Su dünyada həyatın davam etməsi üçün lazım olan əsas faktor olsa da, bu gün dünya quraqlıq təhlükəsi ilə üz -üzədir.

Araşdırmalar göstərir ki, dünyanın ən vacib problemləri arasında iqlim dəyişikliyi və quraqlıq təhlükəsi birinci yerdədir.

BMT-nin Dünya Su İnkişafı Hesabatına görə, son 100 ildə qlobal su istifadəsi nisbəti 6 dəfə artıb, lakin eyni zamanda, dünyanın təbii su ərazilərinin yarısı itirilib. Hesabatda 2030 -cu ilə qədər dünyanın 40% qlobal su çatışmazlığı ilə üzləşə biləcəyi də qeyd edilib.

Araşdırmaya görə, dünyanın əksər çaylarında ciddi quraqlıq təhlükəsi var. Mütəxəssislər deyirlər ki, böyük çaylarda su itkisi ildə bir gün su axınının tamamilə dayandırılmasına bərabərdir. Dünya əhalisinin yarıdan çoxunun su itkisinin baş verdiyi böyük çayların yaxınlığında yaşadığını deyən mütəxəssislər çay sularının azalmasının iqlim dəyişikliyi, intensiv torpaq istifadəsi və qaynaq istehlakı ilə əlaqədar olduğunu söyləyirlər.

Dünyanın şirin su ehtiyatlarının 71% -i isə kənd təsərrüfatı sektorunda istifadə olunur. Keniyada ölkənin şimal və şərq bölgələrində yüz minlərlə insanın quraqlıq səbəbiylə yemək və su tapmaqda çətinlik çəkir. Keniya Meteorologiya Departamentinin verdiyi açıqlamada qeyd edilir ki, təxminən 200 000 keniyalı gündə yalnız bir dəfə yemək yeyə bilir və 9 000 insanın qidalanmaması səbəbindən təcili müalicəyə ehtiyacı var. Quraqlıq səbəbilə heyvanlar da zərər çəkir. Bu vəziyyət əsasən heyvandarlıqla məşğul olan keniyalılara mənfi təsir edir. Quraqlıq mövsümünün dekabr ayına qədər davam edəcəyi urğulanır. Keniyanın şimal və şərq hissələrində quraqlıq səbəbindən 20 -dən çox bölgə milli fəlakət elan edilib. 2,1 milyon insanın aclıqla üzləşdiyi ölkədə, 500 mindən çox uşaq pis qidalanması səbəbindən sağlamlıq problemlərindən əziyyət çəkir. Mütəxəssislər dünyanın üzləşdiyi quraqlıq probleminin yaranma səbəbləri və həlli ilə bağlı müxtəlif fikirlər səsləndirirlər.

Cebhe.info-nun bu mövzudakı müsahibi AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılovdur:

- Son illər dünyada quraqlıq probleminin daha da genişlənməsində əsasən hansı amillər rol oynayır?

-Son 20-30 il ərzində dünyada baş verən tendensiyalı hadisələrdən biri iqlim dəyişmələridir. İqlim dəyişmələri ilə əlaqədar olaraq əksər ölkələrdə quraqlıq özünü ciddi şəkildə göstərir. Quraqlığa bir təbiət hadisəsi kimi baxmaq lazım deyil. Çünki quraqlıq həm sosial, həm iqtisadi, həm də siyasi cəhətdən dövlətlərin strukturuna, onların daxili və xarici siyasətinə çox ciddi təsir göstərir. Son illərdə iqlim dəyişmələri ilə bağlı quraqlıqda ciddi tendensiyalar əmələ gəlib. Yəni intensivləşmə artıb.

Xüsusilə havanın temperaturunun artması müşahidə edilir, yağıntıların paylanmasında fəsillərə uyğun gəlməyən yağıntı düşməsi, rejimdə dəyişmələr və s. iqlim dəyişmələri ilə bağlı olan fəsadlardır. Maraqlıdır ki, iqlim dəyişmələri ilə bağlı olaraq yağıntı çox olan yerlər daha çox yağıntı alır, yağıntı az olan ərazilərdə isə problemlər daha da dərinləşib. Bu proseslər isə bir sıra təbii fəlakətlərin intensivləşməsinə gətirib çıxarır.

Məsələn, çaylarda qəfil daşmalar, sel hadisələri, sürüşmələr kimi təbiət hadisələri müəyyən qədər intensivləşib. Hətta Cənub Şərqi Asiya, Avropa ölkələri inkişaf etməsinə baxmayaraq, hətta Türkiyədə belə sel insan tələfatı ilə bağlı ciddi təbiət hadisələrinə səbəb oldu. Bütün bunların gələcəkdə də intensivliyini saxlamasını görürük, yəni düşünürük ki, bu davam edəcək.

