İqlimşünas alim: Qlobal istiləşməyə əsas səbəb atmosferə atılan karbon qazının miqdarının kəskin artmasıdır

İqlimşünas alim: Qlobal istiləşməyə əsas səbəb atmosferə atılan karbon qazının miqdarının kəskin artmasıdır
 

Qlobal istiləşmə və onunla əlaqədar müasir iqlim dəyişmələri yaşadığımız dövrdə bəşəriyyəti narahat edən ən əsas problemlərdən biridir. Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov AZƏRTAC-a qlobal istiləşmənin gözləntilərindən danışıb. İqlimşünas alim Ümumdünya Meteorologiya Təşkilatı və dünyanın aparıcı proqnoz mərkəzlərinin 2024-cü ilin çox isti keçəcəyi haqqındakı xəbərdarlığı və bunun əsasən “El Nino” hadisəsinin aktivləşəcəyi ilə bağlı olduğu barədə məlumatları şərh edib.

Səid Səfərov qeyd edib ki, aparılan çoxsaylı tədqiqatlara əsasən, qlobal istiləşməyə əsas səbəb insanın istehsal və təsərrüfat fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazı və digər parnik effekti yaradan qazlarının miqdarının durmadan artmasıdır. Sənayeləşmə dövründən başlayaraq yanacağa (neft, daş kömür, təbii qaz və s.) olan tələbatın durmadan yüksəlməsi ilə əlaqədar atmosferə atılan karbon qazının miqdarı kəskin artaraq son dövrlərdə təhlükəli həddə çatmışdır. Bunun nəticəsində Yerin şüalandırdığı uzundalğalı enerjinin getdikcə daha böyük hissəsi atmosferdəki karbon qazı və digər istilik effekti yaradan qazlardan geriyə əks olunur ki, bu da Yerin istilik balansını pozaraq qlobal istiləşməyə səbəb olur.

BMT-nin İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun 2022-il avqustun 9-da Cenevrədə yaydığı sonuncu 6-cı hesabatına əsasən, 1850-1900-cu illər ilə müqayisədə Yer kürəsinin orta illik qlobal temperaturu 1,1-1,2 dərəcə artıb. Müasir iqlim ssenarilərinə əsasən yaxın onilliklərdə qlobal temperatur artımının 1,5, hətta 2,0 dərəcəyə çatacağı gözlənilir. Temperaturun artması ilə planetin bütün iqlim şəraiti də dəyişir – ekstremal təhlükəli hadisələrin təkrarlanması artır, təbii zonaların yerdəyişməsi baş verdiyindən bitki və heyvanlar məhv olur.

Qlobal istiləşmə dağlarda qar örtüyü və buzlaqların sərhədinin durmadan yuxarı qalxmasına və bəzi yerlərdə tamamilə yox olmasına səbəb ola bilər ki, bu da bir çox regionlarda içməli su probleminə gətirib çıxaracaqdır.

“Azərbaycan ərazisində də qlobal istiləşmə öz təzahürlərini göstərməkdədir. İqlim norması 1961-1990-cı illərlə müqayisədə 1991-2020-ci illərdə havanın orta illik temperaturu orta hesabla 0,80 – 1,2 dərəcə artıb. Ən böyük artım isə avqust ayında müşahidə edilir ki, bu da bir çox hallarda davamlı və intensiv “isti hava dalğaları”, həmçinin ekstremal hava temperaturları ilə müşayiət olunur. Respublikanın əksər ərazilərində atmosfer yağıntıları iqlim normasına nisbətən azalsa da, ayrı-ayrı günlərdə müşahidə olunan anomal intensivli yağıntılar və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin (leysan, ildırım, dolu, qasırğa küləyi, sel, daşqın və s.) təkrarlanması artıb. Bu, özünü cari ilin may və iyun aylarında daha qabarıq göstərməkdədir. Temperaturun artması və yağıntıların azalması səbəbindən suya olan tələbatın artması fonunda, ölkənin su ehtiyatlarının azalması müşahidə edilir. Yaxın onilliklərdə istiləşmənin daha da sürətlənəcəyi ilə əlaqədar olaraq Azərbaycanda da yuxarıda qeyd edilən neqativ təzahürlərin daha da kəskinləşəcəyi ehtimal olunur”, - deyə alim bildirib.

S.Səfərov bildirib ki, dünya ekspertlərinin ümumi rəyi bundan ibarətdir ki, ən yaxın gələcəkdə atmosferə atılan parnik və digər zərərli qazlarının miqdarını kəskin azaltmaqla, qlobal temperaturu stabilləşdirmək, iqlim dəyişmələrinin miqyasını məhdudlaşdırmaq mümkündür və bu da inkişaf etmiş dövlətlərin imkanları daxilindədir.

