Coğrafiyaçılar türk dövlətlərinin konfransında iştirak ediblər 2023-12-13 12:38:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) sədri, c.ü.f.d. Mirnuh İsmayılov və elmi işçi, ACC-nin idarə heyyətinin üzvü Emil Cəbrayılov Özbəkistanın paytaxtı Daşkənddə "Türküstanın türk xalqlarının tarixində rolu" mövzusunda keçirilən konfransda iştirak ediblər.

Konfrans Türk Dövlətləri Təşkilatı, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti və Türk Dövlətlərinin Coğrafiya Şurasının təşkilatçılığı ilə baş tutub. 100-dən artıq aparıcı beynəlxalq ekspert və alim iştirak etdiyi tədbirdə vurğulanıb ki, bu cür konfranslar türk xalqlarının böyük mədəni-tarixi irsinin qorunub saxlanması və təbliğində türkdilli ölkələrin alim və tarixçilərinin səylərini birləşdirməyə xidmət edir.

Konfrans çərçivəsində Türk Dövlətlərinin Coğrafiya Şurasının üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada Mirnuh İsmayılov "Türküstanın türk dünyası coğrafi ərazisində geosiyasi vəziyyəti və müasir problemləri" adlı məruzə ilə çıxış edib.

Dəyirmi masanın iştirakçıları türk dövlətlərinə və xalqlarına məxsus tarixi və təbii abidələrin sıyahısının və coğrafiya terminlərinin uyğunlaşdırılmış lüğətinin hazırlanması, birgə nəşrlərin dərc olunması  və s. məsələləri müzakirə ediblər.

Tədbirin sonunda Mirnuh İsmayılov və Emil Cəbrayılov yerli televiziya kanallarına müsahibələr veriblər.