Tanınmış tədqiqatçı, coğrafiyaçı alim Şahvələd Xəlilov 1939-cu ildə Gürcüstan Respublikasının qədim Borçalı mahalının Qarabulaq kəndində anadan olmuşdur. 1957-ci ildə Qardabani rayonunda orta məktəbini bitirdikdən sonra, çoxdan arzuladığı Azərbaycan Dövlət Universitetinin Geoloji Coğrafiya fakültəsinin coğrafiya bölməsinə daxil olmuşdur. Şahvələd müəllim həqiqətən ADU-nu fərqlənmə diplomu ilə başa vurduqdan sonra onu müstəsna hal kimi 1962-ci ildə Azərbaycan MEA Coğrafiya İnstitutuna işə göndərilmişdir. O vaxtdan bəri gənç Şahvələd müəllimin ömür çoğrafiyası AMEA Coğrafiya İnstitutunun taleyi ilə bağlı oldu. Elmə hədsiz məhəbbəti və güclü maraqları Şahvələd müəllimi Coğrafiya elminin elmi-nəzəri sirlərini və mürəkkəb qanunlarını daha dərindən düşündürməyə başladı.

   Həqiqətən elmə olan dərin həvəsi ömür çoğrafiyasının elmi yaradıcılıq salnaməsində öz bəhrəsini verdi. Xüsusilə ilkin aspirantlıq illərində Şahvələd müəllimin elmi təfəkküründə, elmi-nəzəri metodoloji yanaşmalarında elmin prespektiv problemləri haqqında, yaradıcılıq təcrübəsində  güclü dönüş yarandı.

       Əlbəttə, xüsusilə qeyd etmək lazımdır ki, hələ çox gənc olan Şahvələd müəllimin su sferasını öyrənən hidrologiya elminin sirlərinə yiyələnməsində ilk dəfə işlədiyi  «Hidrologiya»  şöbəsinin güclü kollektivinin də mühüm rolu olmuşdur. Sistemli olaraq çöl tədqiqatlarının aparılmasında, çöl müşahidələrinin metodoloji normativ qaydalarına, həmçinin tədqiqat metod və prinsiplərinə uyğunlaşma, adi çöl qeydlərinin aparılması təcrübəsini Şahvələd müəllim bilavasitə onlardan öyrənmişdir. Ona görə fürsətdən istifadə edib bu gün, Şahvələd müəllimin 80-illik yubileyi ərəfəsində onun tanınmış tədqiqatçı və alim kimi yetişməsində bütün Coğrafiya İnstitutun kollektivini bu  təmənnasız zəhmətlərini xüsusi qeyd etmək istəyirəm.

Artıq gərgin zəhmətin və çoxillik müşahidələrin nəticəsi öz bəhrəsini verdi. 1969-cu ildə Şahvələd müəllim keçmiş sovetlər məkanında həcminə görə seçilən “Mingəçevir su anbarının lillənməsi” mövzusunda “Namizədlik”dissertasiyasını müdafiə etdi, 1996-cı ildə isə Azərbaycanda “Böyük su anbarlarının ətraf mühitlə qarşılıqlı təsirinin əsas ekocoğrafi problemləri” mövzusunda doktorluq dissertasiyası tamamlandı. Bununla da Şahvələd müəllim müstəqil ömür coğrafiyasının elmi-fəlsəfi nəzəriyyəsinin təməlini dahada dərinləşdirdi.

 Bu tədqiqatçının əsas elmi fəaliyyəti, onun yaradıcılıq karyerasının əsasını Azərbaycanda bilavasitə su anbarlarının və göllərinin hidroloji xüsusiyyətləri, su anbarlarının çirklənməsi, lillənməsi və sahil landşaftlarının dinamikası, su təsərrüfatı üzrə Dövlət lahiyyə tədbirlərinin, o cümlədən su anbarlarının ətraf ekoloji mühitə təsiri problemlərinin tədqiqi olmuşdur. Şahvələd müəllim öz yaradıcılığında həmişə su obyektlərinin mühafizəsi və onlardan səmərəli istifadəsi problemlərinin həllinə də yeni tətbiqi metodların işlənilməsinə xüsusilə geniş fikir vermişdir.

