Azərbaycan dünyanın ən rəngarəng təbiətinə və zəngin təbii sərvətlərinə malik ölkədir. Bu təbii sərvətlərdən biri də insan həyatı və sağlamlığında xüsusi yeri olan təbabət zəlisidir. Təbabət zəlisinin ölkəmiz üçün geniş iqtisadi və müalicəvi əhəmiyyəti vardır. Çünki təbabət zəlisindən tibdə və alternativ təbabətdə bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edilir.

Tibb zəlisi (təbabət zəlisi) müxtəlif ölkələrin xalq təbabətində hələ qədim zamanlardan istifadə edilsə də, onun müalicəvi əhəmiyyəti tibb elminə yalnız XIX əsrin sonlarında məlum olub. Yalnız bundan sonra zəlilərin tədqiqinə başlanılıb, tədqiqatçılar zəlinin fizioloji xüsusiyyətlərini – ağız suyundan ifraz olunan mayenin biokimyəvi, farmakoloji və müalicəvi əhəmiyyətini öyrənmək üçün elmi tədqiqat işləri aparıblar. Nəticədə ifraz olunan mayenin tərkibində 120-yə yaxın bioloji aktiv maddənin (BAM) insan orqanizminə faydalı olması müəyyən edilib. Bu gün zəlinin ağızsuyu ekstraktlarından hazırlanan müxtəlif dərman preparatlarından istifadə edərək insan orqanizmində artrit, artroz, damarların varikozu, oynaq və başağrıları, osteoxondroz, radikulit, revmatizmin və digər xəstəliklərin kompleks müalicəsi məqsədilə işlədilən Heparlin, Sofiya krem, Lioton və başqa dərmanlar istehsal edilir.

Təbabət zəlisi əczaçılıq sənayesi üçün qiymətli tibbi xammaldır, müxtəlif xəstəliklərə qarşı müalicəvi və profilaktik dərman preparatlarının istehsalında, habelə müasir plastik cərrahi əməliyyatlarda və kosmetologiyada geniş istifadə olunur.

Hazırda təbabət zəlisinin ağızsuyundan ifraz olunan mayenin yeni tətbiq sahələrinin axtarışı davam etdirilir, o cümlədən xərçəng və QİÇS xəstəliyinin müalicəsində istifadə perspektivləri öyrənilir. Zəli min illərdir ki, insanların sağlamlığı keşiyində durmaqla digər canlılardan fərqlənir.

Hal-hazırda zəli, demək olar ki, tibdə öz təsdiqini tapmış müalicə vasitəsidir və dünyanın əksər ölkələrində geniş tətbiq və tədqiq olunmaqdadır. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində zəlinin bioloji, fizioloji və biokimyəvi xüsusiyyətlərini tədqiq edən Hirudoterapiya Elmi Tədqiqat İnstitutunda geniş tədqiqat işləri aparılır.

Hazırda insan sağlamlığının qorunmasında və bir sıra xəstəliklərin müalicəsində təbii bitki və heyvan mənşəli preparatlar etibarlı vasitə kimi dünya miqyasında dəyərləndirilir və onlardan istifadə olunmalarına üstünlük verilir. Ona görə də hazırda həkimlərin, farmakoloqların, kosmetoloqların və digər ixtisasçıların tibb zəlisinə olan maraqları günü-gündən artmaqdadır. Tibb zəlisi müalicə vasitəsi olmaqla yanaşı, həm də yüksək rentabelli kommersiya obyektidir.

Sututarlarında zəli ehtiyatlarının bol və əhali arasında tibb zəlisinə durmadan artan tələbatın olmasına baxmayaraq, ölkəmizdə hələ da ixtisaslaşdırılmış zəliçilik təsərrüfatları və ya zəli artırılan biofabriklər yoxdur.

