İqlim dəyişmələri, həmçinin antropogen təsirlərdən qaynaqlanaraq su böhranə ildən-ilə artmaqdadır
Son aylarda havaların yağıntılı keçməsi su ehtiyatlarının artması ilə bağlı ümidverici mesaj verir.
Bununla belə iqlim dəyişiklikləri fonunda hazırda əksər ölkələrin şirin su ehtiyatları baxımından problemlərlə üzləşdiyi məlumdur. Xüsusən su ehtiyatının kənarda formalaşdığı ölkələrdə bu məsələnin vaxtında qarşısının alınması əsas hədəflərdən biridir.
Quraqlıq, yağıntıların az olması ölkə daxilində formalaşan su ehtiyatına da birbaşa təsir edir.
Bu il Azərbaycanın su ehtiyatlarının hansı səviyyədə olduğunu, su anbarlarında nə qədər şirin su ehtiyatı toplandığını araşdıraq.
Yeraltı və yerüstü su ehtiyatlarımız
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, ötən ilin statistikasına əsasən, Azərbaycanın ümumi yeraltı və yerüstü su ehtiyatları 35,39 milyard kubmetr təşkil edib ki, onun da 30,9 milyard kubmetri çayların, 0,08 milyard kubmetri buzlaqların, 0,03 milyard kubmetri şirin sulu göllərin payına düşüb. Yeraltı su ehtiyatlarının təsdiq olunmuş həcmi 4,38 milyard kubmetr, potensial yeraltı su ehtiyatları isə 9,0 milyard kubmetrdir. Yerüstü su ehtiyatlarının 20,6 milyard kubmetri (66,7 faiz) transsərhəd çayların hesabına, 10,3 milyard kubmetri (33,3 faiz) isə ölkə daxilində formalaşır.
Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Şəmkirçay, Araz, Ceyranbatan, Taxtakörpü - 8 böyük su anbarlarında 2023-cü və 2024-cü illər üzrə su həcmləri müqayisə olunub. Beləliklə, 2023-cü ildə anbarların ümumi həcmi 14402,45 mln.m3 olubsa, 2024-cü ildə bu həcm 18232,112 mln.m3 təşkil edib. Bu da ötən il su həcmində 26 faiz artım deməkdir.
2024-cü ildə qəbul olunmuş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da 6 yeni su anbarının tikintisi də nəzərdə tutulub. Eyni zamanda qar ehtiyatları və yağışlar hesabına su ehtiyatının artması proqnozlaşdırılır.
Milli Strategiyanın qəbul olunması və bundan irəli gələn tədbirlərin həyata keçirilməsinin əsas məqsədi məhz su ehtiyatlarının artırılması üçün tədbirlərin işlənib hazırlanmasıdır. Bu tədbirlərdən biri də "Yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsi"dir. Hazırda yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsi tədbiri üzrə birinci mərhələ yekunlaşıb.
Ən çox su istehlak edən rayonlar
Getdikcə bütün ölkələr su qıtlığı ilə üzləşir. Su ehtiyatlarının azalması əsasən qlobal istiləşmə ilə bağlı olsa da, bunda antropogen təsirlər də xüsusi rol oynayır. Belə ki, şirin su ehtiyatlarının çirkləndirilməsi, sudan səmərəsiz istifadə ehtiyatların sürətli azalmasına gətirib çıxarır. Azərbaycanın bölgələri üzrə su is- tehlakının həcmi ilə maraqlandıq. Xidmətdən bildirildi ki, respublikamızda suyun ümumi istehlak həcmi 9772 milyon kubmetrdir. Onun 7239 milyon kubmetri (74 faiz) suvarmada, 2145 milyon kubmetri (22 faiz) istehsalda və 343 milyon kubmetr (4 faiz) su isə məişət və içməli məqsədlər üçün istifadə olunur.
564,4 milyon kubmetr su istehlakı ilə liderliyi Ağcabədi rayonu tutur. İkinci yerdə Şirvan şəhəri (539,6 milyon kubmetr), üçüncü yerdə 456,1 milyon kubmetrlə Bərdə rayonu qərarlaşır. İqtisadi rayonlar üzrə su istehlakında birinci yerdə Qarabağ (1602,7 milyon kubmetr), ikinci yerdə Mərkəzi Aran, üçüncü yerdə Şirvan-Salyan iqtisadi rayonları qərarlaşır.
