Çörəkli şəhər və ya Ağdamın ağ günləri 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa səfəri və səfər zamanı neçə-neçə kəndin, yaşayış məhəlləsinin, inzibati binanın, məktəbin və s. təməlinin qoyulması hədsiz sevindirici idi. Bütün bunlar, əlbəttə ki, dövlət başçısının vətən torpağına sahibliyinin, diqqət və qayğısının, eləcə də “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!” məşhur deyiminin təkcə sözdə deyil, əməldə də  gerçək olduğunun göstəricisidir. Xəbərlərdə səfərdən hazırlanmış telereportaja baxarkən qürurlanmamaq mümkün deyildi. Xüsusən, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, inzibati binanın, Ağdam Muğam Mərkəzinin, “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin və s. obyektin təməlinin qoyulması, həqiqətən, yaxın gələcəkdə Ağdamın 100 minlik əhalisi olan müasir bir şəhər olacağından xəbər verir.



Ağdam rayonu Azərbaycanın işğal olunmuş rayonları arasında  ən böyük rayon  idi, burada o zaman təxminən 143 min əhali yaşayırdı, ərazisi 1094 kv.km olan rayonda 124 kənd vardı. Mənfur qonşularımız Ağdam şəhərini, bütün Ağdam rayonunu amansızcasına dağıdıb yerlə-yeksan ediblər, şəhərdə yarıuçuq Cümə məscidindən savayı salamat bir bina qoymayıblar, onu da öz çirkin məqsədləri üçün istifadə ediblər. Hətta şəhəri bu vəziyyətdə görən xarici jurnalistlər onu “Qafqazın Hirosiması” adlandırmışdılar. Bu, ermənilərin hansı mədəniyyətə, əxlaqa malik olduqlarının bariz nümunəsidir. Niyyətləri aydın idi: türk, azərbaycanlı izlərini bu yerlərdən silmək, onların buralarda yaşamaq istəklərinə maksimum mane olmaq. Olmadı. 44 günlük savaş meydanında biz öz sözümüzü dedik. Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuz Ermənistan ordusunu darmadağın etdi və Qarabağın xeyli hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut rayonu və Şuşa şəhəri işğalçılardan təmizləndi. 30 il Qarabağda at oynatmış erməni ordusu müqavimətin mənasız olduğunu anlayıb, tam təslim oldu  və işğalda olan digər üç rayonumuzu - Ağdam, Kəlbəcər və Laçını döyüşsüz, bir güllə atmadan qeyd-şərtsiz qaytarmağa məcbur oldular.

İndi digər rayonlarımız kimi Ağdam da iki il yarımdır ki, azadlığına qovuşub, amma görünməyən düşmənlə - minalarla “döyüşlər” hələ davam edir. Erməni ordusu tərəfindən basdırılmış minaların sayı-hesabı yoxdur, mütəxəssislər Qarabağda təxminən bir milyona yaxın minanın basdırıldığını deyirlər. Bu, çox böyük rəqəmdir və bu səbəbdən Azərbaycan ərazisi minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Amma təbii ki, bu minalar hər yerdə bərabər şəkildə basdırılmayıb. Ən sıx mina basdırlmış ərazilər Tərtər, Ağdam, Füzuli istiqamətindədir, çünki düşmən Azərbaycan Ordusunun əsasən bu istiqamətlərdən hücuma keçəcəyini zənn edirdi və ermənilərin Ağdama, ağdamlılara qarşı xüsusi kini-nifrəti vardı. Onlar nə vaxtsa Ağdamda yenidən azərbaycanlıların yaşamasını istəmirdilər və bu üzdən Ağdam rayonu ərazisini daha sıx şəkildə minalamışdılar. Son məlumatlara görə, müharıbə bitəndən bəri artıq 300-ə yaxın vətəndaşımız mina partlayışından xəsarət alıb və onlardan 55 nəfəri həlak olub. Təbii ki, minatəmizləmə işi çox ağır, üzun sürən və bahalı işdir. Mütəxəssislərin deməyinə görə, bir minanın basdırılmasına 10-15 manat sərf edilirsə, onun aşkar edilib zərərsizləşdirilməsi təxminən 500-1000 manata başa gəlir. Bildirildiyinə görə indiyə kimi cəmi təxminən 80 min hektar və ya 800 kv.km ərazi minalardan təmizlənib. Bu istiqamətdə qarşıda hələ nə qədər çox işlərin görüləcəyi və bu işlərə nə qədər böyük vəsaitin və zamanın sərf ediləcəyini düşünəndə erməni vandllarının iyrənc niyyətlərinin miqyasını təsəvvür etmək mümkündür.



Bütün bunlara baxmayaraq, xalqımız ruhdan düşmür, işğal altında olmuş bütün ərazilərimizin   canlı və cansız düşmənlərdən təmizlənməsində, bərpa-quruculuq işlərində fəal iştirak edir və Böyük Qayıdışa hazırlıq görülür. Qarabağın işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında başlanan bu yenidənqurma-bərpa işləri hazırda sürətlə davam etdirilir və bu işlərə dövlət büdcəsindən milyardlarla vəsait ayrılır.

İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Ağdam şəhərinin baş planı hazırlanmağa başlandı və qısa müddətdə tamamlanaraq təsdiq edildi. Tezliklə tikinti- bərpa işlərinə start verildi və artıq bir neçə obyektin, o cümlədən 960 yerlik 4 mərtəbəli şəhər 1 nömrəli məktəbin binası, birinci yaşayış məhəlləsi və s. binaların inşaası başa çatmaq üzrədir. Şəhərin baş planı “ağıllı şəhər” konsepsiyasına uyğun hazırlanmış və inşa ediləcək binalar, məhəllələr, infrastruktur obyektləri şəhərin həm körkəminin, həm də insanların yaşaması və işləməsi üçün rahatlığının yüksək səviyyədə olmasını təmin edəcəkdir.

Ağdam bizim dəyərli ziyalılarımızın, ədəbiyyat və incəsənət xadimlərimizin, 16 nəfər Milli Qəhrəmanımızın vətəni, muğam sənətinin mərkəzlərindən biridir. Bu şəhər həm də “çörəkli şəhər” kimi tanınırdı. Bunun birbaşa və dolayı mənası vardı. Belə ki, Ağdam rayonu Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biri idi, aran Qarabağın münbit torpaqlarından hər il pambıq, üzümlə bərabər, həm də min tonlarla yüksək keyfiyyətli taxıl tədarük edilirdi. Təsadüfü deyil ki, dünyanın ən nadir muzeyləindən biri olan Çörək Muzeyi də Ağdam şəhərində idi. Yeri gəlmişkən, bu yaxınlarda AzTV-də “Mənim Ağdamım” verlişində şəhərin dağıntıları arasında həmin Muzeyə aid kadrlara baxarkən xeyli təəccübləndim: muzey və fasadında olan mozaika dağılmış görkəmdə olsa da mozaikanın rəngləri çox təravətli, şux qalmışdı. Ermənilər muzeyin binasını dağıtsalar da, ruhunu sındıra bilməyiblər.  


“Çörəkli şəhər”in digər anlamı isə ondan ibarət idi ki, sovet qadağalarına baxmayaraq, şəhərdə ticarət geniş inkişaf etmişdi, hamının işi-gücü, dolanması, yəni çörəyi vardı və  əhalinin rifah halı digər bölgələrə nisbətən bir qədər yüksək idi.

Azərbaycanın hər bir guşəsi mənim üçün əzizdir, bu xüsusda Ağdamın da öz yeri  var. Belə ki, xidməti və elmi işim (“Ağdam antiklinorisinin mis-porfir filizləşməsi və onun əmələgəlmə xüsusiyyətləri”) məni o yerlərə bağlamışdı. Vaxtılə Ağdam rayonunun Əliağalı, Qazançı, Boyəhmədli, Qalayçılar, Xıdırlı və s. kəndlərinin ərazilərində geoloji axtarış-kəşfiyyat işləri aparırdıq və mən gələcək dissertasiya işim üçün çöl materialları toplayırdım.  İşğal zamanı o gözəl mənzərəli kəndlərin, münbit torpaqların, məhsuldar bağların erməni tapdağı altında qalması, hər bir azərbaycanlı kimi, mənim də qəlbimi göynədirdi. Amma indi hər şey bitdi, qurtardı, nisgilimiz sona çatdı, işğal altında olan digər rayonlarımiz kimi, Ağdam  azadlığına, biz də Ağdama qovuşduq.



Bəli, çox çəkməyəcək ki, uzun illər köçkünlük həyatı yaşamış bütün qarabağlılar kimi ağdamlılar da öz dədə-baba torpaqlarına qayıdacaq və Ağdamın əvvəlki şöhrətinin qaytarılmasında iştirak edəcəklər. Aparılan tikinti işlərinin vüsəti bunu deməyə imkan verir ki,  inşAllah, 5-6 ildən sonra Ağdam nəinki Azərbaycanın, eləcə də Qafqazın ən modern və ən gözəl şəhərlərindən biri olacaq.  Ağdam şəhəri həm də yeni yaradılmış Qarabağ iqtisadi rayonunun inzibati mərkəzi kimi Azərbaycanın inzibati-idarəetmə sisteminin inkişafına töhfə verəcək və bu nümunə digər ərazilərimizə də tətbiq ediləcək.

Deyilənə görə "Ağdam" sözünün mənası “Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev” deməkdir. Geoloq qənaətimə görə deyə bilərəm ki, Ağdamın ən zəngin mineral sərvəti onun ağ daşları, yəni əhəngdaşlarıdır. Mişar daşı, sement, qırmadaş və s. inşaat-tikinti materialı, eləcə də yeyinti və kimya sənayisində soda, gübrə, metalurgiyada flyüs istehsalı üçün çox önəmli olan bu süxurların rayon ərazisində külli miqdarda – milyonlarla kub metr  ehtiyatları mövcuddur (Şahbulaq Çobandağ, Boyəhmədli, Gülablı və s. yataqlar). Gün gələcək, bu ağ daşlardan tikilmiş saysız –hesabsız gözəl binalar Ağdmın ağ günlərinə şahidlik edəcək və “Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev”ləri düşmənlərimizə göz dağı, şəhidlərimizin ruhuna isə ərməğan olacaqdır.


Rəşid Fətəliyev
Akad. H.Əliyev adına Coğrafiya İnstitunun dosenti
Bakı, 8.05.2023.

Modern.az