Xüsusilə qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq Şahvələd müəllim  Azərbaycanda bütünlüklə su anbarlarını coğrafi aspektlərinə, yaratdığı ekocoğrafi problemlərinə görə təsnifləşdirmişdir. Azərbaycanda yeni su anbarlarının coğrafi yerləşdirilməsinin əsas ekoloji – coğrafi prinsiplərini, o cümlədən onların elmi texniki lahiyə və xəritələrini o işləyib hazırlamışdır. Hətta onların ətraf mühitə vurduğu ziyanın kəmiyyət və keyfiyyət təsirini, o cümlədən mövcud su anbarlarının lillənməsi, sahillərin dinamikasının coğrafi proqnozunu vermişdir. Beləliklə, Şahvələd müəllimin  bir mütəxəssis kimi Azərbaycanda su anbarlarının ekoloji-coğrafiyası haqqında verdiyi kompleks proqnozları və təklifləri  həmişə Azərbaycan Su Təsərrüfatı Nazirliyi və müvaffiq ekoloji qurumlar tərəfindən yüksək qiymətləndirilmiş və tətbiq üçün qəbul olunmuşdur.

 Bunların nəticəsi olaraq Azərbaycanın iri su anbarları və onların kompleks ekoloji problemlərinə həsr etdiyi (2003-cü ildə) kitabında  su anbarlarının çox yığcam formada coğrafiyasını verməsi çox təqdirə layiq oldu. Kitabda onların kompleks coğrafi kəmiyyət və keyfiyyət parametrlərinin işlənilməsi elmdə yenilik kimi qarşılandı. Monoqrafiyanın ən mühüm elmi keyfiyyətlərindən və dəyərlərindən birincisi burada müəllifin indiyə qədər Azərbaycanda su anbarlarına dair coğrafi problemlərin və mövcud tədqiqatların nəticələrinin qruplaşdırması olmuşdur. Daha doğrusu Şahvələd müəllim özlüyündə ilk dəfə Azərbaycanda müasir su anbarlarının ekoloji-coğrafi problemlərini olduqca lakonik və yüksək elmi səviyyədə  tədqiq etmişdir. Həmçinin  onların ekocoğrafi problemlərinə dair yeni elmi fikir və ideyalar mühüm elmi nəticələr olmuşdur. Bu kimi  elmi təcrübi təkliflər olduqca təqdirə layiqdir. Çünki, belə yanaşmalar elmi tədqiqatlarda   müqayisə metodu  kimi olduqca vacibdir. Biz vətənimizin paleocoğrafi keçmişini bilməliyik ki, yaşadığımız təbiətin sonrakı coğrafi hadisələrinə dair  daha mükəmməl elmi-təcrübi  reallıqlara hazır olaq.

Şahvələd müəllimin  tədqiqatlarında Azərbaycanın ən mühüm aqro həyati əhəmiyyəti olan su anbarların xüsusilə, ən iri Mingeçevir, Ağstafaçay, Şəmkir, Yenikənd, Ceyranbatan, Xudafərin və s. Anbarların ekocoğrafiyası və sahil dinamikası haqqında yeni kompleks elmi məlumatların verilməsi zaman kəsiyində indidə olduqca vacibdir. Coğrafi cəhətdən böyük su anbarlarının kompleks ekocoğrafi problemləri və koordinatları bəlli olduqda onların mövcud  problemlərinin rekonstruksiyası, xüsusilə, sahillərin dinamikasına dair gələcək təhlükəsizliyini təmin etmək məsələsi asanlaşır. Eyni zamanda həmin təhlükələrə qarşı dövlət səviyyəli elmi-tətbiqi proqramların və aqrar islahatların vaxtında işlənilməsi məsələsinə zəruriyyət yaranır. Bu olduqca böyük şərtdir. Müəllif son   monoqrafiyasında iri su anbarlarının hamısının  bu tipli coğrafi göstəricilərini yüksək səviyyədə vermişdir. Əlbəttə bu işlər olduqca böyük vaxt aparmış və çox böyük zəhmət tələb etmişdir. Həqiqətən Şahvələd müəllimin əsl vətənpərvərlik və yüksək elmi yaradıcılıq yolu seçib bu kimi çox dəyərli  elmi-təcrübi töhfələr  qoyub getməsi həmişə coğrafiya elminin nailiyyəti olaraq qalacaqdır.