Paytaxt Bakıda ötən il üzrə illik su sərfiyyatı isə 467.01 milyon kubmetr olub.
İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarları tikilir
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurun da su ehtiyatları respublikanın ümumi su ehtiyatlarına qoşulub. İşğaldan azad olunmuş ərazilərdə görülən böyük quruculuq işləri arasında yeni su anbarlarının tikintisi də həyata keçirilir. Məlumatlara əsasən, Qarabağda 1990-cı ilə qədər su ehtiyatları 2,13 kub kilometr təşkil edirdisə, hazırda bu rəqəm 1,87 kub kilometrə düşüb.
Öyrəndik ki, işğaldan azad olunmuş rayonlarda çayların bəzilərinin üzərində Xudafərin, Sərsəng, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələn- çay-2 və Ağdamkənd su anbarları olmaqla, 8 su anbarı yerləşir. Hazırda Araz çayı üzərində Qız Qalası, Həkəriçay (Laçın), Zabuxçay və Bərgüşadçay (Qubadlı) olmaqla 4 su anbarının tikilməsi istiqamətində işlərə başlanılıb. Mövcud olan su anbarlarının ümumi su tutumu 2,2 km3-dir.
Su ehtiyatlarına təsir edən əsas amillər
Həsən Əliyev adına Coğrafiya İnstitutunun "Qurunun Hidrologiyası və su ehtiyatları" şöbəsinin müdiri Rza Mahmudov qəzetimizə açıqlamasında bildirib ki, hazırda dünyada iki təbii problem varsa, biri Yer atmosferində baş verən qlobal iqlim dəyişmələri, ikincisi onun təsirindən yaranan ekoloji, o cümlədən su problemi, su böhranıdır. Müasir dövrdə dünya əhalisini, dövlət xadimlərini, elm adamlarını, beynəlxalq təşkilatları narahat edən həyati vacib məsələlərdən biri atmosferdə baş verən qlobal iqlim dəyişmələri və onun ətraf mühitə, xüsusən dünyanın su obyektlərinə olan təsirinin dinamik artmasıdır. Belə problemlərin həllinə çoxsaylı beynəlxalq tədbirlər həsr olunur ki, onlardan birinə 11-22 noyabr 2024-cü il tarixdə Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransını aid etmək olar.
Alim qeyd edir ki, iqlim mürəkkəb sistemdir və onun dəyişmə səbəbi həm təbii, həm də antropogen amillərin təsiri ilə bağlıdır: "Azərbaycan ərazisinin iqlimi də qlobal iqlim sisteminin tərkib hissəsidir və baş verən proseslər müxtəlif intensivliklə, müxtəlif zaman kəsiyində ölkənin iqlim şəraitinə təsir göstərir. Azərbaycanda çoxillik normaya nisbətən (norma 12,30C) 2007-2023-cü illərdə orta illik temperatur 13,50C təşkil edib. Yəni bu dövrdə temperatur artımı 1,20C olub. Yağıntılar isə müvafiq dövrlər üçün (norma 482 mm) azalaraq 445 mm təşkil etməklə 37 mm azalma müşahidə olunub.
Fəsillər üzrə 2023-cü ildə orta fəsil temperaturların artmasına (qışda +2.10C, yayda +2.00C, payızda +1.40C) baxmayaraq, yalnız yaz fəslində artım müşahidə edilməyib".
2040-cı ilədək su ehtiyatları azalacaq
R.Mahmudov bildirib ki, su problemləri üzrə müvafiq elmi tədqiqat işlərinin aparılması ölkəmiz üçün həmişə aktual məsələlərdən hesab olunur. İstənilən ölkənin çay su sistemi, su ehtiyatları məhz iqlimin məhsuludur. Əksər ölkələr eyni çay hövzələrində yerləşdiyindən qlobal və regional miqyasda baş verən dəyişmələr region ölkələrinin su ehtiyatlarına kompleks təsir edir. Dünyada 53 ölkə eyni çay hövzəsindədir. 33 ölkə isə su çatışmazlığı ilə problem yaşayan ölkələrdir ki, Azərbaycan da bu sıraya daxildir. XX əsrdə dünya üzrə suya olan təlabat 6 dəfədən çox artıb. Əsas səbəblər qlobal iqlim dəyişmələri və onun dünya su ehtiyatlarına təsiri, dünya əhalisinin artımı və suya olan təlaba tın çoxalması, əsasən antropogen təsirlərin artması nəticəsində sularda kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsidir. Sözsüz ki, ikinci dərəcəli digər səbəblər də mövcuddur. Bunun nəticəsidir ki, BMT 2018-2028-ci onilliyi dünyada "Su - dayanıqlı inkişaf üçün" devizi altında keçirməyi qərara alıb.
