AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev, şöbənin elmi işçisi Firuzə Ağayeva, kiçik elmi işçisi Şəhla İsmayılova və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov dekabrın 8-də İngiltərənin GAHP (Global Alliance On Health and Pollution) qeyri-hökumət təşkilatının rəhbərliyi ilə Azərbaycanda "Havanın keyfiyyəti” mövzusunda keçirilən seminarda iştirak ediblər.
Xəzər Universitetində təşkil edilən tədbirdə uyğun hökumət və qeyri-hökumət təşkilatları, biznes qurumlar, elmi tədqiqat institutları, donor təşkilatlar və maliyyə institutlarının nümayəndələri iştirak edib. Seminarda havanın çirklənməsi, onun mənbələri və müxtəlif təsir azaltma strategiyaları haqqında məlumat mübadiləsi aparılıb.
Şöbə müdiri Ə.Əliyev çıxış edərək ölkəmizdə Respublika Prezidentinin bu barədə xüsusi fərmanını xatırladıb, İnstitutun bu sahədə tədqiqat aparan yeganə təşkilat olduğunu diqqətə çatdırıb və aparılan tədqiqatların mahiyyəti barədə məlumat verib, bu sahədə yer alan bəzi çətinlikləri diqqətə çatdırıb.
Seminar iştirakçıları şöbədə aparılan tədqiqatlar barədə müsbət fikirlərini bildiriblər və gələcəkdə bu sahədə birgə iş birliyinin qurulmasının vacibliyini qeyd ediblər.