AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd edilib.
Faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin hazırladığı “Qara Yanvar-33” adlı video-rolik nümayiş etdirilib.
İnstitutun baş direktoru, c.e.d. Zakir Eminov 1990-cı ilin yanvar hadisələri haqqında danışarkən bunu Azərbaycana, onun xalqına edilən hərbi təcavüz kimi qiymətləndirib, keçmiş sovet ordusunun Bakı şəhərində dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş qırğının insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğulayıb. Bildirilib ki, bu hadisələrin dərindən öyrənilməsi və araşdırılması mühüm məsələdir. 20 Yanvar faciəsi heç vaxt unudulmamalı, tarixin bu qanlı səhifəsi olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır. Azərbaycan xalqı dəfələrlə haqsızlıqlarla üzləşib, şəhidlər verib. Amma o əyilmədi, məhv olmadı, tarixin dərslərindən nəticə çıxarmağı bacardı. 44 günlük müharibə nəticəsində öz torpaqlarını düşmən caynağından azad etdi.
Sonra c.ü.f.d Etibar Bədəlov çıxış edərək Azərbaycan tarixində baş vermiş qanlı Yanvar hadisələrini azadlıqsevər xalqın istiqlal yolunun zirvəsi adlandırıb, şəhidlərin ruhuna dualar edib.
Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, şöbə müdiri, c.e.d. Rza Mahmudov çıxışlarında 20 Yanvar faciəsinin Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət, ölkənin suverenliyinə qarşı törədilən qəsd olduğunu vurğulayıblar.