16 Oktyabr 2019, Çərşənbə axşamı
Bəzən, valideyn olaraq, uşaqlarımızın yerli-yersiz şıltaqlığına göz yumuruq. Hətta, ictimai yerlərdə onların kaprizlərinin qarşısını almaq əvəzinə, özlərini evdəki kimi aşırı dərəcədə sərbəst aparmasına rəvac veririk, rəhmətlik Mirzə Ələkbər Sabirin təbirincə desək -"dəymə, ufaqdır, uşağım” məntiqilə hərəkət edirik. Düşünürəm ki, bu, nə o uşaq üçün, nə də cəmiyyət üçün faydalı davranış tərzi hesab edilə bilməz.   
 
Bu günlərdə küçədə bir 4-5 yaşlı uşağın ürəkdağlayan ağlaması, şivən qoparması diqqətimi çəkdi. Gənc valideynləri ciddi-cəhdlə çalışsalar da onu sakitləşdirə bilmirdilər. Balaca inadkarın ayaqlarını yerə döyərək qışqıra-qışqıra ağlayıb özünə zülm etməsinin səbəbi, sən demə, bir dönər imiş, daha doğrusu, valideynlərinin ona dönər almaması imiş. Çoxlarına tanış olan belə mənzərəni seyr etmək, təbii ki, heç kim, elə mənim üçün də xoş deyildi.  Aciz və çarəsiz durumda qalmış valideynlərə bu vaxt psixoloqlar nə məsləhət verərdi, bilmirəm, amma onu bilirəm ki, uşağın hər istəyinin dərhal yerinə yetirilməsi sonralar valideyni daha arzuolunmaz durumda qoya bilər...
 
Ötən əsrin 80-ci illərində Qarabağda qızıl axtarışı üzrə geoloji-kəşfiyyat dəstəsində işləyirdik. Dəstənin müvəqqəti bazası kimi Tərtər rayonunun Canyataq kəndində bir ev kirayələmişdik. İş sahəmiz uzaq deyildi, elə kəndin ətraflarında axtarış-qiymətləndirmə işləri aparmalı idik. Məqsədimiz orada olan qızılsaxlayan süxur və damarların, eləcə də mis filizləşməsinin potensial əhəmiyyətini geoloji və iqtisadi cəhətdən dəyərləndirmək idi. Hər gün ətrafları gəzib diqqətçəkən təbii süxur çıxışlarının və kernlərin (quyudan çıxan suxurların) çöl şəraitində ilkin tədqiqini aparır, topoqrafik xəritədə və  dəftərçəmizdə qeydlər edir və sonrakı tədqiqatlar üçün onlardan nümunələr götürürdük. Günlərimiz işgüzar şəraitdə keçirdi və arabir yaddaqalan hadisələr də baş verirdi.    
 
Kənd kiçik bir çayın dərəsində, çox da hündür olmayan dağətəyi bir ərazidə, dəniz səviyyəsindən təxminən 700-800 m hündürlükdə yerləşirdi. Ətrafları seyrək meşəlik və yeri ümumən mənzərəli olsa da, yayda havası isti və bürkülü idi.  Belə isti günlərin birində evdə oturub kameral, yəni çöl materiallarını səliqə-səhmana salmaq, yazı-pozu, xəritə çəkmək və s. işlərlə məşğul idik. Əslində həmin gün bazada iki nəfər idik – mən və Elçin. Elçin tələbə idi, təcrübə keçmək üçün bizim dəstəyə ezam olunmuşdu. Digərlərinin harada olmasını indi dəqiq xatırlamıram, amma dəstəmizin rəisi Ağaəli İsmayılov Ağdərəyə getmişdi, poçta və banka baş çəkməli, həm də ərzaq almalı idi. Aydındır ki, belə işlərlə adətən dəstə rəisləri məşğul olur. Ağaəli müəllim savadlı, işgüzar geoloq olsa da, rəis kimi, bəzi xüsusiyyətlərinə görə digərlərindən fərqlənirdi.
 