Şöbə müdiri vurğulayıb ki, Azərbaycanın ümumi su ehtiyatı 30 km3 ətrafında qiymətləndirilir və iqlim dəyişmələrinin təsirindən çayların illik axımının 12-15 faiz, hətta bəzi çaylarda 40 faizə qədər azalması bu göstəricini, xüsusilə azsulu illərdə daha aşağı edir. "Ölkənin Milli Su Strategiyasında göstərildiyi kimi, iqlim dəyişmələrinin təsirindən su ehtiyatlarının 2040-cı ilə kimi 20,1 km3-ə, o cümlədən yerüstü su ehtiyatlarının isə 11,6 km3-ə düşməsi ehtimal olunur. Beləliklə, ölkədə mövcud su çatışmazlığının 4,0 km3-dən 8,0 km3-ə qədər artması gözlənilir", - deyə o əlavə edib.
R.Mahmudov qeyd edib ki, təhlillər ölkə ərazisində birinci rübdə yağıntıların normanın 67 faizini (2024-cü ildə normadan çox - 119 faiz olub) təşkil etdiyini göstərir. 2025-ci ildə qar örtüyündə orta sululuq 28 faiz olub ki, bu, çoxillik normanın cəmi 43,0 faizini təşkil edir. Bununla belə əsasən düşən yağıntıların hesabına bu ilin aprel ayının əvvəlində Kür çayının Azərbaycana daxil olan məntəqəsində orta su sərfi 517 kubmetr olub ki, bu da normanın 110 faizini təşkil edir. Bununla bərabər müvafiq olaraq Mingəçevir və Şəmkir su anbarlarında səviyyə 2024-cü ilə nisbətən 0,39 və 0,42 metrdən çox olub. Son 16 ildə Mingəçevir su anbarının səviyyəsi ilk dəfə olaraq ən yüksək (78,92 m) səviyyəyə qalxıb. Oxşar vəziyyət Araz və Şəmkir su anbarlarında da müşahidə edilib.
Bu il ölkədə sululuq bir qədər aşağı olacaq
Alim deyib ki, Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin verdikləri fəsillik proqnozlara görə, aprel-iyun aylarında ölkə ərazisində havanın temperaturunun normadan 0,5-1,00C yüksək, yağıntıların isə normadan aşağı olacağı göstərilir: "Son illərin tədqiqatları göstərir ki, orta illik yağıntıların miqdarı azalsa da, qısamüddətli intensiv yağıntıların təkrarlanmasında artım müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətinin yaz gur sulu axın dövrü üçün hazırladığı proqnoza görə, Kür çayının Qıraq Kəsəmən məntəqəsindən Şəmkir su anbarına gözlənilən su sərfi 525-585 m3/san. arasında ola bilər ki, bu da çoxillik normaya yaxındır. Ümumiyyətlə, verilən proqnozlara əsasən, ölkə ərazisində bu il sululuğun normaya yaxın və bir qədər az olacağı gözlənilir. Eyni zamanda gursululuq dövründə düşə biləcək intensiv yağışlar bəzi dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsinə səbəb ola bilər.
Ümumilikdə, proqnozlar da göstərir ki, iqlim dəyişmələrindən, həmçinin antropogen təsirlərdən qaynaqlanaraq su böhranı ildən-ilə artmaqdadır. Azərbaycan da bu qlobal problemlə üz-üzədir. Bu baxımdan sudan səmərəli istifadə, çirklənmənin qarşısını almaq hər kəsin əsas vəzifələrindən birinə çevrilməli, iqlim dəyişmələrinin yaratdığı fəsadların qarşısını almaq üçün bu yöndə davamlı tədbirlər görülməlidir.
Əsmər QARDAŞXANOVA,