Xəzər ekosistemi: mövcud vəziyyət və gələcək risklər - ARAŞDIRMA şəkil

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin tabeliyindəki akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev Operativ Media-ya danışıb.

AKADEMİK HƏSƏN ƏLİYEV ADINA COĞRAFİYA İNSTİTUTU

O, bildirib ki, Xəzər dənizində çirklənmə mühüm problem olaraq qalır:

"Azərbaycan ərazisində Xəzərin sahil zonasında ekosistemin qorunması ilə bağlı tədbirlər həyata keçirilsə də, çirklənmə mühüm problem olaraq qalır. Çirklənmənin əsas mənbəyi həm məişət tullantıları, həm də dənizə daxil olan çaylardan gətirilən çirkli maddələrdir. Bu baxımdan, Azərbaycanda əsas rol Kür çayına məxsusdur. Lakin bütövlükdə Xəzər ekosistemində baş verən dəyişikliklərdə ən mühüm amil Volqa çayıdır. Son illərdə Volqa çayının gətirdiyi suyun həcmi təxminən 30 faiz azalıb. Bildiyimiz kimi, Volqa bütün Rusiya Federasiyası ərazisindən keçərək Xəzərə daxil olur və onun hövzəsində yerləşən şəhərlərdən xeyli miqdarda çirkab sularını dənizə gətirir. Suyun azalması nəticəsində xüsusilə Şimali Xəzərdə ekosistemə böyük təsirlər müşahidə olunur. Flora və fauna baxımından ən həssas bölgə də məhz həmin hissədir.

Azərbaycan ərazisindən də Xəzərə daxil olan çirklənmələrin rolu böyükdür. Kür çayı vasitəsilə gətirilən çirkli sular, şəhərlərin məişət tullantıları, həmçinin sahilyanı zonalarda əhalinin sıx yerləşməsi bu prosesi gücləndirir. Hazırda əhalimizin 60 faizdən çoxu Xəzər sahillərində məskunlaşıb, sənaye potensialının isə 80 faizi bu ərazilərdə cəmlənib. Bu səbəbdən antropogen təsirlər Xəzərin bioloji vəziyyətinə mənfi təsir göstərir.

Xüsusilə Qızılağac körfəzi ən həssas nöqtə hesab olunur. Son illərdə müşahidələr göstərir ki, burada Xəzər dənizi təxminən 2 kilometr geri çəkilib. Nəticədə boş qalmış ərazilərin ümumi sahəsi 40 min hektara çatır. Bu göstəricilər 1995-ci illə müqayisədədir. O vaxt Xəzərin səviyyəsi indiki göstəricidən 2 metrdən çox yüksək idi. Son 200 illik instrumental müşahidələrə əsasən, hazırda Xəzər ən aşağı səviyyəsinə enib".
 

Xəzərdə suyun səviyyəsi daha 10-15 il enməyə davam edəcək
 

Əmir Əliyev bildirib ki, bu proseslər bioloji müxtəlifliyə, xüsusilə də balıqçılıq sənayesinə ciddi zərər vurur: "Kür çayının deltasında yerləşən yemlənmə arealları 50 faizədək azalıb ki, bu da qiymətli balıq ehtiyatlarının azalmasına səbəb olub. Eyni zamanda, floranın vəziyyətinə də mənfi təsirlər müşahidə edilir. Səviyyənin getdikcə aşağı düşməsi bu prosesləri daha da sürətləndirir.

Müşahidələr və aparılan təhlillərə görə, 2040–2050-ci illərə qədər Xəzərin səviyyəsi indiki göstəricidən daha 1–1,5 metr aşağı düşəcək. Bundan sonra isə suyun yenidən qalxma prosesi baş verəcək. Aparılan paleoekoloji tədqiqatlar göstərir ki, son 4000 ildə Xəzərdə səviyyə təxminən hər 200–250 ildən bir dəyişir: əvvəl enir, sonra yenidən qalxır. Son ən yüksək səviyyə 1805-ci ildə müşahidə olunub. O vaxtdan bəri Xəzər enmə mərhələsindədir və bu prosesin daha 10–15 il davam edəcəyi ehtimal olunur".

 

Nərmin Qocamanlı

operativmedia.az

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025