Atlantik okeanının o tayında, uzaq Karib hövzəsində dilimizə aid toponimlərin mövcudluğu nə ilə bağlıdır?

Karonavirus pandemiyası insanları karantin rejimində yaşamağa və işləməyə məcbur etdi. Amma bu məcburi evdəqalma bəzilərinin, məsələn, iş yerində heç də normal şəraiti olmayan yaradıcı insanların məncə, müəyyən qədər işinə yaradı. Hər halda, nə işlə məşğul olmasından asılı olmayaraq, hər bir arzuolunmaz vəziyyətdən az zərərlə çıxmaqda, ondan maksimum bəhrələnməkdə fayda var. Keçək mətləbə.

Karonavirus pandemiyasının yayılmasına dair bir araşdırma yazısı üzərində işləyərkən, internetdə ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) hər gün onlayn rejimdə yayımlanan siyahısında bir ökənin qəribə adı diqqətimi çəkdi. Ruscası - Теркс и Кайкос; ingiliscəsi isə - Turks and Caicos kimi yazılan bu ölkənin, əcəba, “türk” kəlməsi ilə nə əlaqəsi ola bilər?” - deyə özümə sual etdim və aydınlaşdırmağa qərar verdim. 

 Azərbaycan, rus, ingilis və ispan dillərindəki internet resuslarını araşdırdım və həqiqətən, bu ölkə adının “türk” sözü ilə müəyyən qədər bağlı olduğunu öyrəndim. 

 

 Nə imiş bu bağlılq? – Sən demə, toponimin (coğrafi adın) tərkibindəki “Turks” sözü ingiliscə “Turk's cap cactus” (Melocactus İntortus) sözünün qısaldılmış formasıdır ki, bu da “türk papaqlı kaktus” deməkdir. Kaktus, türk kişi baş geyimi olan fəsin şərəfinə, bu ada layiq görülmüşdür. Qarpızkimilər cinsinə aid bu qəribə görkəmli kaktus növünün çiçəkləyən qırmızı rəngli təpə hissəsi fəsə oxşadığı üçün ona belə ad vermişlər, hətta ölkənin bayrağında və gerbində də onun təsvirii əks olunmuşdur. 

 

 Məlumdur ki, Osmanlı dönəmində Türkiyədə, eləcə də Osmanlı İmperiyasının təsiri altında olan ölkələrdə ziyalılar, məmurlar, hərbçilər və s. fəs adlanan və o zaman dəbdə olan kəsik konusa oxşar, qırmızı, bəzən də yaşıl və qara rəngli, qotazlı papaq qoyardılar. 1925-ci ildə Atatürk Türkiyədə onun istifadəsinə qadağa qoysa da bir sıra Şimali Afrika ölkələrində (Misir, Tunis və s.) uzun müddət ondan istifadə edilirdi.

Bəhsedilən adalar “Turk's cap cactus” bitkisininn çox yayıldığı yer hesab olunduğundan həmin adalar qrupu ingiliscə “Turks İslands”, yəni “Türk adaları”, onların ən böyüyü isə - “Grand Turk”, yəni “Böyük Türk” adlanır və ölkənin paytaxtı Cockbern-Taun (Kobern-Taun) şəhəri də məhz bu adada yerləşir. Rəsmi olaraq ölkə, qonşu Kaykos adalar qrupu ilə birlikdə, ingiliscə Turks and Caicos İslands, yəni, Türks və Kaykos Adaları adlanır. “Kaykos” sözü lukayana adlı hindu tayfasının dilində mənası “zəncirvari qayalı adalar” olan “caya hico” ifadəsinin qısa formasıdır.

 

 Karib hövzəsində yerləşən və öz bayrağına, himninə və gerbinə malik olan Türks və Kaykos adaları Böyük Britaniyanın dənizarxası ərazisidir. Adalar 1512 ildə ispanyalı Xuan Pones del Leon tərəfindən kəşf edilmiş, lakin 1766-cı ildə rəsmi olaraq İngiltərənin koloniyasına çevrilmişdir. Londonla bağlanmış müqaviləyə görə 1982-ci ildə bu ada dövlətinə müstəqillk verilməli idi, lakin sonrakı yerli hakimiyyət bundan könüllü imtina etmişdir. 

