AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Qadınlar şurasının təşkilatçılığı ilə “Qadınlar və qızlar elmdə” Beynəlxalq gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə həmçinin AMEA-nın Qadınlar şuralarından nümayəndələr də iştirak ediblər.
İnstitutun Qadınlar şurasının sədri Luiza Salayeva iclası giriş sözü ilə açaraq Azərbaycan qadınının cəmiyyətdəki fəal mövqeyi, onların cəmiyyətə, eləcə də elmin inkişafına verdiyi töhfələr, s. məsələlərdən danışıb. Şura sədri Coğrafiya İnstitutunun son beş il üçün kadr potensialı barədə hazırladığı cədvələ əsasən məlumat verərək bildirib ki, qadın elmi işçilərin sayı əvvəlki illərlə müqayisədə nisbətən azlıq təşkil edir. Qadınlarda elmə marağın azalması isə onların üzərinə düşən yükün ağırlığı, daşıdıqları məsuliyyət hissinin böyüklüyündən irəli gəlir.
Cİ Qadınlar Şurasının büro üzvü, c.e.d. Stara Tarixazər İnstitutun tədqiqatçı qadın alimləri haqqında məruzə ilə çıxış edərək onların coğrafiya elminin inkişafındakı rolundan, elmə verdikləri töhfələrdən, qazandıqları nailiyyətlərdən və s. söhbət açıb.
Sonra İnstitutun Tibbi coğrafiya şöbəsinin müdiri, c.ü.f.d. Solmaz Rzayeva “Coğrafiya İnstitutunun qadınlarının perspektiv inkişafına təsir edən problemlərin həlli yolları” mövzusunda məruzə edib. Çıxışçı qeyd edib ki, rəhbərlik etdiyi yeni yaranmış şöbə demək olar ki, gənc xanımlardan ibarətdir və onlar elmdə uğurlar qazanmaq naminə hər bir çətinliyə qatlaşmalı, bu çətinlikləri aradan qaldırmaq üçün bir qadın tədqiqatçı olaraq mübariz olmağı öyrənməlidirlər.
Sonra Luiza Salayeva səhhəti ilə əlaqədar olaraq, İnstitutun Qadınlar şurasının sədri vəzifəsindəki fəaliyyətini dayandırmaq istədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu vəzifəyə Solmaz Rzayevanın namizədliyini irəli sürüb.
İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, aparıcı elmi işçi, c.ü.f.d. Sevil Quliyeva, şöbə müdirləri Xanım Rzazadə və Solmaz Rzayeva çıxış edərək Luiza xanımın ömrünün 50 ildən artıq hissəsini Coğrafiya İnstitutunda fəaliyyətə həsr etdiyini, işlədiyi müddətdə özünün əməksevərliyi, mehribanlığı, işinə olan tələbkarlığı və məsuliyyəti ilə kollektivin sevgi və hörmətini qazandığını diqqətə çatdırıblar.
Solmaz Rzayeva keçirilən səsvermə nəticəsində yekdilliklə Coğrafiya İnstitutunun Qadınlar şurasının sədri seçilib.