İqlim dəyişmələri dağlara necə təsir edir?

BMT Baş Assambleyasının təşəbbüsünə əsasən, 2003-cü ildən başlayaraq hər il bu gün- dekabrın 11-i Beynəlxalq Dağlar Günü kimi qeyd olunur. Əsas məqsəd dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında qaldırılmasıdır. 

2003-cü ildən başlayaraq Dağlar Günü müxtəlif başlıqlar altında qeyd olunmağa başlayıb. Bu tədbirlərdə dağlarla bağlı müxtəlif problemlər, məsələlər ön plana çıxarılıb. Bu il isə Dağlar Günü "Dayanıqlı gələcək üçün dağ həlləri - innovasiya, uyğunlaşma və gənclik" adı altında qeyd olunur.

Dünya əhalisinin təqribən 15 faizini qoynuna alan dağlarda biomüxtəlifliyin təxminən yarısı yaşayır. Bəşəriyyətin yarısını gündəlik həyat üçün şirin su ilə təmin edən dağlar davamlı kənd təsərrüfatına, təmiz enerji və dərman vasitələrinin təmin edilməsinə kömək edir.

 

Dağ sularının keyfiyyəti aşağı düşür

 

İqlim dəyişmələri daim müşahidə edilsə də, müəyyən proseslər zaman-zaman bir-birini əvəzləyir. Hazırda qlobal istiləşmə fonunda dağlar da müəyyən təsirlərə məruz qalır. Belə ki, dağ buzlaqları əriyərək su ehtiyatlarına təsir edir. 

Ümumilikdə, ekologiyaya vurulan ziyanda dağların da istismara məruz qalması, çirklənmə ilə üzləşməsi planet üçün riskləri artırır. Dik yamaclarda yaşayış və ya digər infrastruktur layihələri ilə əlaqədar aparılan işlər, tikinti proseslərinin aparılması torpağın məhv olmasına, eyni zamanda yüksək çirklənməyə səbəb olur. Nəticədə şirin su ehtiyatlarımızın - çayların əsas təminatçısı olan dağ sularının keyfiyyəti aşağı düşür. 

Məlumatlara əsasən, inkişaf etməkdə olan ölkələrdə 311 milyondan çox əhali torpaqların proqressiv deqradasiyasına məruz qalan ərazilərdə yaşayır, onlardan 178 milyonu ərzaq təhlükəsizliyinə həssasdır.

Təbii ki, digər ölkədə və bizdən milyonlarla kilometr uzaqlıqda baş verən ekoloji çirklənmələrin "bizə nə aidiyyəti var" sualı çoxlarını düşündürə bilər. Amma unutmayaq ki, Yer hər kəsin məskənidir, hansı məsafədə olmasından asılı olmayaraq, təbiətə vurulan hər bir zərər, ekoloji çirklənmələr planetin bütün sakinlərinə müxtəlif dərəcədə təsir göstərir. Bu baxımdan təbii sərvətlərimiz olan dağlara qayğını hər kəs öz məsuliyyəti hesab etməlidir.

Ərazisində 80-nə yaxın dağ yerləşən respublikamız şimaldan Böyük Qafqaz, qərbdən Kiçik Qafqaz, cənubdan isə Cənub dağları ilə əhatələnib. Azərbaycanın ən yüksək zirvəsi isə Böyük Qafqaz silsiləsində yerləşən, hündürlüyü 4466 metr olan Bazardüzü hesab olunur. 

Son illərdə yağıntıların az düşməsi, çaylarda sululuğun azalması, ümumilikdə qlobal istiləşmə fonunda əksər ölkələrdə içməli su ehtiyatlarında azalma müşahidə olunur. Dağlara yağan qar hesabına su ehtiyatının formalaşdığını nəzərə alsaq, onları çirklənmədən, aşınmadan qorumaq vacib faktorlardan biridir.

Ölkəmizdə hər il yaz aylarında yüksək dağlıq ərazilərdə 4 istiqamətdə qarölçmə işləri nəticəsində yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır. Buna əsasən su ehtiyatlarımızın həcmi müəyyənləşdirilir. 

 

İnsan həyatı dağlardan çox asılıdır

 

Dağların Yerin ayrılmaz hissəsi olduğunu qeyd edən Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov  bildirir ki, dağlar təbiətin formalaşmasında, əmələ gəlməsində, insan həyatında çox böyük əhəmiyyəti olan təbii sistemdir: "Dağlara ayrıca sistem kimi baxa bilərik. Dağların əksi düzənliklərdir. Düzənliklərdə olan həyat da dağlara bağlıdır. Dağlar Yer qabığında olan iri litosfer tavalarının bir-biri ilə toqquşması, kəsişməsi nəticəsində əmələ gəlir. Azərbaycan ərazisindəki Böyük, Kiçik Qafqaz, Cənub dağları Avrasiya və Qondvana litosfer tavalarının bir-biri ilə kəsişməsindən meydana gəlib. Bu toqquşma baş verməmişdən əvvəl dağların yerində nəhəng Tetis okeanı mövcud olub. Üfüqi yatmış layların qırışması ilə  yüksəlir və nəhayət, elə yüksək həddə çatır ki, ondan sonra qalxa bilmir. Sonra xarici qüvvələrin təsiri ilə dağılmağa başlayır və düzənliyə çevrilir. Məsələn, indiki Şərqi Avropa düzənliyi, Qərbi Sibir ovalığı, Turan ovalığının yerində vaxtilə böyük dağlar olub". 

