Bu gün Azərbaycanda müasir coğrafi problemlərin qloballaşması, konstruktiv elmi-nəzəri prinsiplərin və qədim Xəzərin müasir ekocoğrafi gələcəyinin strateqi akademik Ramiz Məmmədov hesab olunur. Bu yaxınlarda akademik, Dövlət Mükafatı Laureatı Ramiz Məmmədov haqqında Rusiya mətbuatında dərc olunmuş bir yazıda onu Azərbaycanda coğrafiya elminin nailiyyətlərinə, xüsusilə qədim Xəzərin müasir coğrafi problemlərinin öyrənilməsinə göstərdiyi fədakarlığına və xidmətlərinə görə “Xəzərin xanı” adlandırmışlar.

Həqiqətən akademik Ramiz Məmmədov bütün ömür coğrafiyasını bilavasitə Azərbaycanın ayrılmaz hissəsi olan Xəzər dənizinin taleyi ilə bağlamışdır. Dünyanın mürəkkəb qədimdən-qədim və geocoğrafi cəhətdən hələlik tam öyrənilməmiş Xəzərin mövcudluğu və təsəvvürlərin formalaşması haqqındakı coğrafi anlayışları, bəsit ideyaların yaranması tarixi hələ IV-V əsrlərdən başlamışdır. Lakin o vaxtdan bəri XXI əsrə qədər Xəzər dənizinin problemləri haqqında ömrünün spektrləri göstərir ki, Ramiz müəllim qədər çoxillik tədqiqatlar aparan olmamışdır. Akademikin apardığı çoxsahəli tədqiqatların ən vacib sahələrindən biri Xəzər dənizinin səviyyəsinin hansı səbəblərdən dəyişməsinin uzunmüddətli proqnozunu hazırlamaqdır. Həqiqətən bu məsələni öyrənmək üçün uzunmüddətli elmi-texniki metodların tətbiqi tələb olunur. Fikir verin, 1972-1995-ci illər dövründə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxdı və sahil zonasının sosial-iqtisadi həyatına və ekoloji şəraitinə 2 milyard ABŞ dolları civarında ziyan dəydi. Həmin vaxt, yəni 1992-ci ildə akademik Ramiz Məmmədov Xəzər dənizinin səviyyəsinin qalxmasının 1996-cı ildə dayanacağını söyləmişdir.

Onun Xəzər dənizinin problemlərinə və ekocoğrafi rekonstruksiyasına bilavasitə 200-dən çox elmi-tətbiqi və ekocoğrafi layihələri mövcuddur. Yüzlərlə yeni fikirləri və tövsiyələrini əks etdirən məqalələri və monoqrafiyaları dərc olunmuşdur. Təkcə Xəzər dənizinin ən mürəkkəb və tətbiqi cəhətdən aktual olan Hidrometeoroloji parametrləri müəyyən edən 30-dan çox müxtəlif məzmunlu xəritədən ibarət Xəzərin ilk atlasını bilavasitə akademik Ramiz Məmmədov ortaya qoymuşdur.

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevral ayının 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur. R.Məmmədov ilk elmi yaradıcılıq fəaliyyətinə 1973-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Hələ o vaxtlarda onun gələcək elmi potensialını və prespektivlərini nəzərə alaraq Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə 1975-1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajor - təkmilləşmə təcrübəsi keçmişdir, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olmuşdur. Artıq 1980-ci ildə “Dayaz dənizlərdə və şirinsulu su tutarlarında turbulent mübadilə” mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında “Okeanologiya” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək gənc fizika-riyaziyyatçı alim kimi öz vətəninə dönmüşdür.

