AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda coğrafi informasiya sistemləri üzrə distant formatda təlimlərə başlanılıb.
İranın Təbriz Universiteti ilə Coğrafiya İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, Universitetin Planlaşdırma və ətraf mühit fakültəsi mütəxəssisləri Coğrafiya İnstitutunun əməkdaşları üçün təşkil olunan təlimlərin ilk günündə tanışlıq görüşü keçiriblər. Universitetin alimləri təlimlərdə iştirak edəcək elmi işçilərin CİS üzrə bilik səviyyəsini təyin edib, öyrənmək istədikləri sahələrin istiqamətinə uyğun keçəcək kursların mövzularını dəqiqləşdiriblər.
Tədbirdə Coğrafiya İnstitutu tərəfindən baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminov, şöbə müdirləri, elmi işçilər və digər əməkdaşlar, Universitet tərəfindən isə elmi işlər üzrə direktor müavini Dr. İrəc Teymuri, tədqiqat işləri üzrə direktor müavini Dr. Hoseyn Kərimzadeh, departament müdirləri Xəlil Vəlizadə, Sədra Kərimzadə və Haşım Rüstəmzadə iştirak ediblər.
İranlı mütəxəssislər İnstitutun əməkdaşları üçün 5 qrupda – "Coğrafi informasiya vasitələri" (ümumi kurs), “İqlim dəyişmələrinin Xəzər dənizinin hidrometeoroloji rejiminə təsirinin qiymətləndirilməsi (havanın temperaturu, dənizin səth suyunun temperaturu, yağıntıların miqdarı, külək və s.)”, “İqlim indeksi və ya landşaft xəritələrinin aerokosmik şəkilləri əsasında rəqəmsal geomodellərin yaradılması”, “Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliklərinin tədqiqində CİS və məsafədən zondlamanın tətbiqi”, “Peyk məlumatları, onların xüsusiyyətləri və CİS proqramlarının istifadəsi ilə deşifrələnməsi və emalı” mövzuları üzrə ödənişsiz təlimlər keçəcəklər.
Sonunda iştirakçılara uyqun sertifikatlar veriləcək.