 Nahar vaxtı idi, bayırdan maşın səsi gəldi. Elə bildik rəisdir, tez gəlməyinə, hətta bir az təəccübləndik də. Pəncərədən baxıb gördük ki,  yoox, gələnlər başqa adamlardır. Tünd zeytun rəngli, nisbətən təzə (bizimkinə baxanda) UAZ-69 markalı avtomobildən 5-6 nəfər düşüb danışa-danışa həyətə girirdilər. Tanıdım, tez qabaqlarına çıxıb onları qarşıladım və içəri dəvət elədim. Gələnlər ekspedisiyamızın "başları”, yəni bizdən yuxarı orqanın rəhbər işçiləri idi: baş geoloq, baş mühəndis, baş mexanik və plan şöbəsinin müdiri. Onlarla bərabər 12-13 yaşlarında bir oğlan uşağı və təbii ki, bir də sürücü vardı.  Öyrəndik ki, uşaq baş mühəndisin oğludur.
 
Keçib oturdular, rəisimizi soruşdular, işlərimizin gedişi ilə maraqlandılar. Mənim, "niyə əvvəlcədən xəbər eləmədiniz” sualıma, "narahat olmayın, Kəlbəcərə gedirdik, yolüstü sizə də baş çəkmək istədik”- dedilər. Bu "baş çəkməyin” nə demək olduğu aydın idi: nahar vaxtıdır, bir şey yemək lazımdır. Qazanbulaqdan (Kiçik Qafqaz ekspedisiyanın yerləşdiyi qəsəbə -  Goranboy rayonu) Ağaəli müəllimin səxavətinə ümid edərək, basa-basa yol  gəliblər, tərslikdən o da burada yoxdur. Bəli, vəziyyət heç də ürəkaçan deyildi: bizdən yuxarı instansiyanın nümayəndələri gəlib, biz isə buna hazır deyildik. Kənddə fərli mağaza-filan da yox idi. Digər tərəfdən, öz UAZ maşınımızla rəis, dediyim kimi, Ağdərəyə, QAZ-66 markalı yük maşını ilə də sürücümüz Ağdama - kəndlərinə getmişdi. Guya bir günlüyə icazə almışdı, amma 3 gün idi ki, gəlib çıxmırdı. Ümumiyyətlə, bu sürücülərin əksəriyyəti yaman yalançı olur, bizimki də bu sahədə xüsusi istedada malik nadir nüsxə idi. Bir günlüyə gedəndə üç gündən tez qayıtmırdı, iki günlüyə icazə alanda isə 5 gün gəlmirdi. Gələndə də hər dəfə yalan-palan toqquşdurar, bir vay-şivən qoparar, and içərdi ki, guya yaxın qohumlarından kimsə ölmüşdü, filankəs ağır xəstəydi, bəhmankəs can üstəydi və s. və i.a. Mən o dəstədə işləyən dövrdə, haradasa ilyarım ərzində artıq özünün və arvadının nənəsini, babasını, nə bilim, xalasının qayınanasını bir iki dəfə o dünyaya göndərmişdi. Bir dəfə növbəti gec gəlməyinin səbəbini belə izah etdi ki, bəs bilmirsinizmi, çox ağır hadisə baş verib, dayısı oğlu qonşuları ilə meşəyə oduna gediblərmiş və qayıdanbaş qəzaya düşüblər, bir nəfər ölüb, üçü də yaralıdır, xəstəxanaya qoyublar. Qulaq asanlar arasında bir cavan fəhləmiz vardı, qayıtdı ki:
 
- Sahib, o üç nəfəri də ehtiyatda (yəni gələn dəfəyə) saxlayıbsan? Sürücü gözlərini döyə-döyə qaldı və anladı ki, onun yalanlarına heç kim inanmır. Fəhlənin bu hazırcavablığına xeyli güldük.
 
