Ulu öndər hələ 54 il əvvəl ölkəyə rəhbərlik etməyə başladığı dövrdən respublikanın xalq təsərrüfatının hərtərəfli inkişafında, elmin rolunun artırılmasını, həm də tətbiqi elm sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin başlıca istiqamətlərindən biri elan etdi. Artıq 1970-ci illərin əvvəllərindən başlayaraq məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndi. Yaxşı yadımızdadır, həmin ərəfələrdə AMEA akademik Həsən Əliyev adına indiki Coğrafiya İnstitutunun tədqiqatçıları respublikamızın o vaxtkı adlı-sanlı Kür-Araz tikinti birliyinin, həmçinin Geoloji Kəşfiyyat İdarəsinin Azərbaycan geoloji və irriqasiya istehsal sahələrinin sifarişi ilə böyük təcrübi tətbiqi əhəmiyyəti olan irimiqyaslı kompleks landşaft, geomorfoloji və iqtisadi- coğrafi xəritələrini hazırlamış, təcrübi cəhətdən tətbiq olunmuşdur. Bunlar da, həmçinin öz növbəsində institutun maliyyə bazasının möhkəmlənməsinə böyük imkan yaratmışdır. Həmin illərdə Azərbaycanın coğrafiyaçı alimlərinin ilk dəfə keçmiş Sovet məkanında tərtib etdiyi "Azərbaycan SSR iqlimi" monoqrafiyası təcrübi dəyərlərinə görə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Ulu öndər coğrafiyaçı alimlərin, eyni zamanda Respublika Coğrafiya Cəmiyyətinin layiqli yaradıcılıq qabiliyyətlərini dəyərini vaxtında yüksək qiymətləndirmişdir. 

      Zəmanəmizin böyük şəxsiyyəti Heydər Əliyevin Azərbaycanın dövlətçilik və milli quruculuq tarixində müstəsna yeri vardır. Dünya türkçülük və azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi, Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Heydər Əliyevin prinsipial qətiyyətli vətənpərvərlik fəaliyyəti nəticəsində Azərbaycan özünün milli geostrateji, iqtisadi və mədəni potensialına söykənərək Şərqlə Qərb arasında etibarlı körpü yaratmış və dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ona görə Azərbaycanda müasir demokratik, hüquqi və milli dövlətçilik quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan konstruktiv islahatlar, əldə olunan uğurlu nəticələr xalqımızın sabaha olan inamını qat-qat artırır. Əlbəttə, Heydər Əliyev siyasətinin hərtərəfli uğurla həyata keçirilməsi milli müstəqilliyimizi və onun dönməzliyini möhkəmləndirir. Böyük fəxrlə demək olar ki, bugünkü milli coğrafi inkişaf və tərəqqinin bazası olan elm və məfkurə siyasətinin əsaslarını ulu öndər hələ 54 il öncə ölkəyə rəhbərlik etməyə başlayarkən qoymuşdur. 

      Görkəmli dövlət xadimi Heydər Əliyev respublikada digər çoxşaxəli xalq təsərrüfatının dinamik inkişafı ilə yanaşı, elmin inkişafını ləngidən, onun tədqiqinə maneçilik törədən neqativ hallara, maneələrə qarşı barışmaz mövqeyi ilə hər zaman seçilib, bu kimi halların vaxtında aradan qaldırılması üçün vacib tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı olmuşdur.

    Ulu öndər Elmlər Akademiyasına, onun əməkdaşlarına hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşmışdır. Azərbaycan Elmlər Akademiyasının ilk yüksək mükafatı - "Xalqlar dostluğu" ordeni də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən təqdim edilmişdir. Həmçinin 2001-ci ildə ulu öndərin  xüsusi fərmanı ilə Elmlər Akademiyasının adına "Milli" sözünün əlavə olunması minlərlə akademiya əməkdaşlarının da vətən məhəbbətini və sevgisini qat-qat artırmışdır. Bundan sonra Akademiyada müasir elmi-texniki ye nidənqurma islahatları və elmi yeniliklərin nəticələrinin istehsalata tətbiqi daha da sürətlənmişdir.