Şahvələd müəllim davamlı olaraq 2006-cı ildə nəşr etdirdiyi “Azərbaycanın Ekocoğrafi Problemləri” əsəri bu gündə, Azərbaycanda müasir ekocoğrafi problemlərin və onların həlli yollarının işlənilməsi haqqında  keçmiş fikirlərini bir daha yenidən gündəmə gətirir.

Hazırda Azərbaycan ərazisində Dövlət səviyyəsində lahiyyələşdirilmiş 60-dan çox su anbarlarının hidrocoğrafi  vəziyyətin  öyrənilməsi bilavasitə Şahvələd Xəlilovun adı ilə bağlıdır. Aqro istehsal sahəsində suvarma kanallarının, kollektor şəbəkəsinin ümumi həcmi, onlara texniki baxımsızlığı üzündən vaxtilə Respublika ərazisinin 3%-a qədərinin sualtında qalması fikri Şahvələd Xəlilova məxsusdur.   Respublika ərazisində bəzən tələsik tikilən su qurğularının gələcəkdə hansı coğrafi fəsadların törətməsini çəkinmədən tədqiqatlarının yekununda həmişə göstərirdi. Məsələn, o tədqiqatlarının birində qeyd edirdi ki, təkcə su anbarlarının sahillərinin uçması nəticəsində vaxtında 3000 hektardan çox torpaq sahələrinin sualtında qalması cəmiyyətdə həyəcan təbili kimi qarşılanmışdır. Bunun 94%, yəni 2500 hektarı təkcə Mingəçevir gölünün payına düşmüşdür. Bunun nəticəsində təbii olaraq su anbarlarında çirklənmə və lillənmə dərəcəsi getdikcə çoxalırdı. Bunların müəyyən olunması isə şübhəsiz mühüm sosial-təsərrüfat əhəmiyyəti olan su tutumlarında əvvəlcədən təhlükəsizliyi təmin olundu. Hətta axımın bir neçə su anbarları ilə tənzimlənməsi məsələsinə bir hidroloq kimi müsbət rəy vermirdi. O göstərirdi ki, bu prinsip bütün çayların ekoloji vəziyyətini gərginləşdirir. Məsələn, təkcə Kür çayı üzərindəki Mingəçevir və Varvara su anbarlarından sonra Şəmkir su anbarının istifadəyə verilməsi məsələsi su anbarlarında suyun «köhnəlməsi» və yaxud «çiçəklənməsi» prosesi güclənmişdir. Yəni kütləvi həyatı məna daşıyan bu su tutumlarında suyun ekoloji keyfiyyəti pisləşirdi. Həmin çayın yəni Kürün üzərində yenidən tikilmiş Yenikənd su anbarının istifadəyə verilməsi isə bu vəziyyəti daha da gərginləşdirmişdir. Bunları deməkdə məqsədim odur ki, Şahvələd müəllim əsas mütəxəssis kimi öz  elmi nəticələrində təkcə elmi yeniliyi yox, eyni zamanda regional su anbarlarının gələcək coğrafi rekonstruksiyasına, ekocoğrafi sonluğunada xüsusi diqqət vermişdir. Həqiqətən Şahvələd müəllim olduqca reallığı sevən alim idi. Çünki burada tədqiqatçının həm milli- vətənpərvərliyi və həm də aqrar-sosial yaradıcılığının əhatəliyi və keyfiyyətləri özünü aydın göstərir.

Şahvələd müəllim həmişə tədqiqatlarına təkcə kompleksçilik prizmasından yox eyni zamanda bir mütəxəssis və  mən deyərdim ki, bir ali – mühəndis kimi yanaşırdı. O vaxtilə İsmayıllı rayonunda (Əyriçay üzərində), Girdimançay üzərində tikiləcək 200 mln. m3-lik həcmində su anbarlarının gələcəkdə ətraf ərazilərin coğrafiyasında törədəcəyi iqtisadi böhranları əvvəlcədən dəqiq söyləmişdir.

O müəyyənləşdirmişdir ki, Azərbaycan ərazisində iri su anbarlarının ətraf sahələrin ekocoğrafiyasına əsasən beş istiqamətdən təsir göstərir. Onlar hidroloji, hidroekoloji, geomorfoloji, iqlim və landşaft komplekslərinin deformasiyasından ibarət olmuşdur. Bunları deməklə məqsədim odur ki,  Şahvələd müəllim gələcəkdə su anbarlarının tikintisində bu mühüm alimlərin, istər coğrafi, istərsə də tikinti texniki işlərinin Dövlət səviyyəsində proqnoz – lahiyələşdirilməsində mütləq nəzərə alınmasını elmi cəhətdən əsaslandırmışdır.

