...............................................................................................................................................................................................................................................................

 Xəzərə gələn çay suları da təxminən 30 faizə qədər azalıb

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev qəzetimizə bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi enmə dövründədir.

Məsələn, ötən il dənizin səviyyəsi 2010-cu illə müqayisədə 20 sm, bu ilin yanvarında ötən ilin eyni ayı ilə müqayisədə 30 sm enib. Buna əsas səbəb Xəzər dənizinin su balansının dəyişməsidir.

Elmlər doktoru deyir ki, Xəzər qapalı su hövzəsidir və dünya okeanından ayrı oluğu üçün onun səviyyəsi dənizə daxil olan və gedən sularla əlaqədar dəyişilə bilir. Gəlir hissəni çay suları, yağıntılar və yeraltı sular təşkil edir. Xaric olunan isə dəniz səthindən buxarlanan və Qaraboğazgöl körfəzinə gedən sulardır. Əgər dənizə daxil olan su çox olarsa, səviyyə qalxır. Xəzərdən şimalda dənizə su gətirən iki böyük çay - Volqa bütün suların təxminən 80 faizini, Ural isə 5 faizini təşkil edir. Son illərdə Xəzərə gələn çay sularının təxminən 30 faizə qədər azalması və buxarlanmanın artması nəticəsində dənizin səviyyəsi enir. Buna əsas səbəb Xəzərin hövzəsi üzərində atmosfer sirkulyasiyası, siklon və antisiklonlardır. Professor qeyd edir ki, son illərdə dənizdə antisiklonik vəziyyət yaranıb. İndi şərqdən daxil olan küləklər quru hava kütləsi yaradır. Bu da buxarlanmanın artmasına şərait yaradır. Əvvəllər isə Atlantik okeanı sahillərindən rütubətli hava kütlələri daxil olurdu.

Xəzərin səviyyəsi 1996-cı ildən bu günə qədər düşür. Düşmə hazırda 1,5 metr təşkil edir. Xəzər dənizi üzərində müşahidələr 1837-ci ildən başlayıb və səviyyədə 3 dəfə kəskin dəyişmə olub. 1930-cu ildən 1941-ci ilə qədərki dövrdə dənizin səviyyəsi 2 metrə qədər, 1941-ci ildən 1977-ci ilə qədər daha 1 metr düşüb. 1978-1995-ci illər arasında səviyyə 2,5 metr qalxıb. 1996-cı ildən isə qeyd etdiyimiz kimi, yenidən aşağı düşür. Çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 4 min ildə Xəzər dənizinin səviyyə dəyişmələrində illik periodiklik var. Sonuncu belə düşmə 1862-ci illərdən başlayıb və bu proses təxminən 2050-60-cı illərə qədər 1-2 metr düşmə ilə davam edəcək.

Səviyyə enməsinin ən çox təsir etdiyi sahələr

Şöbə müdirinin sözlərinə görə, Xəzərin səviyyəsinin düşməsinin neqativ nəticələri çoxdur. 1978-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 metr qalxanda Azərbaycanın 50 min hektar ərazisi su altında qalmışdı. Hazırda 1,5 metr düşdüyündən 30 min hektar sudan azad olub. Həmin ərazilər isə şoran torpaqlardır, istifadəsi üçün xeyli yuyulması lazımdır.

Xəzərin səviyyəsinin enməsinin ən böyük ziyanı gəmiçiliyə olur, çünki dənizdə gəmilər limanlara xüsusi kanallarla gəlirlər. Səviyyə enməsinin bioloji tərəfi də var. Dənizin sahil zonalarında balıqların yem bazaları olduğundan səviyyə enəndə onlar yem bazalarını itirir, bu da balıq ehtiyatlarının azalmasına səbəb olur. Xüsusilə Xəzərin şimalında Qazaxıstan sahillərində çəkilmələr kilometrlərlə olur və burada balıqlar yem bazasının 50 faizini, eyni zamanda kürü qoyma yerlərini də itirirlər. Azərbaycan ərazisində dənizin səviyyəsinin enməsi ilə sahildən uzaqlaşma Abşeron yarımadası, Sumqayıt ərazisində 100 metrə qədər, cənub hissədə kilometrlərlə olub.

Əmir Əliyev deyir ki, Xəzər suitilərinin sayının azalması iqlim dəyişmələri, dənizin səviyyəsindəki dəyişikliklərlə bağlı olsa da, burada antropogen təsirlər də var. Ərazilərdə neft çıxarılarkən xüsusi maddələr vurulur ki, bunlar suitilərə mənfi təsir göstərir. Araşdırmalar zamanı suitilərin orqanizmində həmin zəhərli maddələrin olduğu aşkarlanıb. Suitilər əsasən şimalda yaşadığı üçün iqlim dəyişmələri nəticəsində buzlaq sahələrinin azalması da onlara təsir edir.

Professor şimalda dənizin donması məsələsinə də aydınlıq gətirib. O, qeyd edib ki, Xəzər dənizinin şimalında suyun donması həmişə müşahidə olunub və bu, havanın temperaturu ilə bağlıdır: "Səviyyə aşağı düşdüyü halda mənfi temperaturda donma sahələri bir az da çoxala bilər. Hətta dənizin Azərbaycan ərazisinə düşən hissəsində də 2011-ci ildə donma müşahidə olunub. Onda Ataçay hövzəsində buzlar əmələ gəlmişdi. Eyni zamanda 1924-cü ildə Qızılağac körfəzinin bəzi hissələri də buz bağlamışdı. Sərt qış aylarında buzlaqlarn sahəsi artır və onlar parçalananda bizim ərazilərə gəlir. 1955-ci ildə Abşeronda neft buruqlarına buz parçaları ziyan vurmuşdu. Buzları parçalamaq üçün xüsusi vasitələrdən istifadə olunmuşdu".

2050-ci ildən sonra dənizdə suyun səviyyəsi artacaq

Şöbə müdiri vurğulayıb ki, 2050-ci ildən sonra Xəzərdə suyun səviyyəsinin artması proqnozlaşdırılır. Bu dövr də təxminən 200-250 il davam edəcək. Xəzərin səviyyəsinin qalxması da problemlər yaradacaq, geri qayıtma nəticəsində həmin sahələr yenidən su altında qala bilər:

"1930-cu illərdə səviyyə enəndə Lənkəran, Neftçalada dənizin çəkildiyi yerlərdə evlər tikildi, bağlar salındı. 1977-ci ildən səviyyə qalxmağa başlayanda hamısı suyun altında qaldı, kəndləri oradan köçürtdülər. Xəzərin səviyyəsi daim nəzərə alınmalıdır, səviyyə periodik olaraq dəyişir. Buna görə də sahilə çox yaxınlaşmaq, orada tikinti aparmaq olmaz. Bir vaxtlar Xəzərin 300 metrə qədər yaxınlığında ev tikmək qadağan idi. İndi isə bu məsafəni 50 metr ediblər, amma həmin proses müəyyən vaxtdan sonra yenə təkrarlanacaq".

Göründüyü kimi, Xəzərin problemləri kifayət qədərdir. Tək sevindirici hal isə çirklənmə prosesinin qarşısının alınmasıdır. Dənizdə neft-qaz hasilatı həyata keçirilməsinə baxmayaraq, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə çirklənməni azaldıb. Suyun səviyyəsinin enməsinin əsas səbəbi isə qlobal iqlim dəyişikliyidir. Çay sularının azalması və buxarlanmanın artması bu prosesə ən çox təsir göstərən amillərdir. 

Əsmər Qardaşxanova

www.azerbaijan-news.az