İqlimşünas alim, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyevin APA-ya müsahibəsi
İqlim dəyişmələri artıq faktdır
- Həsən müəllim, iqlim dəyişmələrinin əsas səbəbi nədir?
- İqlim dəyişikliyinin əsas səbəbləri sırasında insanların karbohidrogenlərdən enerji mənbəyi kimi geniş miqyasda istifadə etməsi yer alır. Yer atmosferində istixana qazlarının əsas komponenti olan karbon dioksid (CO2) emissiyasının artması Avropada daş kömürdən geniş istifadəyə keçidlə müşayiət olunan sənaye inqilabının başlaması, XIX əsrin axırları - XX əsrin əvvəllərində neft və təbii qazın dünya iqtisadiyyatının energetika balansına daha çox cəlb olunması ilə nəzərə çarpıb.
İqlim dəyişmələri artıq faktdır. Bunun nəticələri olaraq qlobal istiləşmə, çaylarda suyun səviyyəsinin dəyişməsi, yağıntılarda azalma qeyd olunur. Təbii dağıdıcı hadisələr tez-tez müşahidə olunur. Məsələn, sellər, dolu hadisəsi, leysan - onların sayı durmadan artır. Bu faktlar iqlim dəyişmələrinin nəticəsidir. Ozon təbəqəsinin qalınlığının azalmasını da bu nəticələr sırasında göstərə bilərik. Ozon çox nazik bir təbəqədir. Onu bir yerə yığsaq qalınlığı 3 mm olar. Lakin onun da nazikləşməsi baş verir. Əsas səbəb olaraq isə bütün dünyada hazırda antropogen amillər götürülür: insanların təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantı, istixana qazlarının konsentrasiyasının miqdarının, ən çox da karbon qazının artması. Bütün bunlar antropogen amillərdir. Lakin daha bir amil də var - Günəş fəallığının dəyişməsi. 2019-cu ildə 25-ci Günəş 11 illik sikli başlayıb. Biz bunun zəif bir sikl olacağını gözləyirdik. Lakin, əksinə, güclü oldu. Həmin siklin güclü olması nəticəsində Azərbaycanda da baş verən təbii-dağıdıcı hadisələrin miqdarı dəfələrlə artdı.
- Bəs karbon qazının artmasının əsas səbəbi nədir?
- Karbon qazının (CO2) miqdarının artmasının əsas səbəbi istehsalı, yanma məhsullarını - avtomobillərin sayı artır - nümunə göstərmək olar. Elə zavodlar var ki, əsas məhsul ilə yanaşı, bu kimi tullantı qazlar alınır. Məsələn, Rusiyanın şimal hissəsi daimi donuşluq əraziləridir. Temperaturun artması həmin donuşluğun əriməsinə gətirib çıxarır. Don qatı əriyəndə içəridə çürümə prosesləri gedir və metan qazının atmosferə daxil olması çoxalır. Bu da atmosferdə istixana rolunu oynayan qazlardan biridir.
Temperatur artır, dənizdə suyun duzluluq dərəcəsi çoxalır
- İstixana effekti tam olaraq nəyə səbəb olur?
- Temperatur artır, dənizdə suyun duzluluq dərəcəsi çoxalır. Xəzər dənizinə tökülən çay sularının 82%-i Volqa çayından gəlir. Volqa çayının səviyyəsi aşağı düşdükcə, Xəzərin səviyyəsi də azalır. Lakin duzluluğun qısa müddətdə artması, çox da inandırıcı deyil. Xüsusilə okeanlarda bu proses tədricən inkişaf edir. Okeanın səthi əvvəllər 1000 m dərinliyə qədər qızırdısa, artıq qızma 2000 m dərinliyə qədər çatır. Bu da isti axınlarının daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.