M.İsmayılov qeyd edir ki, dünyada dağların yerləşməsində ümumi qanunauyğunluq var. Onlar adətən meridianal istiqamətdə, şimaldan cənuba doğru uzanır. Dünya okeanının dibində də belə hadisələr baş verir.  

Şöbə müdiri vurğulayır ki, zəlzələlərin ən çox yükünü götürən də dağlardır: "Yəni Yerin daxilindən gələn güclü təkanları dağlar özündə toplayır. Digər tərəfdən dağlar iqlimə, torpağa, bitki örtüyünə, təbiətin bütün ünsürlərinə təsir göstərir. Dağlarda təbiət sərt olduğundan insanlar ən çox düzənliklərdə yaşayırlar. Dağların sərtliyinə hər insan tab gətirə bilmir. Digər tərəfdən insanın sağlamlığına, psixologiyasına, adət-ənənələrə də təsirsiz ötüşmür. Ümumilikdə insan həyatı dağlardan çox asılıdır. Dağlar təbiətimizdə olmasaydı, soyuq iqlim olmazdı".

"Azərbaycan ərazisini bir anlıq düzənlik kimi təsəvvür etsək, onda təbiətdə bu zənginlik olmazdı" deyən alim bildirir ki, dağlar da bir-birindən fərqlənirlər. Məsələn, Kiçik Qafqazda vaxtilə güclü vulkanlar olub, dağların səthi vulkanik süxurlarla zəngindir. Orada sönmüş vulkanların kraterləri hələ də qalır. Həmin kraterlərin bəzilərinə su dolması ilə göllər əmələ gəlib. Kiçik Qafqazda Böyük və Kiçik Alagöl, Qara göl - bunlar hamısı möhtəşəm təbiət abidələridir. Böyük Qafqazda isə çökmə süxurlar üstünlük təşkil edir. 

M.İsmayılov deyir ki, dağlar faydalı qazıntılarına görə də bir-birindən fərqlənirlər. Məsələn, Kiçik Qafqaz ən çox metallik mənşəli faydalı qazıntılarla, yəni qızıl, dəmir filizi, mis, qurğuşun və sairə ilə zəngindir. Böyük Qafqazda isə tikinti materialları, neft yataqları daha çoxdur. "Dağların təsərrüfata da böyük təsiri var. Dağlıq ərazilərdə əsasən heyvandarlıq inkişaf edir. Əkinçilik üçün o qədər yararlı deyil, çünki yamacı şumlayanda, əkəndə eroziyaya uğrayır, torpaq uçulub dağılır", - deyə o əlavə edir. 

 

Azərbaycan çaylarını qidalandıran dağ buzlaqları sürətlə əriyir

 

İqlim dəyişikliklərinin dağlara təsirindən danışan alim söyləyir ki, bu istiqamətdə də ciddi proseslər gedir. Azərbaycan çaylarını qidalandıran dağ buzlaqları tədricən əriyir. Bir sıra ərazilərdə buzlaqlar, demək olar ki, yoxdur. Əvvəllər Kiçik Qafqazda Nival qurşağını ayıra bilirdik, indi isə mümkün deyil. Böyük Qafqazda da buzlaqlar sürətlə əriyir. Məsələn, 1960-1970-ci illərdə aparılmış coğrafi tədqiqatlar nəticəsində Böyük Qafqazda 6,75 kvadratkilometr buzlaq sahəsi olduğunu bilirdik. Kosmik şəkillərə əsasən, buzlaqların sahəsi kəskin surətdə azalıb, hazırda 0,72 kvadratkilometrə düşüb. Bu, təxminən 7-8 sot sahə deməkdir. 

Şöbə müdiri qeyd edir ki, buzlaqların ərimə prosesi iqlim dəyişmələri ilə əlaqədar davam edir: "Dağ buzlaqlarının yay aylarında çayların qidalanmasında əvəzsiz rolu var. Qudyalçay, Qaraçay, Qusarçay, Cənub yamacda başlayan Dəmiraparançay dağ buzlaqları ilə qidalanırlar. Əgər onlar buzlaqlardan qidalana bilməsə, gələcəkdə həmin çaylarda sululuq kəskin azala bilər. Çaylarda suyun azalması düzənlik ərazilərdə təsərrüfatda sudan istifadədə çox ciddi problemlərə gətirib çıxarar". 

M.İsmayılov vurğulayır ki, dağlarda gedən proseslər - eroziya, buzlaqların əriməsi, sürüşmələr nəticəsində düzənlik ərazilərin təbiəti ciddi surətdə dəyişir. Dağlıq ərazilərdə ekosistem çox həssasdır. Burada baş verən antropogen təsirlər - yolların çəkilməsi, tikinti proseslərinə həssas yanaşmaq lazımdır, çünki oradakı landşaftlar kövrəkdir. 

Alim yekunda qeyd edir ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda böyük layihələr həyata keçirilir. Həmin ərazilərin dağlıq olduğunu nəzərə alaraq burada layihələrin əsaslandırılması elə aparılmalıdır ki, gələcəkdə dağlar ekoloji cəhətdən məhv olmasın. 

 

Əsmər Qardaşxanova

 "Azərbaycan"