Respublikamızda təbabət zəlisinin yayılma arealları və təbii resursları ilə əlaqədar son dövrə kimi kompleks elmi tədqiqat işləri aparılmayıb. Aşkar olunmuş zəlilər isə hidrobioloji tədqiqatlar nəticəsində müəyyən edilib. Məhz bu baxımdan təbabət zəlilərinin təbii resurslarının qorunub saxlanması və onlardan səmərəli istifadə edilməsi üçün biofabrika və tədarük məntəqələrinin yaradılması məqsədəuyğundur. Çünki zəlilərin kortəbii ovlanması və ekoloji faktorların mənfi təsirləri onların təbii resurslarını tükənməyə gətirib çıxara bilər. Hazırda ölkəmizin su hövzələrində minlərlə zəli brakonyerlər tərəfindən öz mənfəətləri üçün kortəbii surətdə ovlanılır və qara bazarda satılır. Problemin aradan qaldırılması və təbabət zəlisinin gələcək nəsillərə ötürülməsi məqsədilə onun yayılma areallarının müəyyən edilməsi olduqca vacib məsələlərdən biridir.

Qədim dövrlərdə insanlar təbabət zəlilərindən bir sıra xəstəliklərin müalicəsində istifadə ediblər. Bizim eradan 200 il əvvəl Halofonalı Nikandr ilk dəfə təbabət zəlisindən müalicə vasitəsi kimi istifadə edib. Daha sonra Hippokrat, Halen, Dhavantari, İbn Sina və başqaları da zəli müalicəsinə müraciət etmişlər. Hippokrat qan soran bu canlı barədə müəyyən biliklərə malik olmuş, qədim Romanın böyük tibb mütəffəkkiri Halen itirilən sağlamlığın zəli ilə geri qaytarıla biləcəyini, İbn Sina isə zəli müalicəsinin faydasının heç bir tibbi prosedurla əvəz oluna bilinməyəcəyini qeyd etmişdir. Hind təbabətinin banisi kimi tanınan Dhavantarinin bütün rəsmlərində bir əlində bal, digərində isə zəli təsvir edilir. Hətta Misirdə bəzi məzar daşlarının üzərində zəlini əksetdirən rəsmlərə də rast gəlmək mümkündür.

Qədim Misirdə və Çində zəlidən geniş istifadə edilib, Yunan və Roma dövrlərində isə ən yaxşı müalicə vasitəsi kimi qiymətləndirilib. Zəli müalicəsi İtaliyada və Hindistanda da geniş yayılıb. Zəli ilə müalicə, əsasən, Qərbi Avropada məşhur olub, mütəxəssislər bronxial astma, ürək xəstəlikləri, hipertoniya və dəri xəstəliklərini müalicə ediblər.

Dünyada zəlilərin 500-ə yaxın, Azərbaycanda isə 17 növü məlumdur. Təbabət zəliləri şirin sututarlarda yaşayan onurğasız heyvanlar aləminin həlqəvi qurdlar tipinin (Annelida) zəlilər (hirudinea) sinfinə aiddir. Tədqiqatçılar zəlilər sinfini iki yarımsinfə: qədim (archihirudinea) və əsl zəlilərə (euhirudinea) ayırırlar.

Qədim zəlilərə yalnız bir dəstə - qıllı zəlilər (acantabdellida), əsl zəlilərə isə (rhynchobdellida) çənəli zəlilər (qnathobdellida) dəstələri aid edilir. Zəlilərin ən geniş yayılmış nümayəndələri əsl zəlilərdir. İnsanların sağlamlığında xüsusi yer tutan təbabət zəliləri əsl zəlilərin çənəlilər dəstəsinə aiddir. Təbabət zəlilərinin insan orqanizmi üçün faydalı olan 3 yarımnövü müəyyən edilmişdir:

1.Adi təbabət zəlisi (hirudo medicinalis)

2.Aptek təbabət zəlisi (irudo officinalis)

3.Şərq təbabət zəlisi (hirudo orientalis)

Bu zəlilər bir-birinə çox yaxın olub, öz aralarında sərbəst çarpazlaşaraq döllü nəsil verirlər. İndiyə qədər su hövzələrində qeydə alman təbabət zəliləri “hirudo medicinalis” adı altında verilib (şəkil 1).

Zəlilərin arasında Şərq təbabət zəlisi daha fəal olub, öz çəkisindən 4-5 dəfə artıq qan sorur. Təbabət zəliləri su bitkiləri ilə zəngin olan şirin su hövzələrində (biotop), əsasən, göl və gölməçələrdə gölməçə tipli bataqlıqlarda, sucuq yerlərdə, sal axan dayaz çaylarda, bəzi bulaqlarda yaşayırlar (şəkil 2).

