Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunması məqsədilə təbii su hövzələrinə müxtəlif növ balıq körpələri buraxılır. Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması ümumilikdə ekosistemin qorunması baxımından olduqca vacibdir. Lakin su hövzələrinə buraxılan körpələrin böyüyüb balıq ehtiyatlarını artırması üçün onların qorunması da mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, son həftələrdə Kür çayında balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə qarşılaşdıq. Hazırda bununla bağlı araşdırmalar aparılır.
AZƏRTAC-ın əməkdaşı mövzu ilə bağlı mütəxəssislərlə söhbət edib, Kürdə balıqların ölməsinin səbəblərinə və belə halların qarşısının alınması yollarına aydınlıq gətirməyə çalışıb.
Kür çayının Azərbaycan təbiətinin unikal varlığı olduğunu deyən Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşafşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, ölkəmizin əksər əraziləri Kürün yatağına doğru meyillidir. Bu çay Azərbaycan təbiətinin bütövlüyünü qoruyan su arteriyasıdır. “Kürə sadəcə su hövzəsi kimi yanaşmaq olmaz. Ona ətrafındakı ekosistemlərlə birgə baxmaq lazımdır. Bu çay Azərbaycan təbiətinin indikatorudur. Orada gördüyümüz qüsurlar haradasa buraxdığımız səhvlərin nəticəsidir. Balıq ölümləri də bu cür səhvlərdən doğur. Bunun müxtəlif səbəbləri ola bilər: çayın suyuna zəhərli maddələrin qatılması, balıqtutma zamanı qaydalara düzgün əməl olunmaması. Kür çayına xeyli yersiz müdaxilə var. Araşdırmalar nəticəsində çaya 1800-dən çox qeyri-qanuni müdaxilə qeydə alınıb. Çayların dərəsinə, yatağına qanunsuz, özbaşına müdaxilə etmək uğursuz nəticələr verir. Bunun üçün mütləq mütəxəssislərlə görüşmək, danışmaq, müəyyən icazələr almaq lazımdır. Lakin bunun əksinə olaraq, özbaşına müdaxilələr, sugötürmələr, su axıtmaları olur. Kür çayının Azərbaycan hissəsindəki sahillərinə diqqət etsək görərik ki, burada çox sayda yaşayış məntəqələri var. Yevlaxdan başlamış Kürün deltasına - Xəzərə tökülənə qədər məskunlaşma mövcuddur. Həmin yaşayış məntəqələrinin yanında da əkin sahələri var. Təxminən 5-10 kilometr sağ və sol sahil Kürün suyu ilə bağlı olan təsərrüfat sahələridir. Burada müəyyən səhv edəndə Kürdə özünü göstərir. Kürü qorumaqdan ötrü Azərbaycanda iki nəhəng kollektor çəkilib. Biri Kürün sol sahilindəki Baş Şirvan və sağ sahilində olan Baş Mil-Muğan kollektorlarıdır. Həmin kollektorlar Kürün suyunun təmiz qalması üçün çəkilib. Lakin bununla belə çayın sahilində salınan kəndləri idarə etmək çətindir. Kür çayı boyunca dambalar tikilib, lakin sahildə məskunlaşanlar onu söküb, özləri üçün kənd salır, əkin əkir. Halbuki həmin dambalara müdaxilə etmək yolverilməzdir. Müdaxilələr həddən artıq çoxdur. Belə hallar son nəticədə balıq ölümlərinə çıxarır”.
Mirnuh İsmayılov vurğulayıb ki, Kür çayının mühafizəsi istiqamətində kifayət qədər tədbirlər görülsə də, hələ də problemlərə rast gəlinir. “Bu yaxınlarda bizim şöbənin Kür çayına ekspedisiyası oldu. Ekspedisiya zamanı çayın yatağına fikir verdik. Kürün yatağının üçdə iki hissəsi qurumuşdu. Maydakı ekspedisiya zamanı isə Kürün çox bolsulu olması halı ilə rastlaşdıq. Bu onu göstərir ki, qeyri-adi sinoptik hadisələrə hazır olmalıyıq. Həmçinin əhali arasında təbliğat işi daha da gücləndirilməlidir, çay dərələrinə, yatağına müdaxilə edəndə mütləq ekoloji normalara əməl edilməlidir. Belə olarsa, Kürü təmiz görə bilərik”, - deyə o diqqətə çatdırıb.