O həmişə çalışırdı ki, Azərbaycanda   ekocoğrafi problemləri olduqca  dəqiq və proqramlaşmış formada müəyyənləşdirsin. Şahvələd müəllim bu fikirləri ilə Azərbaycanın çoxşaxəli  coğrafiyaçı alimlərinin hər birinə növbəti tədqiqat proqram vermiş oldu.  Və həmin problemlərin kompleks həlli yollarının istiqamətini müəyyənləşdirdi. Məsələn, bu metodlar təkcə Abşeronda 150-ə qədər gölün ekocoğrafi taleyini təhlil etmişdir. Xüsusilə onların su ehtiyatları və duz ehtiyatı haqqında konkret kəmiyyət göstəriciləri vermişdir. Hətta göstərmişdir ki, Abşeronda neft istehsalının, kanalizasiya və qrunt sularının səviyyəsinin qalxması, çirkli və sənaye əhəmiyyəti olmayan fəsili göllərin sayını qat-qat artırır. Sözsüz bu kimi proqnozların verilməsi elmi cəhətdən səhrəlaşmanın və ekocoğrafi fəlakətlərin dinamikası kimi qiymətləndirmək olar. Yəni bunlar əhatə olunduğumuz təbiətimizə qarşı əvvəlcədən gözlənilən həyəcan təbili siqnal olmuşdur.

Böyük Qafqazda, Kiçik Qafqazda, Kür-Araz ovalığında və Lənkəran zonasında yüzlərlə göllərin, su obyektlərinin, AES-nin coğrafi problemlərini, onların əsas morfometrik ölçülərini, axımın tənzimlənməsi yollarını analiz etmişdir.

Azərbaycan meşələrinin vəziyyəti, atmosferin çirklənməsi, Xəzər dənizinin gələcək taleyi, regionların ekoloji problemlərinin təhlili Şahvələd müəlliminin yaradıcılıq prioritetlərindən biri olmuşdur. Bunlar elmi bazasının yaradılmasında, Respublikada təcrübi-aqrar islahatların aparılmasında, müasir landşaft-struktur  planlaşdırılmasında çox mühüm elmi məlumatlardır.

 Yerindəcə demək olar ki, görkəmli tədqiqatçı-alim, təbiətşünas, təbiətin keşiyində zəhmət çəkən,  həssas-vətənpərvər insan, Şahvələd müəllim az yaşadı. Lakin vətəni üçün, xüsusilə müasir coğrafiya elminin inkişafı üçün çox iş gördü.

 Əlbəttə, unudulmaz Şahvələd müəllim həm yaşadı və həm də, xalqımız üçün yeni coğrafi fikir və ideyaları yaradıb yaşatdı. Belə dəyərli insanlara xalqı, vətəni tərəfindən ancaq afərin düşür. Ömür coğrafiyasını, onun dəyərlərini həmişə yaddaşlarda yaşadır.Onun son illərdə əldə etdiyi elmi nailiyyətləri və konkret nəticələri Azərbaycanda coğrafi elminin elmi-medodoloji və konstruktiv uğurları idi. Güman edirəm ki, Şahvələd müəllimin Coğrafiya elmində qazandığı uğurların metodoloji yanaşmaları, hidrologiya elm sahəsində yeni fikir və ideyaları gələcək elmi tədqiqatlarımızda gərəkli təcrübə ola bilər. Onun Coğrafiya elminə, təbiətşünaslıq, vətənpərvərlik mədəniyyətinə gətirdiyi elmi-metodoloji yeniliklər, onların iqtisadi təcrübi dəyərləri həmişə Azərbaycan MEA-nın Rəyasət Heyətində coğrafiya elminin ən mühüm nəticələri kimi qəbul edilmiş və qiymətləndirilmişdir.

Şahvələd müəllim həqiqətən Azərbaycan elm içtimaiyətində və istərsə də ictimai həyatda olduqca çox tez parladı, mənalı həyat yaşadı. Lakin ömür ona coxillik vəfa vermədi tez söndü. Ancaq Şahvələd müəllimin yeni səmərəli elmi fikir və ideyaları ardıcıları tərəfindən daimi inkişaf etdiriləcəkdir.