Zəlilər alabəzək, qaramtıl bataqlıq rəng çalar açıq-qəhvəyi, bozumtul qara nöqtələrlə bəzənir yaşıl zeytuni parlaq rəngli bədənə malikdir. Bədəni yumşaq, sürüşkən və möhkəm əzələ sistemik malik olduğundan suda asanlıqla dalğavarı hərəkət etməklə üzürlər.

Təbabət zəliləri bel-qarın istiqamətində yastılamış formada olub, bədəninin ön ucunun üst tərəfiındə yarımdairə şəklində düzülmüş beş cüt görə  yerləşir. Gözlər zəlilərin təsnifatında mühüm yer tutur. Təbabət zəlilərinin bədəni seqmentlərdən ibarətdir. Əsl zəlilərdə seqmentlərin sayı sabit olu 33 ədəd təşkil edir. Bədənin üzərində simmetrik düzülmüş boz-qara rəngli və narıncı çalarlı nöqtəvari ləkələr yerləşir.

Su hövzələrində, akvarium və müxtəlif şəraitdə saxlanılan təbabət zəliləri ardıcıl olaraq (1-2 gündən bir) qabıqlarını (dərilərini) dəyişirlər. Qabıqla ağ rəngli olub, suyun dibinə çökərək, onun çirklənməsinə səbəb olur və zəliləri istifadə üçün yararsız hala salır. Bu vəziyyətdə zəlilər qıvrılır, büzüşür və  passivləşirlər. Odur ki, akvarium və ya başqa qablarda saxlanılan zəlilərin suyu mütəmadi olaraq təmiz su ilə dəyişdirilməlidir. Təbabət zəlilərini orta hesabla uzunluğu 100-120 mm-ə çatır, bəzən 200-250 mm uzunluğunda olan fərdlərə də rast gəlmək mümkündür.

Qeyd edilməlidir ki, tibdə və alternativ təbabətdə 60-70 mm ölçüdə zəlilər müalicə məqsədlə üçün daha yararlıdır.

  Şəkil 1.    Şəkil  2.

Müalicə əhəmiyyətli təbabət zəliləri cənub mənşəlidir. Zəlilərin su həyat tərzi keçinnəsinə baxmayaraq, onlarda qəlsəmə sistemi yoxdur və bədənlərinin səthi ilə tənəffüs edirlər, insan və heyvan qanını sorarkən (1 dəfə doyunca sorduğu qanla 6 ay, bəzən isə 1 ilə qədər qidalanmadan yaşaya bilir) dişlədiyi yerdə üçbucaq şəklində yara əmələ gəlir və bu yara 2-3 günə sağalır.

Zəlilər, adətən, su hövzələrində küləkli və soyuq havada su bitkilərinin arasında, sahilə yaxın rütubətli yerlərdə torpağın içində və daşların altında gizlənirlər. Su hövzələri quruyarsa, zəlilər bir müddət rütubətli torpaqlarda yaşayır və ya orada quruluq yuxusuna (şaxtalı və soyuq havada qış yuxusuna) gedirlər, isti və günəşli havada, əsasən, 26- 27°C temperaturda isə aktiv həyat tərzi keçirirlər. Onların bədənində iki - ön və arxa sormacı mövcuddur. Ön sormacda ağız dəliyi və möhkəm kutikula qatı ilə örtülmüş mişarşəkilli kəsici-deşici dişcikləri yerləşir, bu, qidalanmağa, arxa sormacı isə substratdan yapışmağa və hərəkətə xidmət edir.

Qida axtarışı məqsədilə zəlilər yaşadıqları mənbələrin, xüsusilə göl və gölməçələrin birindən digərinə asanlıqla miqrasiya edirlər. Onların hər bir fərdi üçün 40-120 sm3 su ehtiyatı kifayət edir.

Bu maraqlı canlılar hermofroditdirlər, bədənlərində hər iki cinsin (erkək və dişi) üzvlərini daşıyırlar. Onların cinsi orqanları yaxşı inkişaf etmişdir, bədənin qarın nahiyyəsinin orta hissəsində yerləşir. Buna baxmayaraq, zəli öz-özünü mayalandırma xüsiyyətinə malik deyildir. Bunun üçün digər zəlinin iştirakı vacibdir. Onlar ildə bir dəfə nəsil verirlər. Mayalanmış zəlilər sahilə yaxın rütubətli torpaqlarda və daşların altında, tut ipəkqurdunun baramasına bənzər barama qoyurlar. Baramaların daxilində 10-15, bəzən 20-25 embrion (rüşeym) olur və onlar 30-35 gün müddətində inkişaf edərək yetkin fərdlərəbənzər ağ rəngli xırda zəlilərə çevrilirlər. Dünyaya gəlmiş xırda zəlilər ilk gündən fəal olub qidalanır və həyatlarının 3-4-cü ilində cinsi yetkinliyə çatırlar.

