Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda biomüxtəlifliyin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma məqsədilə yerli potensialın artırılması və regional əməkdaşlığın gücləndirilməsi” Layihəsi çərçivəsində ikitərəfli Azərbaycan- Gürcüstan görüşü keçirilmişdir.
Bakıda keçirilən görüş İqlim dəyişmələrinə uyğunlaşma üzrə Transsərhəd Fəaliyyət planının hazırlanmasına həsr olunmuşdur. Görüşü giriş sözü ilə açan Layihənin İcra komitəsinin sədri, AMEA Coğrafiya İnstitutunun direktoru akademik R. Məmmədov Layihənin hər iki ölkə üçün əhəmiyyətindən danışdı və qeyd etdi ki, müzakirə olunan fəaliyyət planının yüksək keyfiyyətlə işlənilməsi və həyata keçirilməsi biomüxtəlifliyin qorunması və kənd təsərrüfatının inkişafı üçün zəruridir. Layihə çərçivəsində görülən işlərdən bəhs edən Milli koordinator, AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri İ.Mustafayev Azərbaycan-Gürcüstan sərhəd zonasında iqlim dəyişmələrinin təsirindən danışdı və birgə fəaliyyətin zəruriliyini qeyd etdi. Gürcüstanlı ekspert T. Baqratia Fəaliyyət Planının ilkin versiyasını görüş iştirakçılarının nəzərinə çatdırdı.
İkitərəfli müzakirələr nəticəsində Planın təkmilləşdirilməsi sahəsində dəyərli tövsiyələr irəli sürüldü. Fəaliyyət Planının bu ilin sentyabr ayında hər 2 ölkənin əlaqədar təşkilatlarına təqdim olunması qərara alındı.