Görkəmli alim və elm təşkilatçısı, akademik Zahid Xəlilov 1911 -ci ildə Tiflisdə anadan olmuşdur. Onun  nəsil-nəcabəti əslən Borçalıdandır. 0,1929-cu ildə Türk Pedaqoji Texnikumunu bitirib elə həmin il də Bakıya köçüb sənədlərini Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə verir və oraya da daxil olur. 0 zamanlar universitetdə Azərbaycanda riyaziyyat tədrisinin əsasını qoyan və Peterburq Universitetinin yetirməsi sayılan Məmmədbəy Rəşidbəy oğlu Əfəndiyev Zahid Xəlilovun riyaziyyatla məşğul olmağına qayğı və diqqət yetirmişdir. Z.İ.Xəlilov 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib Tbilisiyə qayıdır və həmin ildən 1940-cı ilə qədər Tbilisi Dəmiryolu Nəqliyyatı Mühəndislər İnstitutunda dosent vəzifəsində işləyir.

Tbilisi Universitetində və Gürcüstan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda SSRİ, İtaliya, Almaniya və digər ölkələrdə təhsil alıb, fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsini almış dünya şöhrətli akademik Nikolay İvanoviç Musxelişvili (Dünya Riyaziyyatçılar Məktəbinin sədri olmuş), professor Razmadze (Gürcüstan EA-nın Riyaziyyat İnstitutu onun adını daşıyır) kimi alimlər çalışırdı.

Belə elmi mühitə düşmək üçün Zahid müəllim uzun müddət yorulmadan, böyük həvəslə riyaziyyat, mexanika və fizikanın müxtəlif sahələrini əsl tədqiqatçı kimi öyrənir. Şübhəsiz ki, bu zəhmət, bu həvəs və bu hazırlığa sözün əsl mənasında Zahid Xəlilov kimi dahilər dözə bilərdi.

1937-ci ildə Z.İ.Xəlilov Tbilisidə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olaraq Gürcüstan riyaziyyatçılarının mühitinə düşdü. Onun ilk elmi rəhbəri görkəmli alim, professor Stefan Berqman olmuşdur. Onun rəhbərliyi altında mexanikanın ən böyük tətbiqi sahələrini araşdıraraq yeni elmi nəticələr əldə etmişdir. Stefan Berqman Amerikaya köçdükdən sonra Z.İ.Xəlilovun elmi rəhbəri akademik N.İ.Musxelişvili oldu.

Z.İ.Xəlilov aspirantura dövründə Gürcüstanın görkəmli alimlərinin, xüsusilə akademiklərdən N.İ.Musxelişvilinin və İ.N.Vekuanın böyük hörmətini qazandı, onların gözü qarşısında bir azərbaycanlı mütəxəssisi də riyaziyyat və mexanika dünyasına daxil oldu.

1940-ci ildə Tbilisidə Z.İ.Xəlilov "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsi alır və həmin ildə də Azərbaycan Dövlət Universitetində işə dəvət olunur. ADU-da bir müddət dərs dedikdən sonra 1942- ci ilin yanvar ayında SSRİ EA-nın Azərbaycandakı filialının fizika sektoruna işə dəvət olunur (o zamanlar AEA yaranmamışdı, SSRİ EA-nın filialı fəaliyyət göstərirdi ki, orada da riyaziyyat sektoru yox idi). 1942-ci ilin aprel ayına qədər bu sektorun yeganə riyaziyyatçısı kimi işləyərək öz ətrafına bir neçə riyaziyyatçı (elmi dərəcələri olmayan) toplayıb nəzəri fizika və riyaziyyat bölməsini təşkil etdi və həmin bölməyə rəhbərlik ona tapşırıldı. 1941-1945-ci illərin həm iqtisadi, həm siyasi, həm də mənəvi cəhətdən çox ağır olduğu hamıya məlumdur. Bu illərdə Z.İ.Xəlilov riyaziyyatın aktual məsələlərinə həsr olunmuş altı sanballı elmi məqalə çap etdirdi ki, bu da ətrafına toplanmış gənc fizik və riyaziyyatçıları fədakarcasınaa işləməyə vadar etdi. Müharibə illərində Z.İ.Xəlilov çox qiymətli on üç elmi məqalə çap etdirdi. Bu məqalələr sonradan onun fizika-riyaziyyat elmləri doktorluğu dissertasiyasının əsasını təşkil edən və Azərbaycanın riyaziyyat və mexanika elmini "əyalət" elmindən dünyada tanınıb sayılan elm sahəsinə çevirməyə səbəb oldu. Bu çətin illərdə Z.İ.Xəlilov yazıb-yaratmaqla bərabər, rəhbərlik etdiyi elmi bölmələrin inkişaf edib institutlara çevrilməsinin təşkilində də yaxından iştirak etdi.