Təbabət zəlilərindən seçilməyən, onlara oxşayan zəli növləri də az deyil. Su hövzələrində təbabət zəliləri ilə eyni coğrafi mühitdə yaşayan yalançı at zəlilərini (haemopis sanguisuga) buna misal göstərmək olar. Bu zəlilər insan və heyvanların orqanizmində ağız və traxeyalara daxil olub, onların həyat və sağlamlığına təhlükə yarada bilər.

Müşahidələr zamanı müəyyən edilmişdir ki, Quba rayonunun Xınalıq kəndi ərazisində insan sağlamlığı üçün təhlükəli və yerli əhali arasında “cır” zəli adlandırılan yalançı at zəlilərini qeyri-mütəxəssislər səhvən təbabət zəlilərinə bənzədirlər.

Zəlilər təbii şəraitdə suda digər canlılarla - qurbağa, tısbağa, balıq, müxtəlif növ həşəratlarla birgə həyat tərzi keçirirlər ki, bu halda da təbabətdə istifadə üçün onların yararlı olmasını demək çətinləşir. Zəlilərin bədəni iysiz, qoxusuz, zəhərsiz olduğu üçün balıqlar, qurbağalar, su quşları, kirpilər və b. canlılar onlarla asanlıqla qidalanır.

Təbabət zəlilərinə Rusiyanın cənub bölgələrində, Ukraynada, Macarıstanda, Misirdə, İsraildə, Afrikada, İranda, Qafqazda və b. regionlarda rast gəlinir. Onlar 1984-cü ildə keçmiş SSRİ-nin “Qırmızı kitabına salınmışdır.

Azərbaycanın təbii su hövzələrində də təbabət zəlilərinə geniş rast gəlinir. Azərbaycanda ilk dəfə 1876-cı ildə Lənkəran, Astara və Masallı rayonlarının su hövzələrində zəli ovuna başlanılmış və qısa müddətdə 1,5 milyona qədər zəli ovlanmışdır. 1962-ci ildə Abşeron yarımadasının Məmmədli kəndi yaxınlığında, Yanardağ sahəsində zəli yetiş-dirilməsi üçün nohurlar düzəldilmiş və Qızılağac körfəzindən gətirilmiş 5600 ədəd zəli buraxılmışdır. Nohur şəraitində zəlilər nəsil vermiş və burada ildə bir milyondan çox zəli ovlanılmışdır. Lakin sonradan bu işə fasilə verilmiş və bu istiqamatdə yalnız 2016-cı ildən başlayaraq AMEA Zoologiya institutunda tədqiqat işlərinə başlanılmışdır. Hazırda zəli ovu respublikamızda geniş vüsət almışdır. Respublikamızın Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, İsmayıllı, Zaqatala, Balakən, İmişli, Zərdab, Goranboy, Şabran, Ağcabədi, Göygöl və b. rayonlarının ərazilərində zəli populyasiyalarına rast gəlinir (şəkil 3).

   Şəkil 3. Zəli biotopu

Qeyd etmək lazımdır ki, hazırda həkimlər, bioloqlar, kimyaçılar və farmakoloqlar təbabət zəlilərinin bioloji və fizioloji xüsusiyyətlərini, həmçinin tüpürcək vəzindən ifraz olunan fermentlərin xassələrini daha dərindən öyrənirlər. Tədqiqatçılar qeyd edirlər ki, təbabət zəliləri əsl kiçik əczaçılıq biofabrikidir. Əvvəldə də qeyd etdiyimiz kimi, qan sorarkən zəlilərin tüpürcək vəzisindən insan bədəninə 120-yə yaxın faydalı bioloji aktiv ferment ifraz olunur. Onlardan ən faydalısı hirudin fermentidir.

