Coğrafiya İnstitutu miqrasiya problemlərinə dair seminar-görüş keçirib 2022-04-14 19:38:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu  İsmayıllı rayonunun Talıstan kəndində “Miqrasiya, COVİD-19 və media” mövzusunda seminar-görüş keçirib.

Tədbirdə İnstitutun əməkdaşları, İsmayıllı şəhəri və onun 10-dan artıq kəndindən olan sakinlər, kənd icra və bələdiyyə nümayəndələri iştirak edib.

Bakıdan gəlmiş tədqiqatçı alimləri təqdim edən İnstitutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov giriş sözü ilə çıxış edərək Coğrafiya İnstitutunun  ölkədə Avropa Komissiyasının “Horizon-2020” Proqramı çərçivəsində ilk dəfə olaraq tədqiqat və innovasiya tipli layihənin həmqalibi olduğunu diqqətə çatdırıb. O bildirib ki, Rayonda 18 kənd sürüşmə riski nisbətən yüksək olan ərazidə yerləşir. İsmayıllının 30-a yaxın kəndindən şəhərlərə miqrasiya olub, rayonda hətta bir neçə ailənin yaşadığı dağ kəndləri var. İqlim dəyişmələri və əlaqədar təbii proseslər insanların miqrasiya etməsinin əsas səbəblərindən biridir.

Zakir Eminov çıxış edərək qeyd edib ki,  yağıntıların illik rejiminin dəyişməsi, quraqlıq dövrünün uzanması, su qıtlığının yaranması, sel, sürüşmə kimi təbii fəlakətlərin baş vermə riskinin artması, meşələrin quruması, torpaqların  deqradasiyaya uğraması və sairlər insanların məişətinə mənfi təsir göstərir ki, bu da nəticədə onların yaşayış yerlərini tərk etməsinə səbəb olur. Alim insan miqrasiyasının çoxaldıqca kənd və şəhərlərdə ciddi problemlər yarandığını diqqətə çatdırıb: “Bu gün biz bu problemin mövcud olduğunu qəbul etməli və həlli yollarını axtarmalıyıq. Aparılan müzakirələrdə miqrasiyaya səbəb olan problemlər dilə gətirilməli və həll edilməsi üçün konkret işlər görülməlidir. Bizim məqsədimiz miqrasiyaya səbəb olan ekoloji problemləri araşdırılmaqdır, lakin buna səbəb olan digər problemləri də müəyyən etməliyik”.

Görüşdə çıxış edən iştirakçılar kənd əhalisinin öz yaşayış yerlərini tərk etməsinin səbəblərindən, dağ kəndlərinin boşalması, iqlim dəyişmələri ilə əlaqədar regionda artan su çatışmazlığı, rayonun bəzi kəndlərinin inkişafına mane olan səbəblər, körpünün olmaması üzündən çay ətrafında yaşayan əhalinin narahatlığından, işlə təminatın olmamasına görə rayonda yaşayan axıska türklərinin kəndlərini tərk etmələrindən, otlaqlardan istifadədə yaranmış çətinliklərdən və s. danışıblar, icmaların kənd təsərrüfatı problemlərini müzakirə ediblər.