  Onun apardığı çoxsaylı tədqiqatların nəticələrindən “Bakı-hidrolayihə” İnstitutu, Yeni Azərbaycan DRES-nin baş su götürücü qurğusunun və onun tunelinin (1974), Xudafərin və Qız Qalası su anbarlarının (1979), Mingəçevir su anbarının rekonstruksiyası və HES tikintisinin (1982), İsmayıllı rayonunda Girdimançay və Əyriçay üzərində su anbarlarının (1991-1992) və Baş Mil kanalı üzərində HES və su anbarı (1994) layihələrinin tərtibində layiqincə istifadə edilmişdir.

Respublikanın gölləri  və su anbarlarının mühafizəsi və səmərəli istifadəsi üzrə əldə etdiyi elmi nəticələri Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən Azərbaycan Respublikasının potensial su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi üzrə yol xəritəsinin hazırlanmasında istifadə edilmişdir.

Ş.B.Xəlilov bir çox Beynəlxalq və Ümumittifaq simpozium və müşavirələrində (Pedinq-İngiltərə, Helsinki, Moskva, Sankt-Peterburq, Novosibirsk, Tiflis, Minsk, Yakutsk, Velikiy Novqorod və s.) Azərbaycanın coğrafiya elminin kadr potensialının və onun uğrlarını layiqincə təmsil etmişdir.

O, 100-dən artıq elmi əsərin, o cümlədən 5 monoqrafiyanın  müəllifidir. Həmçinin ASE-nin VI-X cildlərində Azərbaycanın çayları, gölləri və su anbarlarına aid 50-dən artıq məqalə çap etdirmişdir. Onun 12 elmi əsəri xarici ölkələrdə nəşr olunmuşdur.

20 il ərzində (1974-1993) daimi aparıcısı olduğu Azərbaycan televiziyasının ən çox sevilən verilişlərindən olan elmi-kütləvi “Səyahət” və “Sovet Azərbaycanına səyahət” (1981-1986) verilişləri coğrafi biliklərin yayılmasına, milli ekoloji mədəniyyətinin yüksəlməsinə və təbiətə olan, vətənpərvərlik münasibətlərin düzgün istiqamətləndirilməsinə xeyli mühüm təsir göstərmişdir. Ş.B.Xəlilov çox mühüm ictimai-siyasi qabiliyyəti və fəaliyyəti ilə də fərqlənmişdir. O, 1978-84-cü illərdə AMEA partiya komitəsinin katibi, Bakı ŞS-nın deputatı seçilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da, o YAP Yasamal rayon təşkilatının əsas təşkilatlarından biri olmuş və 1993-cü ildən 2001-ci ilədək rayon təşkilatı sədrinin birinci müavini seçilmişdir. YAP-ın I (1999) və II qurultaylarında (2001) YAP siyasi şurasının üzvü seçilmişdir.

 Bundan başqa Ş.B.Xəlilov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası Ekspert şurasının üzvü olmuşdur. O, 2000-ci ilin sonunda BDU-nun Humanitar məsələlər üzrə prorektoru və 1997-ci ildən coğrafiya fakültəsində ətraf mühitin mühafizəsi kafedrasının professoru işləmişdir. 2001-ci ilin iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.Uzun müddət Azərbaycan Coğrafiya Cəmiyyətinin hərtərəfli formalaşmasında, cəmiyyətin regionlaşmasında Şahvələd müəllimin çox böyük xidmətləri olmuşdur. 2014-cü ildə Şahvələd müəllimin coğrafiya elminin xidmətlərinə və 75-illik yubileyinə dair Coğrafiya Cəmiyyətinin xətti ilə təntənəli tədbir keçirilmişdir. Bir sözlə tanınmış tədqiqatçı-alim Şahvələd Xəlilovun klassik coğrafi izləri, gələcək strateqiyasına dair fikir və ideyaları mərhələ-mərhələ araşdırılıb öyrəniləcək. O həqiqətən coğrafiya elminin Şahvələdi olmuşdur. 

Habil Haqverdiyev
AMEA akad. H.Əliyev adına
Coğrafiya İnstitutu “Coğrafi fikir və toponimika”
Şöbəsinin rəhbəri coğrafiya üzrə fəlsəfə doktoru
 
Respublika qəzeti, 22 sentyabr.  2019-cu il