O, 1980-1985-ci illərdə Azərbaycanda yeni yaradılmış “Kosmik Tədqiqatlar” Elm-istehsalat Birliyində “Xəzər elmi tədqiqat stansiyası”nın müdiri vəzifəsində çalışmışdır. Lakin 1985-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən başlayaraq Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinə uzun illər rəhbərlik etmişdir. Lakin 1995-ci ildən həmin institutun elmi işlər üzrə direktor müavini, 2013-cü ildən isə direktoru vəzifəsində çalışır. Görkəmli alim 1996-cı ildə Coğrafiya elminin ayrılmaz sahəsi olan “Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yayılmasına təsiri” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir. Elmdə qazandığı yeni nailiyyətlərə və metodiki tövsiyələrə görə “Hidrologiya” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Artıq R.Məmmədov öz sahəsində istedadlı tədqiqatçı kimi elm aləmində tanınmağa başladı. Qazandığı elmi uğurlara və nailiyyətlərə görə 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə müvəffəqiyyətlə AMEA-nın həqiqi üzvü seçildi. Akademik R.Məmmədova 2009-cu ildə isə növbəti olaraq Azərbaycan Ali Attestasiya Komissiyasının xüsusi qərarı ilə “hidrologiya” ixtisası üzrə “professor” rütbəsi verilmişdir. O, təkcə Azərbaycanda deyil, bütün keçmiş sovet məkanında Xəzər dənizi problemləri üzrə tanınmış alim və mütəxəssis hesab olunur. Onun elmi tədqiqatlarının əsasları bilavasitə Xəzər dənizinin ən aktual ekocoğrafi problemlərinə hidrofizikasına, hidrologiyasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, müasir səviyyənin dəyişməsinə, qlobal iqlim dəyişmələri və Xəzər dənizinin qarşılıqlı əlaqəsinə, ekocoğrafi çirkləndiricilərin dəniz akvatoriyasında yayılmasının hidrocoğrafi modelinin yaradılmasına həsr olunmuşdur. Xəzər dənizinin Azərbaycan daxilində status probleminə və ümumiyyətlə, müasir Xəzərin geofizikası, hidrofizikası, ekocoğrafi problemlərinin tədqiqinə dair sistemli müşahidələr davam etdirilir. Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin qloballaşması, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi kimi klassik probleminin həlli hazırda R.Məmmədovun kompleks tətbiqi tədqiqatlarının qayəsini təşkil edir. R.Məmmədovun müasir “Okeançılar nəzəriyyəsinin” tərkib hissəsi olan nəzəri-tətbiqi tədqiqatlar sahəsində də dəyərli elmi uğurları mühüm əhəmiyyət kəsb edir.

Onun Xəzər dənizinin transsərhəd çirklənməsinə dair konstruktiv modelinin 2000-ci ildə ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantına layiq görülməsi Azərbaycan elminin uğurudur. Alınmış elmi nəticələrin dünyada bu sahədə ən sanballı nəşr sayılan “Spill Science Technology Bulletin” jurnalında çap olunması da böyük uğur hesab olunur.

Xəzər dənizini ekocoğrafi cəhətdən həddindən çox çirkləndirən əsas mənbələrdən biri sahil zonasında vaxtilə yerləşmiş, lazımsız sənaye və məişət obyektlərindən sistemli şəkildə dənizə çirkab sularının axıdılmasıdır. Hazırda bu sahədə yeniləşmə islahatlarının aparılması haqqında R.Məmmədov səmərəli təkliflər vermişdir. Xəzər dənizinin hazırda ən əsas problemlərindən biri onun müasir səviyyəsinin mərhələli dəyişməsinin öyrənilməsidir. Apardığı elmi axtarışlar səviyyə dəyişmələrinin səbəblərini müəyyən dərəcədə izah etmişdir. Bu məqsədlə o ilkin variantda səviyyə dəyişmələrinin kompleks model sxemini tərtib etmişdir. Nəticədə birinci yaxınlaşma mərhələsinin şərti proqnozunu vermişdir. Şərti olaraq Xəzər dənizinin səviyyəsinin yaxın keçmişlərdə kəskin qalxdığı və 1978- 1995-ci illərdə bir sıra tədqiqatlarının nəticəsi kimi bundan sonra da qalxacağı fikrini söyləmişdir. Həqiqətən R.Məmmədovun 1993-cü ildə dəniz səviyyəsinin qalxmasının 1996-cı ildə dayanacağı haqqında proqnozu özünü doğrultmuşdur. 1999-cu ildən başlayaraq onun elmi tədqiqatlarında yeni müasirləşmə və modelləşdirmə prinsipləri və müşahidələri Azərbaycan Respublikası ərazisində müasir səhralaşma prosesinin intensivləşməsi problemlərinin həllində xüsusi rol oynamışdır. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə süni peyklərdən alınmış rəqəmli kosmik şəkillərin emalı sayəsində, respublikanın 35 min kvadrat km ərazisində gedən yeni səhralaşmanın növü, dərəcəsi, areallarının xəritələri tərtib olunmuşdur.