 

 Adada ali hakimiyyət kraliça II Yelizavetaya məxsusdur, bu səbəbdən beynəlxalq və müdafiə məsələləri Britaniyanın səlahiyyətindədir. Ərazinin daxili idarəçiliyini isə baş nazir və 6 nazirdən ibarət İcra Şurası və ona rəhbərlik edən qubernator həyata keçirir.

Maraqlı məlumatlardır, amma bunlar ölkənin mənşəyinə dair rəsmi izahlar, versiyalardır. Digər tərfədən, məsələ göründüyü qədər də aydın deyil, başqa ehtimallar, açılmamış sirli məqamlar da var. Yuxarıda deyilənlər, Atlantik okeanında türk mövcudluğunu heç bir halda qəbul etməyən avropalılara, xristian dünyası xalqlarına məxsus versiyalardır. Bəs, digərləri, məsələn türk mənbələri nə deyir?...

 

2006-cı ildə Türkiyənin “Yeniçağ” qəzetində “Karayiplerin en iyi korunan sırrı: Türk Adaları!” adlı bir yazı dərc olundu. Yazıda qəzetin yazarı Arslan Bulut “Türk Adaları”na səyahətindən, orada gördüklərindən və sonradan öyrəndiyi bəzi tarixi məlumatlardan bəhs edir. Ə

O, 1989-cu ildə Amerikanın Mayami şəhərində olarkən “Türk Adaları”na dair yerli məlumatlar toplusunda adaları xarekterizə edən belə bir ifadəyə -“Karayiplerin en iyi korunan sırrı”-narast gəlmiş və bu sirri öyrənmək üçün bir yapon həmkarı ilə dərhal ora uçmuşdur. Amma deyildiyindən fərqli olaraq, ada ərazisində “Türkün papağı” kaktusunu axtarsa da tapa bilməmiş, onu yalnız otelin həyətində dibçəkdə görmüşdür. 

Otelin bir işçisinə - sən heç türk görübsənmi?- sualı vermiş, o isə cavabında “ömrümdə ilk dəfədir ki, türk görürəm” demişdir. A.Bulut həmçinin, yerli əhalinin təxminən 200 il əvvəl həmin adalara türk gəmilərinin gəldiyi barədə rəvayətlər danşdığını öyrənmiş, lakin adanın türklərlə birbaşa əlaqəsi haqda tutarlı bilgi əldə edə bilməmiş, sirlər açılmamışdır.

Üstündən illər keçmiş, jurnalistin dostu, tarixçi alim Cezmi Yurtsevər bu məsələləri araşdırmış və belə bir iddia ortaya qoymuşdu: “Türklər hələ Kolumbdan öncə Amerika qitəsini kəşf etmiş və hətta, ay-ulduzlu bayrağı olan kişik bir dövlət qurmuşdular”. C.Yurtsevər “Grand Turk” adının da XVI əsrdə dünya hökmdarı sayılan Qanuni Sultan Süleymanın şərəfinə verildiyini, 1869-cu ildə buranı işğal etmiş ingilislərin düzəltikləri əvvəlki bayraqda böyük xaçın içində Türk bayrağının ay və üç ulduzunun əks olunduğunu bildirmişdi. Cəsarətli iddiadır, amma təbii ki, deyilənlərin nə dərəcədə gerçək olduğunu demək çətin olsa da, bu istiqamətdə ciddi araşdırmalar aparılmalıdır.

İngilis, ispan və rusdilli saytlar bu adaların tarıxindən yazarkən onun adının mənşəyindən ustalıqla yan keçirlər. Amma çox maraqlıdır ki, Adalara məxsus ingilisdilli saytda (“Planet Turks and Caicos”) “What are the origins of the name Grand Turk?” (“Qrand Turk adının mənası nədir?”) başlıqlı bir yazı öz obyektivliyi ilə diqqətimi çəkdi. 