Qlobal istiləşməni məhdudlaşdırmağın yeganə yolu dünyanın enerji balansında bərpa olunan enerjinin (külək, günəş və s. enerjiləri) xüsusi çəkisini kəskin artırmaqla, atmosferə atılan karbon qazı və digər parnik qazlarının miqdarının azaldılmasıdır. Bununla yanaşı, qlobal temperaturun dəyişməsinə dünya okeanında baş verən irimiqyaslı proseslər də nəzərəçarpacaq təsir göstərir. Bunlardan biri Sakit okeanın ekvatorial ərazilərində vaxtaşırı müşahidə olunan “La Nino” və onun əksi olan “El Nino” hadisələridir. “La Nino” baş verdiyi zaman Sakit okeanın tropik və xüsusilə də ekvatorial hissəsində nisbətən isti səth axınları şərqdən qərbə doğru hərəkət edərək, Cənubi Amerikanın qərb sahillərində (Peru və Ekvador) “apvelling” hadisəsinə, yəni nisbətən soyuq dərinlik sularının səthə qalxmasına səbəb olur. Sahil sularının temperaturunun aşağı düşməsi orada yaşayan canlılar, o cümlədən əksər balıq növləri üçün münbit şərait yaratmaqla yanaşı, Peru və Ekvadorda quraqlığa, Avstraliya və İndoneziyanın əksər ərazilərində isə şiddətli yağıntılara və daşqınlara səbəb olur. Bəzən də okeandakı səth axınları istiqamətini kəskin dəyişərək, qərbdən şərqə doğru yönəlir ki, bu da “El-Nino” hadisəsinin baş verməsinə səbəb olur. Bu zaman nisbətən isti səth suları Cənubi Amerika sahillərinə yönəlməklə orada “apvelling” proseslərini xeyli zəiflədir və hətta su səthi temperaturunun nəzərəçarpacaq artımına şərait yaradır. Bu zaman Cənubi Amerikanın qərb sahillərində okeanın səviyyəsi 60 sm-ə qədər qalxa bilir. Suyun temperaturunun kəskin artması buradakı canlılar üçün əlverişsiz şərait yaratmaqla yanaşı, intensiv yağıntılara, qasırğalara və daşqınlara səbəb olur. Həmin dövrdə əks istiqamətdə yerləşən Avstraliya və İndoneziyanın əksər ərazilərində kəskin quraqlıq və meşə yanğınları müşahidə olunur. Qərbdən şərqə doğru hərəkət edən isti su kütləsi Sakit okeanın ekvatorial ərazilərində passat küləklərinin zəifləməsinə və beləliklə həmin ərazilərdə yağıntıların azalmasına və quraqlığa səbəb olur. “El Nino” hadisəsi yalnız ekvatorial Sakit okean regionuna deyil, kifayət qədər uzaq məsafələrdə yerləşən ərazilərin də hava və iqlim şəraitinə təsir edir. “El Nino” zamanı okean artıq istilik və rütubətin bir hissəsini atmosferə ötürdüyündən Yer kürəsinin qlobal temperaturu bir qədər arta bilir.

Hazırda son 3 ildə aktiv olan “La Nino” zəifləməkdə və öz yerini “El Nino”ya verməkdədir. Bununla əlaqədar dünya alimləri 2024-cü ildə qlobal temperaturun El-Nino səbəbindən daha 0,2 dərəcə artacağını, tropik və ekvatorial zonada yağıntıların azalmasını, quraqlığı və Avropanın şimalında qış aylarında şiddətli soyuqlar proqnozlaşdırırlar.

S.Səfərov qeyd edib ki, Yerin qlobal temperaturu sənayələşmədən əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,2 dərəcə artıb. “El Nino”nun atmosferə əlavə istilik qatacağını nəzərə alaraq, alimlər Yer kürəsində temperatur artımının müvəqqəti olaraq Paris razılaşması ilə kritik hədd kimi qəbul edilmiş 1,5 dərəcəni aşmasından ehtiyatlanırlar. Lakin “El Nino” dünyanın müxtəlif ərazilərində özünü fərqli təzahür etdirir, yəni bəzi yerlərdə quraqlığa səbəb olsa da, digər yerlərdə şiddətli yağıntılara, sel və daşqınlarla müşaiyət olunur. Hazırda “La Nino”nun zəifləyərək “El Nino”ya keçməsi Azərbaycan ərazisində intensiv yağıntılar, dolu düşməsi, daşqın və sel hadisələri ilə özünü büruzə verir və qarşıdakı 2-3 il ərzində də bu tendensiyanın davam edəcəyini ehtimal etmək olar.

“Məlum olduğu kimi Xəzər dənizinə tökülən çay sularının 80 faizindən çoxu Volqa çayının payına düşür. Son illərdə apardığımız tədqiqatların nəticələrinə əsasən müəyyən edilmişdir ki, Volqa çayının illik axımının artdığı dövrlər “El Nino”nun daha çox təkrarlandığı dövrlərə təsadüf edir. Bu baxımdan ən azı yaxın 2-3 il ərzində Xəzər dənizinin səviyyəsində müvəqqəti olsa da, müəyyən artım olacağını gözləmək olar”, - deyə alim bildirib.

https://azertag.az