Son 30 ili götürsək, hər 10 ildə orta temperaturun əvvəlki onilliyə nisbətən artması müşahidə edilir. Bəzi əcnəbi alimlər qeyd edirlər ki, Xəzər dənizinin səviyyəsi 18 m aşağı düşəcək və s. Bunlar çox da inandırıcı deyil. Hazırda apardığımız tədqiqatlar proqnoz xarakterlidir, biz səviyyənin tərəddüdünü atmosferdə baş verən proseslərlə əlaqələndirmişik. Müəyyən etmişik ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ola bilsin ki, 2050-ci ilə kimi davam etsin.
2050-ci ildən sonra Xəzər dənizinin səviyyəsi yenidən yüksələcək
- Bu fikri bir az da aydınlaşdıra bilərsiniz, 2050-ci ildən sonra nə baş verəcək?
- Xəzər dənizi hövzəsinə düşən yağıntılar əsasən Atlantik okeanından - qərbdən gələn hava kütlələri ilə sıx bağlıdır. İndi qərb prosesləri zəifləyib, meridional proseslər güclənib. Yəni şimaldan cənuba, cənubdan şimala hava axını prosesləri güclənib, ancaq qərbdən gələn hava axınının qarşısı kəsilib. Volqa çayı hövzəsinə tökülən suyun miqdarı xeyli azalıb, Volqanın səviyyəsi aşağı düşür, eyni zamanda, Xəzər dənizinin də səviyyəsi daha aşağı düşür. Qərb prosesləri isə özünü 2050-ci ildən sonra doğrulda biləcək. Belə hesab edilir ki, 2050-ci ildən sonra Xəzər dənizinin səviyyəsi yenidən yüksələcək.
Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 1 dərəcəyə qədər artıb
- İqlim dəyişmələri Azərbaycanda özünü necə göstərir?
- Peykdən çəkilən şəkillərə əsasən demək olur ki, buzlaqların sahəsi get-gedə azalır. Antarktidada şelf buzlaqlarının sahəsi xeyli azalıb. Bu proses materikin ortasında olan buzların sərbəst surətdə sürüşərək okeana daxil olması kimi təhlükəli hadisələrə gətirib çıxara bilər. Bu, su səviyyəsinin xeyli qalxmasına səbəb ola bilər. Dünyanın şirin su ehtiyatlarının 90%-i materik buzlaqlarındadır. Hələ praktiki olaraq onu biz istifadə edə bilmirik. Azərbaycanda da elə çaylar var ki, buzlaqla qidalanır, məsələn, Qusarçay, sərhəd çayı olan Samurçay, Qudyalçay.
Azərbaycanın ərazisinin 50%-i yarımsəhra-quruçöl iqlimidir. Bu ərazilərdə əkinçilikdə məhz suvarma üsulundan istifadə olunur. Ona görə də ciddi tədbir görülməlidir. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 1 dərəcəyə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı da çoxalıb. Demək olar Azərbaycanın hər yerində yağıntıların miqdarı azalır. Dağətəyi zonalarda 200-500 metr məsafədə yağıntılar kəskin şəkildə azalıb. Dağların yuxarı hissəsinə qalxanda yağıntı nisbətən artır.
Azərbaycanda şirin su ehtiyatlarına gəldikdə isə bizim su ehtiyatlarımız yaxında yerləşən ölkələrdən azdır. Bizə gələn çayların çoxu tranzit çaylardır. Azərbaycana 31 kub km su gəlir. Onun da 10 kub km hissəsi Azərbaycanda formalaşır. Qalan hissə tranzit çaylar hesabınadır.
Hər raket buraxılandan sonra onun keçdiyi və düşdüyü yerdə uzun müddət ozon təbəqəsi bərpa oluna bilmir
- Bəs dünyanı təhdid edən qlobal istiləşmə kimi böyük fəsadların qarşısını almaq üçün nələr etmək olar?
