AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Yasamal rayonu 286 saylı orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın şagirdləri ilə görüş keçirilib.
Ənənəyə uyğun olaraq məktəblilər əvvəlcə AMEA-nın ikinci mərtəbəsində yerləşən sərgidə Coğrafiya İnstitutunun fəaliyyəti ilə tanış olublar. Sonra görüş İnstitutun konfrans zalında davam edib.
Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov qonaqları salamlayaraq İnstitutda elmlə təhsilin vəhdətinə həmişə geniş yer ayrıldığını, əməkdaşların mütəmadi olaraq Bakının müxtəlif rayonlarını əhatə edən orta ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri ilə keçirilən görüşlər və Kiçik Akademiya şagirdləri üçün təşkil edilən praktik məşğələlərin əhəmiyyətindən söhbət açıb. İnstitut rəhbəri, eyni zamanda, müəssisədə aparılan tədqiqat işləri, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələrlə qonaqları tanış edib.
Sonra İnstitutun şöbə müdiri, c.ü.f.d. Solmaz Rzayeva 286 saylı orta məktəbdə fəaliyyət göstərən və rəhbəri olduğu “Kiçik Akademiya”nın fəaliyyəti haqqında iştirakçılara məlumat verdikdən sonra “Azərbaycanın coğrafiyaçı alimləri” adlı təqdimatla çıxış edib.
Daha sonra şöbə müdiri, c.ü.f.d. Habil Haqverdiyev coğrafiyaçı korifey alimlər, coğrafiya elminin digər elmlərlə karelyasiyası haqqında danışıb, böyük elmi işçi, c.ü.f.d. Samirə Abuşova “Dünya şəhərlərində ekoloji vəziyyət” haqqında təqdimatla çıxış edib.
Məktəbin coğrafiya müəlliməsi Könül Mərdanova və Uşaq birliyinin rəhbəri Vəfa Həsənova tədbirin keçirilməsinə görə İnstitut rəhbərinə və kollektivinə minnətdarlıq ifadə ediblər.