1945-ci ildə SSRİ EA-nın Azərbaycandakı filialları əsasında Azərbaycan EA yaradıldı. 1947-ci ildə Azərbaycan EA-nın Fizika İnstitutu ilə riyaziyyat sektorları birləşdirildi və riyaziyyat bölməsinin rəhbəri Z.İ.Xəlilov təyin olundu. 1946-cı ilin iyun ayında Tbilisidə Z.İ.Xəlilov "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqinə həsr olunmuş doktorluq dissertasiyasını müdafiə edib Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru oldu. Onun bu müdafiəsi Gürcüstanın dahi alimlərini valeh etmişdir.

Z.İ.Xəlilovun doktorluq dissertasiyası və mexanikaya aid məqalələri 1950-ci illərdə ABŞ-da ingilis dilində çap olunmuşdur ki, bu da Azərbaycan riyaziyyatının dünyada tanınmasına səbəb oldu. Şübhəsiz ki, o zamanlar bu qeyri-adi bir hal hesab olunurdu. Axı, Azərbaycanda riyaziyyatın belə bir sıçrayışla inkişaf etməsinə inanmaq olmurdu.

Z.İ.Xəlilov nəinki Azərbaycanda, həm də keçmiş SSRİ-də riyaziyyatın müasir sahəsi sayılan funksional analizin yaradıcılarından biri hesab olunur. Bu sahədə keçmiş SSRİ-də ilk dərsliyin və ilk monoqrafiyanın müəllifi Z.İ.Xəlilov olmuşdur (1949). SSRİ EA-nın çox mötəbər jurnalı olan "Funksional analiz və onun tətbiqləri" jurnalının yaradıcılarından biri və ömrünün axırınadək onun redaksiya heyətinin üzvü olmuşdur.

"Xətti normalı fəzalarda xətti tənliklər" adlı monoqrafiyada Banax cəbrində sinqulya tənliklərin həlli üçün ümumi metod verir ki, bu metod dünya riyaziyyatında "Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi" adı ilə tanınıb. Z.İ.Xəlilovun bu yüksəlişi Azərbaycan riyaziyyatının yüksəlişi, Xəlilov riyaziyyat məktəbinin yüksəlişi demək idi. 0, hərtərəfli, xeyirxah və halal insan olmaqla yanaşı, həm də böyük ziyalı idi. Onun çox gözəl nitqi, xoştəsirli baxışı, əla səliqəsi, gözəl xətti (həm lövhədə, həm də kağızda), qarşısındakını səbrlə dinləmək və ona inandırıcı, düzgün cavab vermək bacarığı var idi. Azərbaycan bəstəkarlarının musiqisini sevir və pianoda yaxşı çala bilirdi.

Z.İ.Xəlilovun və onun rəhbərlik etdiyi məktəbin funksional analizin müxtəlif məsələlərinin həllinə həsr etdikləri işlərin aktuallığı və sanballığı nəticəsində Bakı şəhəri bu sahənin ocağı kimi funksional analiz tədqiqatçılarının nüfuzlu mərkəzlərindən birinə çevrilib. Nəticədə 1959-cu ildə funksional analiz üzrə Ümumittifaq konfransı məhz Bakı şəhərində keçirilib. Konfransda dinlənilən məruzələr və ayrı- ayrı alimlərlə görüşlər Azərbaycan riyaziyyatının inkişafına başqalarının gözü ilə baxmağa imkan verdi. Həmin konfransda Zahid müəllim "Bonax fəzalarında operatorlu diferensial tənliklərin həllinin məhdudluğu və dayanıqlığı" adlı nəzəri-elmi problemlə məruzə etdi ki, bu da gələcəkdə həmin istiqamətdə dünyada görüləcək işlər üçün istinad nöqtəsi olacağı hesab edilirdi.

