2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində həyatını itirən, bütün igid qəhrəmanlarımızı dərin hörmətlə anır, azadlıqsevər və vətənpərvər övladların daim ürəklərdə yaşayacağına əminliyimi bildirirəm. Şəhidlik zirvəsinə ucalan qardaşlarımız Azərbaycan tarixinin bir parçasına çevrildilər, ölümsüzlük qazandılar. Ölkəmizin müstəqilliyi, torpaqlarımızın azadlığı naminə, müqəddəs amal uğrunda gözünü qırpmadan canını fəda edən oğulların ruhu qarşısında baş əyirik. Müqəddəs Qarabağ torpaqlarında bundan sonra atacağımız hər bir addıma görə igidlərimizə borcluyuq.
44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan zabitimiz, kapitan Cəbrayılov Elnur Tofiq oğlu da belə cəsur oğullardan biri idi. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə iştirak edən kapitan Cəbrayılov böyük şücaət göstərmiş, tabeliyində olan əsgər yoldaşlarına əsl nümunə olmuşdur. Oktyabr ayının əvvəllərindən Vətən savaşına qoşulan zabitimiz düşmən mövqelərinə doğru əks-hücum əməliyyatlarında şərəfli döyüş yolu keçmişdir. Elnur oktyabrın 12-də sonuncu dəfə ailə üzvləri ilə əlaqə saxlaya bilmişdi. Növbəti səhər isə onun sonuncu dəfə döyüşə girdiyi gün olacaq və o, Şəhidlik zirvəsinə, yüksəklərə ucalacaqdı!
Mənfur və şərəfsiz düşmən onun nəşini belə verməkdən imtina etmiş, uzun müddət gizli saxlamışdı. Şanlı qələbəmizlə yekunlaşan döyüşlər bitsə belə, Elnur hələ bir neçə ay itkin olaraq qalacaqdı... Aramsız axtarışlar və iztirabla keçən 3 ay... Anasının, həyat yoldaşının, övladlarının, qardaşının, qohumlarının, dostlarının, iş yoldaşlarının, tanışlarının bu müddət ərzində hansı hisslər, mənəvi əziyyətlər keçirdiyini düşünmək belə çətindir. Şəhidin nəşi 3 ay sonra, uzun axtarışlar nəticəsində tapıldı. Elnurun sağ qalması haqqında olan “bəlkə”lər, ümidlər yox oldu, gözlər yoldan çəkildi.
Yanvarın 16-sı günorta saatlarında şəhid kapitan Elnur Cəbrayılovun nəşi Göygöl şəhərinə gətirildi. Rayon mərkəzində böyük bir izdiham yaşanırdı. Şəhidi qarşılayan yüzlərlə insan göz yaşı tökür, ailəsinin və yaxınlarının fəryadı isə ürəkləri dağlayırdı.
Rayon icra hakimiyyətinin, hərbi hissənin və polis orqanlarının nümayəndələri Elnuru son mənzilə yola salınmasında iştirak etməklə yanaşı, bütün zəruri tədbirləri də görmüşdülər. Şəhidin tabutu yaşadığı evdən Göygöl şəhəri Şəhidlər xiyabanına qədər təxminən 4 kilometr məsafədə böyük bir izdihamla çiyinlərdə aparıldı. İzdihamın önündə isə atasının şəkillərini tutmuş iki oğul - Cəbrayıl və Murad gedirdi. Bu mənzərəyə nəinki insanlar, yer, göy, dağ, daş da ağlayırdı. Şəhidimiz saat 15:30 radələrində torpağa tapşırıldı. Doğmaları başlarını dik tutub, göz yaşlarını saxlamağa çalışırdılar. Hər kəs onun məzarının önündə qərənfillər düzməklə baş əyir, “səninlə fəxr edirik” deyirdi. Qəbri üstündə böyük oğlu Cəbrayılın üçrəngli bayrağı alarkən az qala pıçıltı ilə dediyi sözlər isə uzun müddət xatirələrdə qalacaq: “Mən səninlə qürur duyuram, ata!”.
Elnur Cəbrayılov 1981-ci ildə Göygöl rayonu Çaylı kəndində anadan olmuşdur. 1999-cu ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuş, 2003-cü ildə oranı bitirmişdir. Daha sonra hərbi xidmətini başa vuraraq, Göygöl şəhər 1 nömrəli orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
Vətənə olan sevgisi, torpaqlarımızın düşmən tapdağı altında qalması onu bir an belə rahat buraxmamış və bununla barışa bilməmişdi. Mərhum atasının Birinci Qarabağ döyüşlərində iştirakı və əmisinin vaxtilə hərbçi olması onu daim ruhlandırır, hərb sənətinə sevgisini gücləndirirdi. Bu hisslərlə də o, hərbçi olmaq qərarına gəlir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində hərbi kurs keçərək leytenant rütbəsi alır və N saylı hərbi hissədə fəaliyyətə başlayır.
Elnur qısa müddətdə baş leytenant, daha sonra isə kapitan rütbəsinə kimi yüksəlməyə nail olur. Bu müddət ərzində müxtəlif səviyyələrdə beynəlxalq və yerli hərbi təlimlərdə iştirak etmiş, döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə mükafatlandırılmışdır.
E.Cəbrayılov 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuşdur. Lələtəpə yüksəkliyi və ətraf bölgələrin düşməndən azad edilməsində xüsusi şücaət göstərmişdir. Məhz həmin qələbədən sonra o, kurs keçməklə tabor komandirinin müavini vəzifəsinə yüksəlmişdi. Daha sonra Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 20 iyun 2019-cu il tarixli əmri ilə “Azərbaycan ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” ilə təltif olunmuşdur.
O, təkcə həyatda qazandığı uğurlarla deyil, yüksək insani keyfiyyətləri ilə də tanıyanların qəlbində dərin iz qoyaraq əbədiyyətə qovuşdu. Yaşasaydı, aprelin 26-sı 40 yaşı tamam olacaqdı. Qısa həyat kəsiyində nümunəvi tarix yazan şəhidimizin iki övladı yadigar qaldı...
Elnur kimi igid, şücaətli oğullar yetirən Vətən heç zaman darda qalmaz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün qardaşlarımıza hər zaman borclu olaraq qalacağıq. İllər keçsə də, onların qəhrəmanlığı gələcək nəsillər üçün daim örnək olacaqdır.
Sonda Elnurun qələmə aldığı şeirdən kiçik bir parçanı təqdim etmək istərdim.
Yağılar əlindən inləyən Şuşam,
Qanadı yaralı qartalam, quşam.
Sıldırım dağlardan qopan bir daşam,
Yaralar sızlarkən yatmaq olarmı?
Əziz qardaşım, Şuşa daha yağılar əlində inləmir. Yaralarımız sızlasa da, sənin kimi oğullar hesabına torpaqlarımız qayıtmışdır... Sənin haqqında ancaq gözəl sözlər deyilə bilər. Nurlu çöhrən, ibrətamiz davranışın heç zaman unudulmayacaq, daim qəlblərdə, xatirələrdə yaşayacaqdır... İndi sənin məzarın nurla dolmuşdur, ruhun şaddır, rahat yata bilərsən, şəhidimiz!

Emil CƏBRAYILOV,
AMEA akademik H.Ə.Əliyev adına
Coğrafiya İnstitutunun elmi işçisi

Respublika qəzeti