- Məsələn, şirin su ehtiyatlarının azalmasının qarşısını almaq üçün işlər görülə bilər. Şirin su çatışmazlığı böyük problem yarada bilər. Hazırda isti ölkələrdə əsas münaqişə səbəblərindən biri də transsərhəd çayları ilə bağlıdır. Bizdə də transsərhədd çayları var. Məsələn, Kür çayı Türkiyədən gəlir. Bu mövzuda həm çayların çirkləndirilməsinin qarşısı alınmalıdır, həm də istifadəsi ədalətli qaydada tənzimlənməlidir. Azərbaycanda bununla bağlı problem yoxdur. Yalnız bircə qalıb Ermənistanla olan məsələ. Onlar bizim çaylarımızı məqsədyönlü çirkləndirirlər.
Suya qənaət etməliyik. Burada fərdi şəxslərdən öncə istehsalatda suya qənaətdən söhbət gedir. Bunun üçün sudan təkrar istifadə etmə mexanizmi tətbiq edilməlidir. İstifadə olunmuş suyu yenidən təmizləmək və istehsala qaytarmaq lazımdır.
Daha mühüm vəzifəmiz isə ətraf mühiti yaşıllaşdırmaqdır ki, bu da Azərbaycanda sürətlə aparılan işlərdəndir. Torpaqların çirklənməsi, deqradasiyası kimi proseslərin qarşısını almaq üçün də dövlət tərəfindən işlər aparılır.
Bizim suvarma kanallarımız var ki, çoxunun yatağı torpaqdır. Axan suyun xeyli hissəsi itir, torpağa hopur. O kanalları bərpa etmək lazımdır ki, suya qənaət olunsun. Bunlar bizim üçün kiçik görünə bilər. Lakin sonda hamısı böyük bir nəticə əldə etməyimizə xidmət edəcək addımlardır.
Ozon təbəqəsini də qorumaq üçün konfranslar keçirilir. Hər raket buraxılandan sonra onun keçdiyi və düşdüyü yerdə uzun müddət ozon təbəqəsi bərpa oluna bilmir. Ona görə raketlər əsasən ya okeanlardan, ya da insanların az yaşadığı yerlərdən qalxır. Antarktidada 5 mln kv. km ərazidə ozon təbəqəsi yoxdur. Bu, antropogen amilin təsiridir. Cənubda baş verən istənilən dəyişiklik şimalda özünü göstərir. Eynilə də şimalda baş verən dəyişiklik cənubda özünü göstərə bilər. Yəni hava cərəyanları vasitəsi ilə daşınır. İnsan elə bilməsin ki, buranı çirkləndirir, fəsad da elə bu ərazidə qalacaq. Bu təbii ki, belə deyil. Qoyulan məqsəd odur ki, 2050-ci ilə qədər Ozonun əvvəlki səviyyəsi bərpa olunsun.
Azad edilmiş ərazilərdə görülən işlər “yaşıl iqtisadiyyatın” ən yaxşı nümunəsidir
- Artıq bir neçə aydan sonra dünya iqlim dəyişikliklərinin qarşısını almaq üçün suallarına cavabı, çıxış yolunu Azərbaycanda keçiriləcək COP29 konfransında axtaracaq...
- COP29 önəmli iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, tədqiqatçıları, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir. Konvensiyanı imzalayan ölkələr atmosferə atılan karbon qazının miqdarını 35%-dək azaltmaqla bağlı da öhdəlik götürüb. 2050-ci ilə qədər CO2 qazının emissiyası 40%-dək azaldılmalıdır.
Məsələn, Azərbaycanda mazut ilə işləyən istilik elektrik stansiyaları var idi. Azərbaycan onların hamısını təbii qaza keçirib. Eyni zamanda, COP29-un iştirakçıları görəcək ki, Azərbaycan işğaldan azad etdiyi böyük bir ərazidə hansı işləri görüb. Burada ətraf mühiti çirkləndirən bir dənə də iş görülə bilməz. Azad edilmiş ərazilərdə görülən işlər “yaşıl iqtisadiyyatın” ən yaxşı nümunəsidir.
- Ətraf mühiti çirkləndirmədən hansı işləri aparmaq olar?
