2014-cü il, mayın 12-14 tarixlərində Kazaxıstanın Almatı şəhərində “Turizm, ölkəşünaslıq və ekologiyanın coğrafi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Abay adına Kazaxıstan Milli Pedaqoji Universitetinin təşkilatçılığı iıə keçırılən konfransda ölkəmizi AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ramiz Məmmədov təmsil etmişdir. R.Məmmədov “Azərbaycanda turizmin inkişafında milli parkların rolu” mövzusunda məruzə ilə çıxış etmiş, iştirakçıları maraqlandıran suallara cavablar vermişdir.
Tədbirdə Azərbaycan və Qazaxıstanla yanaşı Almaniya, Özbəkistan, Belçika, Ukrayna, Rusiya, Macarıstan və s. ölkələrdən gəlmiş alimlər də iştirak edirdilər.
Konfransa təqdim olunmuş əsərlər içərisində Coğrafiya İnstitutunun əməkdaşları – coğrafiya üzrə elmlər doktoru Zakir Eminovun həmmüəllif olduğu “Azərbaycan Respublikasının həmsərhəd ərazilərinin sosial-iqtisadi inkişafı problemləri”, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmraninin həmmüəllif olduğu “Azərbaycan Resbublikasında müalicə-sağlamlıq turizmi”, coğrafiya üzrə fəlsəfə doktorları Nizami Əyyubov və Natella Zəkəriyyəyevanın “Azərbaycanın sərhədyanı ərazilərində təbii-resurs potensialından istifadənin müasir xüsusiyyətləri və problemləri” mövzularında elmi məqalələri də yer almışdır.