Coğrafiya olimpiadasına gedəcək komanda üzvlərinin adları məlum olub 2023-06-23 15:14:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 19-cu Beynəlxalq Coğrafiya Olimpiadasında (19th International Geography Olympiad, iGeo) iştirak edəcək Azərbaycan komandası üzvlərinin son seçim turu keçirilib.

Olimpiadaya hazırlıq Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) dəstəyi ilə Təhsildə İnkişaf  və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) hazırlığı” layihəsi çərçivəsində baş tutub.

layihə rəhbəri və iGeo Azərbaycan komandasının rəhbəri Yaşar Seyidəliyev Olimpiada  barədə məlumat verərək qeyd edib ki, sayca 19-cu Beynəlxalq Olimpiada bu il İndoneziyanın Bandunq şəhərində keçiriləcək.  Yarışlara  coğrafiya fənnindən yüksək nəticələri olan 16-19 yaşlı şagirdlərin hazırlığı, həmişə olduğu kimi, 3 mərhələdə keçirilir: yazılı test (written test), multimedia testi (multimedia test) və müşahidə tələb edən, kartoqrafik təsvir və coğrafi təhlilə aparan əhəmiyyətli sahə işi (fieldwork). Proqrama həmçinin komandalar tərəfindən poster təqdimatları, mədəni mübadilələr və şagirdlərin yeni yoldaşlarla tanışlığı, eləcə də ayrılan vaxt ərzində olimpiadaya  ev sahibliyi edən şəhər haqqında məlumatların toplanması daxildir. Y.Seyidəliyev bildirib ki, iki mərhələni uğurla dəf edən 8 iddiaçıdan 4-ünün adı bugünkü sonuncu turu keçdikdən sonra məlum olacaq.

Sonra şagirdlər 10 dəqiqə ərzində  hazırladıqları təqdimatlarla çıxış edib, münsiflərin suallarını cavablandırıblar.

Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov başda olmaqla, İnstitutun əməkdaşları, icraçı direktor, dosent Zaur İmrani, c.ü.f.d. Samirə Abuşova, kiçik elmi işçilər Bəyimxanım Hüseynova və Nazim Gəraylı, Türkiyə iGeo-nun komanda rəhbəri Mesut Süzer, Respublika Fənn Olimpiadalarından Mahir Sərkərli, iGeo hazırlıq dərslərinin ev sahibliyi etdiyi “Fortis Academy”nin direktoru Ramil Hacıyevdən ibarət  münsiflər heyəti məşvərətdən sonra 19-cu Olimpiadada iştirak edəcək şagirdlərin adlarını elan edib.

Tədbirin sonunda baş direktor Z.Eminov  yeni seçilən iGeo 2023 Azərbaycan komandasının  üzvlərini təbrik edib, onlara  öz tövsiyələrini verib və uğurlar arzulayıb.