 

 Yazı müəllifi Grand Turk adının kaktusla əlaqəsinə şübhə ilə yanaşdığı və daha çox piratlarla (dəniz quldurları ilə) əlaqədar olduğuna üstünlük verir və 16-17-ci əsrlərdə Aralıq dənizi regionunda dəniz quldurlarının tüğyan etdiyini, sonralar isə onların Cəbəllütariq boğazından çıxaraq Atlantik okeanının qərb tərəflərinə, Karib hövzəsi adalarına doğru irəlilədiklərini yazır, burada isə quldurların əsas bazasının Grand Turk adası olduğu bildirilir. O zamanlar Aralıq dənizində və Şimali Afrika torpaqlarında Osmanlı İmperatorluğu hakim idi və milliyətindən asılı olmayaraq bütün əhali, o cümlədən dəniz quldurları türk kimi tanınırdı. Yazıya, 1725-ci ildə tərtib edilmiş , fransız dilində olan “Santo Dominqo adasının xəritəsi” də (indiki Haiti adası) əlavə edilmişdir ki, orada sözügedən adalar “Türk adaları” kimi verilmişdir.

2009-2017-ci illərdə türk saytlarında yer almış “Atlantik okeanında bir Türk ölkəsi” adlı eyni məzmunlu yazılarda məsəlini daha dərindən araşdırmağa cəhd edən müəllif “Türk Adaları” adının ilk tarixi sənəd kimi Koronelli (Coronelli) adlı bir italyan kartoqrafının 1688-ci ildə fransızca tərtib etdiyi xəritədə qeyd edildiyini bildirir. Əsli Fransanın Milli Kitabxanasında saxlanılan həmin xəritədə sözügedən adalar “Ide Caiquos, Caiquos and I. Turche” kimi yazılıbdır. Orada heç bir “türk papaqlı” kaktusun adı çəkilmir və ümumiyyətlə, Osmanlı Türkiyəsinin ərazisində fəs təxminən 19-cu əsrin başlanğıcından etibarən kişi baş geyimi kimi istifadə edilməyə başlanılmışdır. Bu səbəbdən adanın adının fəslə heç bir əlaqəsi olmadığı bildirilir.

 

Müəllif digər bir mühüm məsələyə də diqqət yetirərək yazır ki, adaları ələ keçirən ingilislər onun adını dəyişdirmək istəmiş, xalq isə yüzillərdir ki, öyrəşdikləri addan imtina etməmişdir. Belədə, Adalar və türklər ilə bağlılığı kəsmək üçün “fəs bənzərliyi” məsələsi uydurulmuş və 1869-c ildə Turks və Caicos Adalarının əvvəlki “Ay-Uldızlu” bayrağını dəyişdirməyə nail olmuşlar.

Müəllifin yazısında, həmçinin qeyd edilir ki, XVI əsrin əvvəllərində ilk dəfə dünya xəritəsini çəkmiş məşhur Osmanlı dənizçisi, kapitanı, kartoqrafı, admiral Piri Rəisin xəritlərində Adaların yerində qayıq rəsmi qeyd edilmişdir və bu da Kaykos (Caiquos) adalarının adının lukayanca deyil, türkcə “kayık”, yəni “qayıq” anlamına gəldiyi bildirilir. Bu fikri Kuba Respublikasının Ankaradakı səfiri E.G.Abascal da təsdiqləmiş və mövzu ilə ilgili başqa maraqlı açıqlamalar vermişdi. O, XX əsrin əvvəllərində Ənvər Paşa tərəfindən Türk Adaları məsələsinin araşdırılması üçün Kubaya xüsusi təyinatlı bir qrup göndərildiyini və qrupun hazırladığı hesabatın mövcud olduğunu bildirsə də orada nə yazıldığını açıqlamamışdı.

Göründüyü kimi, Türks və Kaykos adaları kimi tanınan bu kiçik ölkə adı kimi maraqlı və eyni zamanda sirlərlə dolu, müəmmalı tarixə malikdir. Həqiqət haradadır? – dəqiq bilinmir. Ehtimallar, yozumlar çoxdur, hansının gerçək olduğunu zaman göstərəcək.

