Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin Şuşanın azad olunması münasibətilə xalqa müraciətində dediyi bu məşhur ifadələr son 30 ildə eşitdiyimiz ən xoş xəbər kimi hələ uzun müddət qulaqlarımızda səslənəcəkdir. Bu gün bütün şuşalılar, qarabağlılar kimi hər bir azərbaycanlının, o cümlədən mənim də ürəyim o yerləri görmək, tədqiq etmək üçün çırpınır, amma hələ bir qədər də səbrimizi basmalıyıq.
Şuşanı heç görməmişəm, onu kitablardan, filmlərdən, bir də mahnılardan tanıyıram. Xoşuma gələn belə mahnılardan biri unudulmaz sənətkarımız Xan Şuşinskinin ecazkar ifasında "Şuşanın dağları"dır. Maraqlıdır ki, bu mahnının sözlərini də elə sevimli Xalq artistimiz özü bəstələmişdi. Düzdür, mahnını başqa müğənnilərimiz də oxuyub, indi də oxuyurlar, amma hər halda, Xan əminin avazı tamam başqa aləmdir. Onun ürəyəyatımlı, ruha sığal çəkən səs tembrlərində sanki peşəkar rəssamın Şuşa tablosu təsvir edilir və gözümüz önündə Şuşanın təbiəti, ötən günləri, etnoqrafiyası canlanır. Sadə sözlərdən ibarət bu mətndə bir araşdırmaçı, hətta üçrəngli, aylı-ulduzlu bayrağımıza işarələrin olduğunu bildirmişdi. Deyə bilmərəm, ola bilər, amma məni bir geoloq kimi maraqlandıran bu mahnıdakı "başı dumanlı dağlar"dır.
Nədir, hansılardı bu dağlar, onları tanıyırıqmı? 28 ildir Şuşadan didərgin düşmüş şuşalılar yəqin ki, həsrətini çəkdikləri o dağları yaxşı tanıyırlar, amma bu azdır, gərək hamımız dağlarımızı, meşələrimizi, çaylarımızı, bir sözlə, vətənimizi, onun coğrafiyasını yaxşı tanıyaq. Tanıyaq ki, sevə bilək. Azərbaycan elminin görkəmli simalarından biri, mərhum professor Xudu Məmmədov demişdi: "Uşaqlara vətəni sevdirməyə çalışmayın. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər". Əslən qarabağlı olan, vətənin hər qarışını canından da artıq sevən dəyərli alimimizi elə Qarabağ savaşının ilk şəhidlərindən hesab etmək olar, onun narahat ürəyi hadisələrin ədalətsiz gedişinə dözmədi, 1988-ci ildə dayandı.
Şuşa rayonu bütövlükdə, hündürlüyü dəniz səviyyəsindən 1000-2700 m arasında dəyişən dağlıq bir ərazidə, Kiçik Qafqazın Qarabağ silsiləsinin mərkəzi hissəsində yerləşir. Qarqarçay, onun qolları Xəlfəli və Zarıslı çayları öz başlanğıclarını məhz bu silsilənin dağlarından götürür. Silsilənin ən hündür zirvələri - Böyük Kirs (2725 m), Kiçik Kirs (2346 m), Sarıbaba (2295 m), Şiştəpə (2283 m), Uzunyal (1989 m), Qızıldaş (1952 m) və s. dağlardır ki, Şuşa şəhərini üç tərəfdən - cənub, qərb və şimaldan əhatə edərək şəhərdə məxsusi bir ab-hava, mülayim-isti, quru dağ-iqlim şəraiti formalaşdırır. Bu dağların yamaclarında tərkibi bir şəfa mənbəyi olan Turşsu, İsa bulağı kimi çoxlu bulaqlar qaynayır, onların bəzilərindən Şuşanın su təminatında istifadə edilmişdir. Bu gün də fəaliyyət göstərən məşhur Xanqızı bulağını hələ 1876-cı ildə Xurşudbanu Natəvan Kirs dağından öz vəsaiti hesabına çəkdirmişdi.
