krakov şəhərinin meri, prof. Yatsek Mayxrovskiy və Krakov Yagellon Universitetinin rektoru, prof. Voytsex Novakdan ibarət olub.
Konfransın işi müzakirə olunan problemlərin müxtəlifliyinə görə 40-dan çox sessiya və sərgilərdə aparılıb.
“Torpaqların istifadəsi və torpaq örtüyünün dəyişiklikləri” sessiyasında E.Əlizadənin “Azərbaycanda geomorfoloji risk” (R.Məmmədov, E.Əlizadə) və İ.Kuçinskayanın “Dağ sistemlərinin ekolandşaft-rekreasiya potensialı” (Böyük Qafqazın Azərbaycan hissəsi timsalında) (İ.Kuçinskaya, S.Quluyeva) mövzusundakı məruzələri Yaponiya, Bolqarıstan, Rusiya, İngiltərə, Almaniya və s. ölkələrin mütəxəssıslərinin böyük marağına səbəb oldu.
Beynəlxalq Coğrafiya İttifaqının növbəti regional konfransı 2015-ci ildə Moskvada baş tutacaq.