- Biz bunu azad olunmuş ərazilərdə bariz şəkildə görürük. Çayların üzərində su elektrik stansiyaları qurulur. Doğrudur, su elektrik stansiyaları tükənən enerjidir, lakin bərpa oluna bilən enerji hesab olunur. Hazırda Azərbaycanda bərpa olunan enerjinin istifadəsi əsas prioritetlərdən biridir. Üstəlik, günəş və külək enerjisi - hara baxsan bunu görə bilərsən. Məsələn, Qobustanda, Qubada külək elektrik stansiyaları var. Böyük sahələri əhatə edən günəş panelləri də quraşdırılıb. Bu sahədə görülən işləri daha da inkişaf etdirmək üçün Azərbaycan bir neçə ölkə ilə müqavilə bağlayıb. Qarşıya qoyulan məqsədlər çox böyükdür.
Azərbaycan istehsal olunan enerjinin 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb. Bu sizə asan görünməsin. Su elektrik stansiyaları bərpa olunandır, elektrik stansiyalarında isə ətraf mühiti çirkləndirən mazutdan istifadə ləğv edilib, təbii qazdan istifadəyə keçmişik. Bu işlər hamısı iqlim dəyişmələrinin qarşısını almaq yolunda atılan addımlardır. Təbii ki, bu, çox böyük bir prosesdir.
Azərbaycan alimləri COP29-un müzakirə panelində elə təkliflər verə bilər ki, o başqa ölkələr üçün maraqlı olar
- COP29 kimi qlobal miqyaslı iqlim problemlərinə həsr edilən tədbirin keçirilməsi Azərbaycan üçün nə vəd edir?
- COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır.
Azərbaycan Respublikasında SSRİ-nin dağılması nəticəsində ətraf mühiti çirkləndirən sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyəti dayandıqdan sonra atmosferə atılan zəhərli maddələrin miqdarı kəskin azaldı.
Stasionar mənbələrdən atılan tullantıların əsas hissəsi tikinti materialları, neft-kimya sənayesi, energetika müəssisələrinin payına düşürdü. Əsas sənaye şəhərlərindəki vəziyyət sözün əsl mənasında təşviş doğururdu, xüsusilə Sumqayıtda.
Respublikada atmosferə buraxılan tullantıların miqdarının 80%-dən çoxu bu 5 şəhərin payına düşürdü: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan.
Müstəqilliyin ilk illərində sənaye müəssisələrinin çox hissəsinin fəaliyyətinin dayanmasına baxmayaraq, havanın tənzimləyici qurğularının təmirinə və bərpasına heç bir vəsait ayrılmadığından atmosferin çirklənməsi ağır olaraq qalırdı. Sonrakı illərdə Azərbaycanda iqtisadiyyatın inkişafı və respublikaya gətirilən avtomobillərin sayının durmadan artması, atmosferin ekoloji vəziyyətinin ağır olaraq qalmasına səbəb olurdu.
Nəzərə almaq lazımdır ki, hazırda avtomobillərdən Bakı şəhərinin atmosferinə atılan zəhərli maddələrin orta illik miqdarı 300 min tona çatıb. Avtonəqliyyat tullantılarının tərkibində olan qurğuşun insan orqanizminə təhlükəli təsir göstərir və yüksək zəhərləyici xüsusiyyətlərə malikdir. Lakin hazırda bütün bunlar barədə ətraflı qiymətləndirmə aparılır. Atmosferə atılan tullantı qazlarının miqdarında ciddi azalma var.
Ölkəmiz iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini qorumağa çalışır. Buna görə də belə bir tədbirin Azərbaycanda keçirilməsini bütün iştirakçı dövlətlər dəstəkləyir. COP29 noyabrda keçiriləcək. Lakin ona qədər COP29-un gündəliyi qəbul ediləcək. Orada iqlim dəyişmələri, maliyyələşmə kimi məsələlər müzakirə olunacaq. Əlbəttə, Azərbaycan alimləri COP29-un müzakirə panelində elə təkliflər verə bilər ki, o başqa ölkələr üçün maraqlı olar. COP29 çərçivəsində inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün maliyyə yardımı da göstərir.