Bakı şəhərinin 132-134 nömrəli təhsil kompleksinin “Ana Məktəb Ekole Maternelle” uşaq bağçasının uşaq, müəllim və valideyn kollektivi AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda qonaq olub.
İnstitut Həmkarlar Təşkilatı və bağçanın birgə təşəbbüsü ilə baş tutan tədbir məktəbəqədər uşaqlarda coğrafiyaya maraq oyatmaq, elmlə məşğul olan insanlarla tanışlıq məqsədi daşıyıb.
Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri tərəfindən Milli Elmlər Akademiyasının foyesində qarşılanan balacalar İnstitutun dəhlizlərində sərgilənən stendlərlə tanış olublar. Elmi katib c.ü.f.d. Zərnurə Həmidova və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova uşaqlara onların anlayacağı dildə İnstitutda aparılan işlər və alimlər haqqında məlumat veriblər. Sonra tədbir akt zalında davam edib. Balacalar 3 D animasiyalı gecə-gündüzün yaranması, fəsillərin dəyişməsi və “Yer” planeti haqqında hazırlanmış video çarxa tamaşa ediblər. HİK sədri, c.ü.f.d. Habil Haqverdiyev və Qadınlar şurasının sədri Luiza Salayeva balacalara “Coğrafiya nədir və elm insana nə verir?” mövzusu ətrafında söhbət aparıb. H.Haqverdiyev məktəbin nümayəndəsi Rəna Ağabalayevaya bağçanın kitabxanası üçün kitablar təqdim edib. Sonuncu öz tərəfindən belə isti qəbula görə kollektivi adından İnstitut rəhbərliyinə minnətdarlığını bildirib.