      Ümummilli liderimiz səmərəli ömür coğrafiyasının bütün mərhələlərində respublikamızda təhsilə, maarifçiliyə, milli təhsil sisteminin dinamik inkişafına həmişə yüksək önəm vermişdir. Milli mədəniyyətimizə, müəllimlərə, alimlərə eyni dərəcədə qayğı ilə yanaşmışdır. Onların sosial müdafiələrinin gücləndirilməsinə dair çoxsaylı fərman və sərəncamlar imzalamışdır. O, "müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" deməklə, təkcə öz mövqeyini ortaya qoymurdu, həmçinin cəmiyyətin diqqətini məktəb və müəllim nüfuzunun yüksək tutmasının vacibliyinə yönəldirdi. Bu yanaşma sayəsində respublikada yüzlərlə müəllim "Əməkdar müəllim" fəxri adına layiq görüldü. Minlərlə azərbaycanlı tələbə keçmiş Sovet məmləkətinin adlı-sanlı ali məktəblərində təhsil aldılar. Bu unikal xüsusiyyəti daşımaqla, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialının yaradılması demək idi. 

      Heydər Əliyevin Azərbaycan elmi qarşısında tarixi xidmətlərindən biri də elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı milli tədqiqatçı-alim kadrların yetişməsi olmuşdur. Belə elmi siyasət sonralar - müstəqillik dövründə biokimya, molekulyar, biologiya, biofizika, tətbiqi coğrafiya, regional coğrafiya və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və tətbiqini daha da təkmilləşdirdi. 1993-cü ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı mərhələlərdə ümummilli lider Heydər Əliyev bugünkü Azərbaycanın ümumi inkişaf siyasətinin davamlı və dönməz əsasını qoydu. Yəni Heydər Əliyev tərəfindən formalaşdırılan ümumi inkişaf strategiyası ilk növbədə Azərbaycanın milli maraqlarını aydın və dəqiq şəkildə müəyyən etmişdir. Daha doğrusu, bu ümummilli inkişaf strategiyası eslində Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva etmişdir. 

      Böyük siyasi təcrübəyə malik Heydər Əliyev respublikamızda milli ruhda formalaşmağa başlamış müasir cəmiyyətin çoxpartiyalı siyasi sistem əsasında yenidən qurulması işini həyata keçirməyə başladı. Keçmiş SSRİ kimi qüdrətli bir dövlətin təkpartiyalı sisteminin əsas liderlərindən biri olan Heydər Əliyev müstəqillik dövründə çoxpartiyalı cəmiyyət quruculuğunda da böyük səriştə nümayiş etdirmişdir.Nəhayət, xalqın ümummilli lideri Heydər Əliyev tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyətini öz üzərinə götürdü. 

      Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmaqla ölkənin bütün regionlarında fəaliyyət göstərməyə başladı. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya onun özünün dediyi kimi, "Dünənin, bu günün və gələcəyin partiyasıdır". YAP-ın yaradılması ulu öndər Heydər Əliyevə Azərbaycan cəmiyyətinin milli birlik sifarişi idi. Çünki bu partiyanın yaradılması özlüyündə Azərbaycanın gələcəyə çıxış yolunu müəyyənləşdirdi. Xalqın həmrəylik müraciəti əsasında zəmanəmizin dühası ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməyə razılıq verdi. Nəticədə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanın siyasi sisteminin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası yaradıldı. Yekun olaraq demək olar ki, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin ömür coğrafiyası bütünlüklə xalqına, millətinə, bir də doğma vətəninə bağlı olmuşdur. Bu il müasir azərbaycançılıq ideologiyasının banisi olan ulu öndər Heydər Əliyevin çoxillik ömür coğrafiyasının 100 illik yubileyi qeyd olunur. "Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!" deyən ulu öndər hələ Sovet dönəmindən Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış önəmli işlər görməklə, Azərbaycanın gələcək müstəqilliyinin bünövrəsini qoydu. Nəhayət, 1993-cü il iyunun 15-də Azərbaycanda onun yenidən hakimiyyətə qayıdışı dövlətçilik tariximiz şanlı qürur səhifəsini reallaşdırdı. 

      Ulu öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, gərəkliliyini nümayiş etdirdi. Həyat sübut edir ki, etnik kökləri, dili və mədəniyyəti xalqlarımızın birliyinin dönməz təməl daşlarıdır. Yeni Azərbaycan Partiyasının növbəti VII Qurultayının qətnaməsi isə müdrik Prezidentimiz cənab İlham Əliyevin müasir islahatlar siyasətinin tarixi davamıdır. 2020-ci ildə İkinci Vətən müharibəsində əldə olunmuş tarixi qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır.

Elm və Təhsil Nazirliyi akademik

Həsən Əliyev adına Coğrafiya

İnstitutunun baş direktoru, Zakir Eminov,

 

şöbə rəhbəri Habil Haqverdiyev

https://respublika-news.az