- Quraqlıqla bağlı Azərbaycanda mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

-Azərbaycanda da bu hadisələr müəyyən qədər təkrar olunur. Tələfat olmasa da, müəyyən qədər ciddi iqtisadi çətinliklər görərik. Bilavasitə quraqlıqla bağlı Azərbaycanın özündə bir sıra göllər, çaylar quruyub. Çaylarda sululuq hədsiz dərəcədə aşağı düşüb, bir sıra ərazilərdə bulaqlar quruyub. Hətta bu yay bir sıra ərazilərdə şəlalərin quruduğunu müşahidə etdik. Həmin şəlalərin quruması ciddi fəsadlardan, təbiətdə gedən dəyişikliklərdən xəbər verir. Məsələn, biz neçə illərdir ki, Hacıqabul gölünün quruduğunu deyirik. Ancaq insanlar, siyasətçilər buna biganə yanaşırlar. Yəni proses gedir, buna reaksiya vermək lazımdır, dövlət tərəfindən tədbir görülməlidir.

Bunun üçün ciddi araşdırmaların aparılması üçün dəstək göstərmək lazımdır. Çox təəssüf ki, hadisə baş verəndən sonra biz dövlətdən reaksiya gözləyirik, ancaq artıq gecdir. Biz bu yaxınlarda Hacıqabul gölündə olmuşuq. Orada 2011-ci ildə də olmuş və zəngin biomüxtəliflik müşahidə eləmişdik. Məsələn, orada qızıl qazlar kimi az tapılan, mühafizə olunan quşlar olur. Onlar köçəri quşlardır, yay aylarında Hacıqabul gölündə məskunlaşır və ətraf ekosistemlə ünsiyyətdə inkişaf edirdilər. Ancaq çox təəssüf ki, bu yay və ötən il apardığımız müşahidələr göstərir ki, Hacıqabul gölü tamamilə quruyub. Hətta quraqlıq o səviyyəyə çatıb ki, ərtaf ekosistemlərdə müəyyən dəyişikliklər yaradıb.

Çünki o göl həmin ərazidə iqlim yumşaldıcı rola malik idi. Təbiət bütöv bir sistemdir və onun hər hansı bir elementində problem yarandıqda artıq digər sahələrdə də özünü göstərir. Məsələn, bu il Acınohurda apardığımız tədqiqatlar, eləcə də əhali arasında apardığmız danışıqlardan da məlum oldu ki, taxılçılıq hədsiz dərəcədə geriləyib. Vaxtilə çox məhsuldar, Azərbaycanın ən məhsuldar torpaqlarına malik olan Acınohur öndağlığında taxılçılıq həddən artıq geriləyib. Hətta bəzi fermerlər dedi ki, taxıl yığmaq üçün sahəyə kombayn salmağa belə ehtiyac qalmadı. Yəni məhsul o qədər azdır. Bu mənada artıq kənd təsərrüfatında ciddi dəyişikliklərə səbəb olacaq hadisələri müşahidə edirik.

Burada bu cür quraqlıq gedirsə, digər tərəfdə vadidə, böyük sahədə kolluq, meşə sahələrində bitki kökündən çıxarılır. Bu, təbiətə qarşı genosiddir. Onlar təmizlənəndən sonra orada alma ağacı əkilir. Əgər dünən biomüxtəliflik zəngin idisə, yəni yemişan, çay tikanı, böyürtkən və s. varsa, bu gün yoxdur və onların yerində ancaq alma var. Bu da orada olan heyvanların uzaqlaşmasına gətirib çıxarır. Hətta bunun nəticəsidir ki, həmin ərazidə tülkü, çaqqal və digər heyvan ölülərinə rast gəlirik ki, yola çıxdığı zaman onları maşın vurub. Yəni heyvanın ekosistemini məhv ediblər. Quraqlığın mövcud olduğu bir dövrdə təbiətə müdaxilədə həssas olmaq lazımdır. Dağ çaylarımızın hamısında su anbarı tikilib. Kürün aşağı axınında çay suyu yoxdur. Dəniz suyu 60 km Kürün içinə daxil olub. Bu daxilolma da ətraf ərazidə yaşayan əhali üçün ciddi problemlərə səbəb olur. Əhali içməli su tapa bilmir və vəziyyət bu qədər gərginləşib.

- Quraqlıq problemin həlli ilə bağlı hansısa proqnozlar vermək olarmı?

- Quraqlıq davam edir. Bütün dünyada ərzağın qiyməti qalxıb. Bu isə əhalinin rifahına təsir edir. Afrika ölkələrində vəziyyət çox acınacaqlıdır. Çünki onların elə bir vəsaiti yoxdur ki, buna qarşı tədbir görsün. Yalnız Keniya deyil, Mavritaniya, Çad, Malidə vəziyyət çox gərgindir. Əhali nəinki suvarmağa, içməyə su tapa bilmir. Bütün dünyada adambaşına düşən su ehtiyatları azalmaqda, quraqlıq da getdikcə dərinləşməkdədir. Təbii ki, bu, dövlətlərin sosial, iqtisadi vəziyyətinə təsir edəcək, kənd təsərrüfatında məhsuldarlıq aşağı düşəcək. Bununla bağlı dövlətlər tərəfindən tədbirlər həyata keçirilir. Yaxın 4-5 il ərzində vəziyyətlə bağlı proqnoz vermək çox çətindir. Bizim dövlətimiz bu vəziyyətdən apardığı siyasət nəticəsində çıxa biləcək. Ölkə başçısının tapşırığı ilə yeni su anbarlarının yaradılması, su kanallarına beton üzlük çəkilməsi, drenaj sistemin təzələnməsi kimi çoxprofilli tədbirlərlə bağlı göstəriş verilib.

Cebhe.info

07.10.2021

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2022