Şuşada havanın temperaturunun gün ərzində, xüsusilə payız, yaz mövsümlərində kəskin dəyişməsi buralarda tez-tez duman əmələ gəlməsi ilə nəticələnir. Yay və qış fəsillərində isə havanın əsasən tərtəmiz, şəffaf olması diqqət çəkir. Ətraf meşələrdən və alp çəmənliklərindən qalxan oksigenlə zəngin hava və təmiz bulaq sularının bolluğu hələ sovetlər dönəmində Şuşanı sanatoriya-kurort şəhəri kimi məşhur etmişdi. Üstəlik, şəhərin özünəməxsus arxitekturası, mədəni və dini tarixi abidələri şəhəri görmək istəyənlərin marağını daha da artırırdı. Amma şəhərə turizm marağının ən mühüm cəhətlərindən biri, bəlkə də birincisi, onun hündür sıldırım sal qayalar üstündə, azacıq meylli, nisbətən düzəngah ərazidə salınmasıdır. Bəs, dağlar arasında hər tərəfdən uçurum dərələrlə əhatələnmiş, öz hərbi-strateji mövqeyinə görə təbii qala olan bu relyef forması necə yaranmışdır?
Şuşa şəhərinin tarixi zəngin olsa da, o qədər qədim deyil, mənbələrdə onun əsasının 1752-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulduğu bildirilir. Amma Şuşa dağlarının geoloji inkişaf tarixi çox qədimdir, Mezozoy erasının Orta, Üst Yura və qismən də Təbaşir dövrlərini əhatə edir. Sadə dillə desək, dağları təşkil edən süxurlar vulkan püskürmələri və dənizdə çöküntü toplanması nəticəsində 168 milyon il bundan əvvəl, təxminən 100 milyon il ərzində əmələ gəlmişdir. Şuşa şəhəri yerləşən maili plato dəniz səviyyəsindən 1300-1557 m hündürlükdə yerləşir və 300-400 metrlik sıldırım qayalarla dairəvi şəkildə əhatələnmişdir. Bu qayaları təşkil edən süxurlar Titon yaşlıdır, yəni 140-150 milyon il əvvəl dəniz dibində əmələ gəlmiş qalın əhəngdaşı laylarından ibarətdir. Amma zaman öz işini görmüş, sonrakı geoloji və tektonik proseslər nəticəsində bu süxur layları dəniz dibindən çıxaraq yavaş-yavaş yüksəlmiş və yüksəldikcə də çaylar vasitəsilə eroziyaya məruz qalaraq dərin dərələr yaranmış və nəticədə ərazidə bu gün gördüyümüz relyef formalaşmışdır.
Bəli, Şuşanın, Qarabağın dağları milyon illərlə ölçülən çox uzun bir geoloji dövrdə əmələ gəlmiş və bu günümüzə qədər dayanıb durmuşlar. Onların daxilində, milyon illərin arxasında gizlənmiş hələ bilmədiyimiz neçə-neçə sirlər yatır, bizim borcumuz onları tədqiq etmək, araşdırıb faydalı xüsusiyyətlərini tapmaq və xalqımızın istifadəsinə verməkdən ibarətdir. Artıq Şuşanın, Qarabağın bərpası, yeni konsepsiya əsasında yenidən qurulması işlərinə start verilmişdir. Bu işlərin daha sürətlə və nisbətən az məsrəflə yerinə yetirilməsi üçün mövcud yerli mineral-xammal ehtiyatlarını yenidən dəyərləndirmək və digərlərini aşkar edib istifadə etmək üçün o ərazilər, o dağlar yenidən daha müasir üsullarla tədqiq edilməlidir. İllərdir ki, elmi tədqiqatlardan uzaq düşmüş Qarabağ torpağı kompleks şəkildə, istər tarixi-arxeoloji cəhətdən, istərsə də geoloji, coğrafi, ekoloji və s. cəhətdən yeni elmi araşdırmalar meydanına çevrilməlidir.
Müzəffər Ordumuzun Ali Baş Komandanı və o sıldırım, sərt qayaları dırmaşaraq Şuşanı düşmənlərdən azad etmiş rəşadətli əsgərlərimizin misilsiz şücaəti sayəsində indi Şuşa bizimdir, Qarabağ bizimdir və biz 28 ildir ki, məcburən ayrı düşdüyümüz Şuşa dağlarını görməyi və məhrum qaldığımız tədqiqatlarımızı davam etdirməyi səbirsizliklə gözləyirik.
Rəşid FƏTƏLİYEV, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent
26 fevral 2021-ci il