AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, baş direktor, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Rövşən Kərimov və Natəvan Cəfərova İtaliyanın Milan şəhərində ezamiyyətdə olublar.
AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov və coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov da daxil olmaqla Azərbaycan təmsilçiləri Coğrafiya İnstitutunun icra etdiyi, Avropa Komissiyasının Horizon-2020 Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində maliyyələşdirilən “Miqrant fəaliyyətlərinə dair tarix və arxiv materiallarının əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər” adlı layihənin birinci konsorsium görüşündə iştirak ediblər.
“COVID-19 pandemiyası dövründə miqrantların mediada təmsil olunması və özünüifadəsi” mövzusunda keçirilmiş beynəlxalq tədbirdə müxtəlif ölkələrin universitetlərindən və qurumlarından olan alim və mütəxəssislər, o cümlədən İtaliyanın Milan Universitetinin, Modena nel Recio Emilia Universitetinin, Romada yerləşən Miqrantların Xatirə Arxivinin, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının, Hollandiyanın Leyden Universitetinin, Yunanıstanın Afina Milli Universitetinin, Mərakeşin Əl Ahaveyn Universitetinin və digər qurumların çoxsaylı nümayəndələri iştirak ediblər.
Tədbir Modena nel Recio Emilia Universitetindən olan layihə əlaqələndiricisi Mateo Alkalak, Milan Universitetinin professoru Monika Massari, Leyden Universitetindən Endryu Şild və digərlərinin çıxışları ilə başlayıb. Coğrafiya İnstitutunu təmsil edən layihə icraçıları da daxil olmaqla beynəlxalq konsorsiuma daxil olan qurumların üzvləri müasir dövrdə çox aktual olan miqrasiya və miqrantlar problemlərinə dair fikir mübadiləsi aparıblar, layihə çərçivəsində qarşıya qoyulan vəzifələrin icrası üçün gələcək fəaliyyətləri müzakirə ediblər. Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov miqrasiya proseslərində müşahidə olunan son tendensiyalar, f.ü.f.d. Rüstəm Rüstəmov rəqəmsal texnologiyalarla onlayn ITHACA miqrasiya platformasının yaradılması, c.ü.f.d. Rövşən Abbasov miqrasiyaya səbəb olan iqlim dəyişmələri, c.ü.f.d. Natəvan Cəfərova miqrasiya marşrutlarının xəritələşdirilməsi məsələsini xüsusi olaraq vurğulayıblar.
Tədbirin ikinci günü Avropa Parlamentinin üzvü Xavyer Moreno, Avropa Tədqiqat Agentliyinin nümayəndəsi Kristina Markuzzo, İtaliya Vətəndaş Azadlıqları və Hüquqları Koalisiyasının icraçı direktoru Andrea Menapas və digərləri onlayn şəkildə tədbirə qoşulublar və miqrant probleminə öz münasibətlərini bildiriblər. Layihə icraçıları təmsil etdikləri ölkələrdə COVID-19 pandemiyası dövründə miqrasiya axınları üzrə müşahidə olunmuş dəyişikliklərə, miqrantların əlaqədar çətinliklərinə, qeyd olunan məsələlərin mediada işıqlandırılmasına dair yerli və milli səviyyələrdə keçirilmiş seminarların nəticələri barədə məlumat veriblər.
Coğrafiya İnstitutunun Layihə üzrə əlaqələndiricisi, aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov “Azərbaycanda COVID-19 pandemiyası dövründə miqrantların problemləri” mövzusunda təqdimatla çıxış edib. O, pandemiya şəraitində beynəlxalq və ölkədaxili miqrasiyanın xüsusiyyətləri, o cümlədən pendemiyanın qonşu ölkələrdə çalışan azərbaycanlıların dolanışığına təsiri, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan ölkə vətəndaşlarının Rusiya bazarlarına çıxışı, koronovirus səbəbindən xarici ölkələrdəki yaxın qohumlarını itirmiş azərbaycanlıların problemləri, təhsilə çıxış və miqrasiya arasında əlaqə, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin öz ölkələrinə dönərək təhsillərini onlayn davam etdirməsi, sərnişin daşınması xidmətləri ilə bağlı yaranmış müvəqqəti çətinliklərin ölkədaxili miqrasiyalara təsiri, Ukraynadakı müharibədən qaçıb xilas olmuş mülki əhalinin sığınacaq məqsədilə Azərbaycana gəlişi, miqrantların virusa yoluxma riskinə münasibətləri və davranışları, yaranmış vəziyyətdə miqrantlara texniki yardımın göstərilməsi kimi məsələlərdən danışıb.
Daha sonra mütəxəssislər tərəfindən miqrasiya fenomeninə yeni baxışlar ifadə olunub, tədbirə dəvət olunmuş miqrantlara söz verilib. Beynəlxalq tədbir layihə icraçılarının gələcək fəaliyyətlərinin müzakirəsi ilə sona yetib.