Türks və Kaykos adaları haqqında bəs daha nələri bilmək maraqlı olar? Bu ölkə Atlantik okeanının qərbində, Kuba və Baham adalarının yaxınlığında yerləşir, onun 7 böyük və 30-dan artıq kiçik adalardan ibarət sahəsi təxminən 444 kv.km., əhalisi isə 50 minə yaxındır. Əhalinin 90%-i zəncilərdən, qalanları isə ağlar (ingilislər, amerkalılar) və mulatlardan ibarətdir, rəsmi dil ingilis dilidir.

Ölkənin iqtisadiyyatnın əsasını turizm, ofşor maliyyə biznesi və balıqçılıq təşkil edir və xaricə dəniz məhsulları ixrac edilir. Grace Bay çimərliyi dünyanın ən yaxşı çimərliklərindən hesab olunur. Mərcan rifləri ilə əhatələnmiş adalar əhəngdaşından ibarətdir, səthi əsasən düzənlikdir, çoxlu duzlu bataqlıqlar mövcuddur və ən hündür yeri dəniz səviyyəsindən 49 m yüksəkdədir. Tropik və küləkli iqlimə malikdir, tez-tez qasırğalar olur, ilboyu teperatur 20-30⁰C arasında dəyişir və ildə 700-800 mm yağıntı düşür. Adalarda ölkənin dünya ilə əlaqəsini təmin edən bir neçə hava limanı fəaliyyət göstərir.

Mövzu ilə əlaqədar Atlantik okeanının bu tərəflərində hələ illər öncə SSRİ-nin texniki yardımı çərçivəsində Kuba Respublikasında işləyərkən rast gəldiyim daha bir maraqlı faktı nəzərinizə çatdırmaq istərdim. Kuba adasında ən hündür zirvənin (1972 m) niyə Turkino adlanması diqqətimi çəkmişdi. 

 

 Araşdırdım. Belə izah edilir ki, yamacları yam-yaşıl, sıx tropik meşələrlə örtülü olan Syerra-Mayestra dağ silsiləsinin bu ən yüksək zirvəsi günün müəyyən vaxtlarında firuzəyi-mavi rəngə çalır və bu səbəbdən ispanlar onu Turkino adlandırmışlar. Və məlum oldu ki, doğrudan da, “turkino” sözünün mənşəyində “türk”, “Türkiyə” sözləri ilə bağlılıq mövcuddur. 

Belə ki, ispan dilində firuzə daşına “turkeza”, bu zərgərlik daşının malik olduğu spesifik, açıq mavi – firuzəyi rəngə isə “turkino” deyilir. Orta əsrlərdə firuzə daşı Şərq ölkələrində və Avropada dəbdə idi və çox qiymətli hesab olunurdu. Bu daşa onun vətəni olan İran və Əfqanıstanda “qalibiyyət daşı” deyilir və indi də həmin ölkələrdə əhalinin ən sevimli bəzək daşı sayılır. Firuzə daşı İpək yolu boynca şərqdən qərbə Osmanlı Türkiyəsi, onun möhtəşəm paytaxtı İstanbul vasitəsilə daşınırdı və bütün Avropa onu “turkeza” və ya “türkino”, yəni “türk daşı” kimi tanıyırdı.

 

 Əslində, zirvə adının belə qeyri-müəyyən izahı o zamanlar heç məni qane etməmişdi. Karib hövzəsində türk mövcudluğuna dair son məlumatlara əsaslanaraq, mövzu yenidən araşdırılarsa, qalın toz qatı ilə örtülmüş sirlərin üstünün açılacağına və həqiqətlərin üzə çıxacağına şübhə etmirəm.

Bəli, istənilən halda, Atlantik okeanının o tayında, uzaq Karib hövzəsində dilimizə aid toponimlərin mövcudluğu məni çox qürurlandırdı. Hər bir ərazinin toponimləri (coğrafi adları) o yerin tarixi haqqında sanki şifrələnmiş informasiya toplusudur, onların mənşəyinin doğru-düzgün araşdırılması həmin ərazi və orada iz qoymuş xalqların keçmişinə dair dəyərli məlumatlar əldə etməyə imkan verir. Mən də “karonavirus tətilləri”ndə bu sahədə apardığım araşdırmalardan əldə etdiyim bəzi maraqlı məlumatları sizinlə bölüşmək istədim.

Rəşid Fətəliyev
AMEA, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent

Bakı, 30.04.2020

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020