Dekabrın 8-də SNCMR (Qafqaz Dağ Regionları üzrə Elmi Şəbəkə) və UNEP-in (BMT-nin Ətraf Mühit Proqramının) birgə layihəsi çərçivəsində Milli Təşəbbüs Qrupu tərəfindən Qərbi Kaspi Universitetində Beynəlxalq Dağlar Gününə həsr edilmiş "Dağ Ekosistemlərinin Bərpası" adlı tədbir keçirilib.
Tədbirin təşkilatçıları SNCMR-in Azərbaycan üzrə nümayəndələri - layihənin koordinatoru, t/e.ü.f.d. Fuad Bağırov və eksperti, AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, c.ü.f.d. Natəvan Cəfərovadır.
Tədbirdə elmi, qeyri-hökumət, beynəlxalq təşkilatların, özəl sektorun və icra orqanlarının nümayəndələri, tələbə və məktəblilər iştirak ediblər.
Təşkil edilmiş sərgidə Universitetin Dizayn və Memarlıq Məktəbinin tələbələrinin dağlara həsr olunan foto və rəsmləri nümayiş etdirilib.
Rəsmi hissədə giriş nitqi ilə çıxış edən Milli Təşəbbüs Qrupunun üzvləri Fuad Bağırov və Natəvan Cəfərova, Qərbi Kaspi Universitetinin təsisçisi, professor Hüseyn Bağırov, İsveçrənin ölkəmizdəki səfirliyinin İsveçrə İnkişaf Proqramının layihə rəhbəri Zahir Əhmədov, Dayanıqlı Qafqaz təşkilatının Gürcüstan üzrə sədr müavini Natia Çopliani tədbirin keçirilməsinin tarixi, məqsədi, dağların Azərbaycan təbiətinin formalaşmasındakı rolu, insanların həyatındakı əhəmiyyəti və hazırda dünyada baş verən qlobal istiləşmənin və digər amillərin yaratdığı problemlər və s. haqqında danışıblar. Bildirilib ki, hər il dekabrın 11-də qeyd olunan Beynəlxalq Dağlar Günü 2003-cü ildən etibarən dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılması, dağların mühafizəsi ilə bağlı məlumatlılığın artırılması, dağ mədəniyyətlərinin mühafizəsi üzrə tövsiyələrin müəyyən edilməsi, planetimizin dağlıq rayonlarının inkişafı problemlərinə və həmin ərazilərdə yaşayan əhaliyə kömək göstərilməsinə diqqəti cəlb etmək məqsədi ilə keçirilir.
Tədbirdə həmçinin dağların hazırkı vəziyyəti, mövcud risklər, yeni çağırışlar müzakirə olunub.
Coğrafiya İnstitutunun elmi işçi və Coğrafiya Cəmiyyətinin məsul işçisi Emil Cəbrayılov və "Həyəcan" Qeyri-Hökumət Təşkilatının sədri Əliheydər Məmmədov dağlar haqqında təqdimatla çıxış ediblər. E.Cəbrayılov “Azərbaycanın əzəmətli dağlarını kəşf edək: təbii və tarixi dəyərlər” mövzusunda çıxışı zamanı İsmayıllı dağlarında ekspedisiyada olarkən düşdüyü ekstremal vəziyyətdən danışıb, həvəskar alpinistlərə təcrübəsindən irəli gələn tövsiyələrini edib, ona ünvanlanan sualları cavablandırıb.
Sonra şagirdlər arasında dağlar mövzusunda keçirilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb, iştirakçılara sertifikat təqdim edilib.
Tədbirin sonunda xalq şousu və dağlardan gələn yeməklərin nümayişinə yer ayrılıb.