Son günlər Azərbaycanda, xüsusilə Abşeron yarımadasında böyük narahatlığa səbəb olan sürüşmə proseslərinin aktivləşməsi haqqındakı fikirləri elmi-təcrübi cəhətdən böyük marağa səbəb olmuşdur. Akademik yaranmış sürüşmə proseslərinin kökünü, dinamikasının əsasını, onların son vaxtlar daha da fəallaşmasını bilavasitə ərazidə lokal ekogeoloji proseslərin canlanması ilə əlaqələndirmişdir. Həqiqətən, Abşeron yarımadası Azərbaycanın tərkib hissəsi olaraq müasir tektonik hərəkətlərin daha dinamik və fəal seysmik zonasına daxildir. Əlbəttə, həmin yerin ümumi relyef şəraiti, onun üfüqi və şaquli parçalaması, meyilliliyi baş verən sürüşmə proseslərinin həm genezisini və coğrafi qanunauyğunluğunu müəyyən edir. Ona görə ilk növbədə bu kimi təhlükəli təbii obyektlərin irimiqyaslı rəqəmsal xəritələrin hazırlanması vacibdir. Yəni burada sürüşmə prosesləri ilə yanaşı, yerli axınların istiqaməti, eroziya və morfometrik ölçülərin görünməsi olduqca vacib şərtdir. R.Məmmədovun tədqiqatları həmişə özünün novatorluğu ilə fərqlənmişdir. Bu baxımdan onun son illərdə Azərbaycanda landşaft planlaşdırılmasına dair kompleks tətbiqi elmi-praktiki lahiyələrini xüsusilə misal göstərmək olar. Hazırda təbiətdən səmərəli istifadənin və ekosistemlərin mühafizənin ən müasir vasitələrindən biri sayılan bu tətbiqi metod ilk dəfə Şirvan Milli Parkı və onun ətraflarındakı zonası landşaft planlaşdırılması layihəsini və tədbirlərin coğrafi konsepsiyasını hazırlamışdır. Müasir coğrafiya elminin önəmli və prioritet vəzifələrindən birincisi ölkəmizdə aqroistehsal sahələrinin coğrafi aspektlərini, davamlı iqtisadi inkişafının əsaslarını coğrafi resursların kompleks qiymətləndirilməsində daha konstruktiv və tətbiqi metodların işlənilməsidir. R.Məmmədov bir mütəxəssis kimi, beynəlxalq elm fondlarının dəstəyi ilə Xəzər dənizində su dövranının tədqiqi üçün yeni “drifter” metodunu tətbiq etmişdir və yerin süni peyki ilə qurulmuş əlaqə əsasında Xəzər dənizinin su dövranları haqqında yeni hidrofiziki düzəlişlər aparmışdır.

O, ilk dəfə olaraq Xəzər dənizinin tədqiqinə aid yeni tətbiqi texnologiyalardan biri kimi yerin süni peyklərindən radar altimetriyası ilə tədqiqatların aparılmasına nail olmuşdur. Bu iş onun vasitəsilə ilk dəfə 2004-cü ildə Fransanın Milli Elmi-Tədqiqatlar Mərkəzi ilə başlamış və daha sonra İtaliya, Böyük Britaniya və Almaniyanın alimləri ilə birgə tədqiqatlarını davam etdirmişdir. Əldə olunan uğurlu nəticələr 2005-ci ildə Venesiyada “Radar Alt-metriyasının 15 illiyi”nə həsr olunmuş beynəlxalq simpoziumda elmin yenilikləri kimi alqışlanmışdır. Bütün bunların sayəsində 2014-cü ildə Azərbaycanda tamamilə yeni 300-ə yaxın xəritədən ibarət “Xəzər dənizinin hidrometeoroloji atlası” nəşr olunmuşdur. Son on ildə dünyanın 50-yə qədər ölkəsində bu sahədə elmi məruzə ilə çıxış etmiş, bəzilərinə isə mütəxəssis kimi sədrlik etmişdir. Ramiz müəllim, ümumiyyətlə, dünyanın çox şəhərində müasir elmi toplantıların məruzəçisi olmuşdur. Dünyanın 20-dən çox elmi-tədqiqat mərkəzləri ilə qlobal ekocoğrafi problemin həllinə dair elmi əməkdaşlığını davam etdirir.