1884-cü ildə tədqiqatçı İ.B.Haykraft tərəfindən kəşf olunmuş hirudin fermenti insan orqanizmində qanı duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, yüksək qan təzyiqini aşağı salır, infarkt və insult halları ehtimalını azaldır. Həmin ferment, eyni zamanda, dəri xəstəliklərini müalicə edir. Qan dövranı, astma-bronxit, oynaq, başağrıları, artroz, damar xəstəlikləri, sinir, böyrək, ağciyər, qaraciyər, ginekoloji, göz, prostat, şəkər, dəmirov, miqren, osteoxondroz və b. xəstəliklərin müalicə və profilaktikasında müsbət səmərə verir. O, insan orqanizmində immuniteti gücləndirir, iltihab prosesini aradan qaldırır və təbii aspirin rolunu oynayır. Bu müalicə üsulundan kosmetologiyada da geniş istifadə olunur. Zəlinin ağızsuyundan ifraz olunan fermentlər dərini cavanlaşdırır, daha parlaq edir və xırda qırışları aradan qaldırır.

Ümumiyyətlə, zəlilərin artıb çoxalması üçün biofabriklər və tədarük məntəqələri olmadığından, respublikamızın su hövzələrindən minlərlə zəli qeyri-mütəxəssislər tərəfindən kortəbii şəraitdə ovlanılır və satılır. Həmçinin brakonyerlik yolu ilə ovlanılmış zəlilər müxtəlif yollarla ölkəmizdən kənara çıxarılıb satılır.

Statistik məlumata görə, hazırda ölkəmizdə 5 minə yaxın aptek fəaliyyət göstərir, onların əksəriyyətində də zəli satılır. Satılan zəlilər mənşəyi məlum olmayan göl və gölməçələrdən toplanılır. Bu zəlilərin tibbi nöqteyi-nəzərdən faydalı olması şübhə altındadır. Onu da qeyd edək ki, müalicə məqsədilə hər zəlidən yalnız bir dəfə istifadə olunmalıdır. Təkrar istifadə olunarsa, insan sağlamlığına təhlükə yarana bilər. Zəli qoyulan insanın qanının tərkibi barədə də mütəxəssis mütləq məlumatlı olmalıdır.

Respublikamızda bir sıra tibb müəssisələrində, sağlamlıq ocaqlarında, habelə alternativ təbabətdə zəli müalicəsindən geniş istifadə olunur. Məhz bu baxımdan steril zəli tədarükü üçün regionlarda zəliçilik təsərrüfatlarının yaradılması mühüm məsələlərdən biri hesab olunur.

Əhalinin zəli müalicəsinə artan tələbatını ödəmək, əlverişli və səmərəli kommersiya fəaliyyətini genişləndirmək, tibbi turizmi inkişaf etdirmək məqsədilə təbabət zəlilərinin təbii resurslarının qorunması, eləcə də yeni iş yerlərinin yaradılması sahəsində mütərəqqi və rentabelli zəliçilik təsərrüfatlarının (biofabrik) təşkili və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, ölkəmizdə təbabət zəlisinin inkişafı üçün xeyli əlverişli təbii şərait mövcuddur. Araşdırmalarımız əsas verir deyək ki, respublikamızda təbabət zəlilərinin təbii ehtiyatlarını qorumaq, əhalinin steril zəliyə günü-gündən artan tələbatını ödəmək üçün xüsusi qorunan təbiət ərazilərində mövcud olan şirin su hövzələrində zəliçilik təsərrüfatlarının yaradılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında məsələ qaldırılmasının vaxtı çoxdan çatmışdır.

Müalicəvi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, zənnimizcə, dövlət dəstəyi altında sahibkarları bu sahəyə həvəsləndirmək, regionlarda süni göllər, nohurlar yaratmaqla təbabət zəlilərinin artırılmasına və əhalinin steril (sağlam) zəli ilə təminatına zəmanət vermək olar. Sonda onu da vurğulayaq ki, təbabət zəlilərinin regionlar üzrə su hövzələrində coğrafi yayılması, təbii resurslarının müəyyən edilməsi istiqamətində tədqiqat işlərinin aparılması Azərbaycan alimlərinin qarşısında həllini gözləyən günümüzün vacib məsələlərindən biri olmalıdır.

ŞAHVƏLƏD ƏLİYEV

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun
aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru
АМЕА-nın XƏBƏRLƏR MƏCMUƏSİ, 2018, cild 5, № 3