AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Horizon Avropa Proqramı çərçivəsində icra etdiyi ITHACA layihəsinə dair seminar keçirilib.
Tədbirdə Coğrafiya İnstitutunun alim və tədqiqatçıları ilə yanaşı digər qurumların, o cümlədən BDU-nun əməkdaşları da iştirak edib.
ITHACA layihəsinin Coğrafiya İnstitutu üzrə əlaqələndiricisi, aparıcı elmi işçi, c.ü.f.d Rövşən Kərimov təqdimatla çıxış edərək, əvvəlcə Horizon Avropa proqramında iştirakın şərtləri, müvafiq texniki tələblər, layihələrin yazılması qaydaları, alimlərin proqramdan faydalanma imkanları barədə seminar iştirakçılarını məlumatlandırıb. Sonra o, ekoloji miqrasiya problemlərinin öyrənilməsinə həsr olunmuş ITHACA layihəsi, bu layihə çərçivəsində görülmüş və görülməkdə olan işlər haqqında danışıb.
Təqdimatın sonunda məruzəçinin xahişi ilə seminar iştirakçıları miqrasiyaya dair tədqiqatların və keyfiyyət məlumatlarının bu sahədə fəaliyyət göstərən idarəçilər üçün nə dərəcədə maraqlı və əhəmiyyətli ola biləcəyinə dair fikirlərini bölüşüb, fikir mübadiləsi aparıblar.