Azərbaycan Respublikası Coğrafiya Cəmiyyətinin prezidenti akademik Ramiz Məmmədovun təşəbbüsü və təşkilatçılığı sayəsində 1918-ci il Coğrafiya Cəmiyyəti yubileyinin və növbəti qurultayın keçirilməsi Azərbaycanda regional coğrafiya elminin inteqrasiyasına bariz misaldır. Burada Beynəlxalq Coğrafiya İttifaqının prezidenti, Rusiyanın İctimai Coğrafiyaçılar Assosiasiyasının vitse-prezidenti Kolosov Vladimir Aleksandroviçin Azərbaycan Coğrafiya Cəmiyyətinin çoxşaxəli fəaliyyətinin və son dövrlərdə regional coğrafiya elminin yüksək nailiyyətləri haqqındakı xoş sözləri Azərbaycan coğrafiyaçı alim və tədqiqatçılarının qarşısında yeni perspektiv öhdəliklərin əsasını qoydu.

Akademik Ramiz Məmmədovun rəhbərliyi ilə Azərbaycanın regionlarında təbii-təsərrüfat ekosistemlərinin təşkili və idarə olunması mövzusuna həsr olunmuş Mingəçevirdə keçirilmiş noyabr konfransı bir daha coğrafiya elminin tətbiqi, aqroistehsal prioritet istiqamətlərini müəyyənləşdirdi. Regionların təbii-landşaft resursların potensialını müəyyənləşdirmək, torpaq-bitki örtüyünün, ekoloji-milli parkların mövcud potensialından səmərəli istifadə edilməsi vacib məsələlər kimi qarşıya qoyuldu. Respublika ali məktəblərin mütəxəsisləri, regional elm mərkəzlərin və Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri konfransı vətənimizin coğrafiyasını yaxşı bilən, tanıyan və aqrar istehsalatların davamlı tətbiqi sahəsində gərəkli təcrübə modeli kimi qiymətləndirdilər. Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun, akademik Ramiz Məmmədovun “Türk Dünyasının Coğrafiyası və Etnosu” adlı hazırlanmış üçcildlik monoqrafiyası bütün türk Dünyasına böyük hədiyyə oldu. Kitabın ideya müəllifi AMEA-nın sabiq prezidenti hörmətli akademik Akif Əlizadə olmaqla, akademiklər Ramiz Məmmədov və Nizami Cəfərovun xeyir-duası ilə ərsəyə gəlmişdir.

Türk dünyasının coğrafi şəraitlə bağlı olaraq ən çox məskunlaşmış coğrafi məkanları Orta Asiya, Amu-Dərya və Sırdərya, Ön Asiyada Dəclə-Fərat, Qafqazda Kür və Araz çaylarının vadiləri olmuşdur. Kitabda tarixin müəyyən dövrlərində ayrı-ayrı etnosların arasındakı inteqrasiyasının coğrafi aspektləri geniş təhlil olunmuşdur. BR.Məmmədov Azərbaycanda müasir kadr potensialının hazırlanmasında olduqca fəal iştirak edir. Bu qısa zaman ərzində onun rəhbərliyi ilə 20-ə yaxın fəlsəfə doktoru, elmlər doktoru hazırlamışdır. O, uzun müddətdir AMEA Yer elmləri bölməsinin nüfuzlu “Xəbərlər” jurnalı baş redaktorunun müavinidir.

Demək olar ki, 20 ilə yaxındır Coğrafiya İnstitutunda fəaliyyət göstərən Doktorluq Dissertasiya Şurasına rəhbərlik edir. Eyni zamanda, Coğrafiya Elminin müasir Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış “Təmiz su” beynəlxalq mərkəzin Direktorlar Şurasının üzvüdür. Uzun müddət Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, 2014-cü ildən isə cəmiyyətin prezidenti olaraq fəaliyyət göstərir. Ramiz müəllim 2000-2009-cu illərdə isə Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzrə Beynəlxalq Ekoloji Mərkəzin Konsultativ Şurasının prezidenti vəzifəsini icra etmişdir. Akademikin mindən çox elmi əsəri və yeni metodiki fikirləri coğrafiya elminin konstruktiv və tətbiqi istiqamətdə gələcəyinin müəyyənləşdirilməsinə böyük ümidlər verir.

 

Habil HAQVERDİYEV,
coğrafiya üzrə fəlsəfə doktoru
 
Azərbaycan qəzeti, 02 fevral 2020-ci il