Azərbaycanda riyaziyyat tarixini işıqlandıran "Böyük Azərbaycan mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusi", "Otuz ildə Azərbaycanda riyaziyyatın inkişafı" adlı ilk elmi məqalələrin müəllifi və "Azərbaycanın dahi alimi Məhəmməd Nəsirəddin Tusinin anadan olma-sının 750 illiyi"nə həsr olunmuş məcmuənin də redaktoru Zahid müəllimin özü olmuşdur.

Azərbaycanda riyaziyyata aid ilk sanballı və dəyərli əsərlərin - "İnsanlar indiki riyaziyyata necə gəlib çatmışlar" və "Dairənin kvadraturası” kitablarının müəllifi də Z.İ.Xəlilovdur. Bu kitablar Azərbaycan dilinin yüksək imkanlarından istifadə edilərək elə sadə ifadələrlə yazılıb ki, onları oxuyub başa düşmək üçün riyaziyyatçı olmağa belə ehtiyac olmamışdır. Belə kitabları yalnız Azərbaycan dili və ədəbiyyatını, riyaziyyat elmini, fəlsəfə və ictimai tarix elmlərini dərindən bilənlər yaza bilərdilər.

Z.İ.Xəlilov Azərbaycan dilində ilk riyaziyyat lüğətinin tərtibatçısı və təşkilatçısı olmuşdur.

Z.İ.Xəlilovun tam elmi irsini geniş oxucu kütləsinə çatdırmaq çox çətindir. Sovet dönəmində onun riyaziyyata aid 100-ə yaxın elmi məqaləsi çap olunub. Zahid müəllim elmi kadrların yetişməsinə və inkişafına da böyük fikir verirdi. Otuz iki ildən artıq ADU-da mühazirə və seminar dərsləri, ixtisas kursları deməklə yüksək ixtisaslı kadrların hazırlanmasında nümunə olmuşdur. Z.İ.Xəlilovun Azərbaycan elminin təşkilində böyük rolu olmuşdur. Uzun müddət Azərbaycan EA-nın Mexanika-Riyaziyyat İnstitutunun direktoru, akademik-katib, vitse-prezident və Azərbaycan EA-nın prezidenti olmuşdur. İctimai dövlət xadimi kimi SSRİ Ali və Millətlər Sovetinin deputatı olmuşdur. 0, ömrünün axırına kimi keçmiş SSRİ-də həm sovet riyaziyyatçılarının, həm də sovet mexaniklərinin milli komitələrinin (yarandıqları gündən) üzvü olmuşdur. Elmin və mədəniyyətin inkişafındakı misilsiz xidmətlərinə görə, 1960-cı ildə Z.İ.Xəlilova Azərbaycan SSR-in Əməkdar elmi xadimi fəxri adı verilmişdir. 0, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və bir neçə medalla təltif olunmuşdur.

Z.İ.Xəlilov 1974-cü il fevralın 4-də 63 yaşında ömrünün ən müdrik bir çağında Bakı şə-hərində dünyasını dəyişdi. Beləliklə, Borçalı dünyasında doğulan, bütövləşən və vətənləşən bir ürək yaşadı dünyamızda. 0 ürək ki, öz parlaqlığı ilə Azərbaycan elminə işıq saçan, sönməyən günəşə çevrildi.

 

Məmməd SADIQOV,
AR ETN akademik Həsən Əliyev adına
Coğrafiya İnstitutu, coğrafiya üzrə
fəlsəfi doktoru, dosent
 
Azərbaycan Milli Elmlər Akademiyası
"Elm və həyat" jurnalı, №2 (488), 2025

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2025