AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin müdiri, c.ü.f.d. Mirnuh İsmayılov və elmi işçisi Emil Cəbrayılov dekabrın 17-dən 19-dək “Qafqaz” Regional Ekoloji Mərkəzin “Milli səviyyədə ekosistemlərin qiymətləndirilməsi vasitəsilə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökümətlərarası Elmi Yanaşmalar Platformasına (İPBES) dəstək” çərçivəsində Şabran rayonunda təşkil etdiyi tədbirdə iştirak ediblər.
Azərbaycanda ekosistemlərin qiymətləndirilməsi üzrə keçirilən görüşə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Bakı dövlət Universiteti, eləcə də AMEA-nın aidiyyatı üzrə elmi institutlarının nümayəndələri qatılıblar.
Tədbirdə meşə ekosistemləri üzrə işçi qrupunun hesabatı dinlənilərək müzakirə edilib, boşluqların doldurulması istiqamətində qruplarla ssenari və trendlərin müəyyən edilməsi üzrə müzakirələr aparılıb.
Mirnuh İsmayılov mövzu ilə bağlı çıxış edərək hesabatlarda meşə anlayışının təyin olunmasının lazımlığını vurğulayıb, qiymətləndirmənin təbii coğrafi vilayətlər üzrə aparılmasının daha məqsədəuyğun olmasını və təbii meşəbərpa prosesinin getdiyi ərazilərdə xüsusi mühafizənin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.