Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 27 sentyabr - Anım Günü münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə ölməz şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov 27 sentyabr gününü xalqımıza baş ucalığı, torpaqlarımıza azadlıq gətirən 44 günlük şanlı Vətən savaşının başlanğıc günü olduğunu qeyd edib. Tariximizin döyüş səhifələrini vərəqləyən Z.Eminov deyib ki, bu müharibə Azərbaycan xalqının nəyə qadir olduğunu, onun 30 ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq torpaqlarının özgə tapdağı altında qalması ilə barışmadığını, ərazisinin bütövlüyü naminə Ali Baş Komandanın rəhbərliyi altında bir bayraq altında birləşərək düşmənin “başını əzməyə” gedən xalqın siyasi və hərbi gücünü, sarsılmaz birliyini, Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə çıxış edən İnstitut Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev və aparıcı elmi işçi Etibar Bədəlov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı tarix boyu Azərbaycan torpaqlarına göz dikən erməni faşistlərinin məkrli siyasətinin sonda nəticə vermədiyindən, onların 30 il işğalda qalan torpaqlarda törətdikləri vəhşiliklərdən, Azərbaycan xalqının tarixin bu sınağından alnıaçıq və zəfərlə çıxmasından söhbət açıblar.
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova söz alaraq bir qrup institut əməkdaşının müntəzəm olaraq ziyarət etdiyi şəhid ailələri və qazilərimizə olan münasibətindən və əlaqələrindən danışıb.
Tədbir bitdikdən sonra İnstitutun bir qrup əməkdaşı II Şəhidlər Xiyabanına gedərək şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla anıblar. Məzarlıqda general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin anası, eləcə də digər şəhid valideynləri ilə rastlaşan ziyarətçilər onlara olan dərin hörmət və minnətdarlığını bildiriblər, şəhidlərin məzarı önünə gül-çiçək dəstələri qoyub, ruhuna dualar ediblər.