 Nə isə, çölçülükdə belə gülməli və maraqlı hadisələr çox olur, indi qayıdaq qonaqlarımızın yanına. Əlüstü onları necə yola verəcəyimizi fikirləşdim. Yaxşı ki, özümüz üçün xeyli miqdarda lobya (paxla) çığırtması bişirmişdik. Nə etmək olardı, kasıbın olanından. Kənddə kafe, restoran olmasa da, amma tut arağı, demək olar ki, hər evdə həmişə vardı. Elçini onun üçün qonşuya göndərdim, özüm də olanımızı süfrəyə qoymağa başladım: pendir-çörək, xiyar-pomidor, göy-göyərti və  bir də lobya çığırtması. İnsafən, qonaqların hamısı (aydındır ki, uşaqdan başqa) uzun illər çöldə işləyən adamlar idi, çölçülük nə olduğunu yaxşı bilirdilər. Ona görə bu saat onlara daşdan yumşaq nə versən yeyərdilər. Üstəlik, xeyli yol gəlib acmışdılar deyə, yeməyə çox həvəslə girişdilər. Bu arada Elçin də iki yarımlitrlik şüşə ilə gəlib çıxdı və məclis xeyli şənləndi. Böyüklərin başı yemək-içməyə qarışmışdı, bir də baxıram ki, baş mühəndisin oğlu heç nə yemir, başını aşağı salıb, ayaqlarını yelləyir. Mənim "sən niyə yemirsən?” sualıma uşaq özü yox, atası cavab verdi:
 
-        O, lobya yemir.
-        Necə yəni, yemir, bəs, nə yeyir?- deyə təəccüblə soruşdum.
-        Yumurta varsa, -  utana-utana,- bir qayğanaq yaxşı olar, - dedi.
 
-                Niyə yoxdur, bu dəqiqə hazırlayaram, - deyib qaz plitəsinə doğru getdim. Cəld tavaya bir qədər yağ töküb odun üstünə qoydum, sonra kasada iki yumurta sındırıb qarışdırdım və onu da tavaya töküb qayğanağı bişirdim, gətirib qoydum uşağın qabağına. 
 
Aradan bir neçə dəqiqə keçdi. Hamı yeyir-içir, gülür, danışır. Baxdım ki, uşaq yenə də heç nə yemir, durub qabağındakı qayğanağa baxır. Öz-özümə fikirləşdim ki, görəsən indi niyə yemir, səbəb nədir? Bəlkə, qayğanağı çox duzlu və ya yağlı eləmişəm, bəlkə də əksinə? Mən bu suallara cavab axtara-axtara qalmışdım ki, bu dəm baş geoloq:
 
-                A bala, indi niyə yemirsən? – deyə uşaqdan soruşdu. Yenə də uşağın əvəzinə atası cavab verdi:
-                O belə qayğanaq yox, "qlazok” yeyir. "Qlazok”, yəni yumurtanın sarısı dağılmamış qayğanaq. Matım-qutum qurudu, nə deyəcəyimi bilmədim. O an bu uşaq mənə məşhur nağıldakı Cırtdanı xatırlatdı, özüm də Divin vəziyyətinə düşmüşdüm. "Əcəba, bu nə ərköyün uşaqdır”- deyə düşündüm və özümdən asılı olmayaraq kinayəli şəkildə atasına:
-                   Bir az səbir edin, restorana sifariş vermişəm, indi gətirərlər,- dedim. Bu sözümə hamı gülüşdü, amma atası möhkəm pərt oldu və oğluna:
-                   Ə, köpək oğlu, ye də! Bura sənin üçün restorandır, yoxsa dədənin xarabasıdır?!-  deyərək acıqlandı. 
Uşaq atasının bu təpkisindən qorxdumu, yoxsa vəziyyəti anladımı, bilmədim, amma qayğanağı axıra qədər yedi. Nə isə, nahar başa çatdı, qonaqlar bizimlə sağollaşıb getdilər. 
İllər keçdi, amma bu əhvalat yadımdan heç çıxmadı, sanki mənə bir həyat dərsi oldu və xanımımla o zaman hələ çox kiçik olan uşaqlarımızın belə ərköyün olmaması üçün onlar böyüyənədək birlikdə səy göstərdik və güman edirəm ki, buna nail olduq.
 
Rəşid Fətəliyev
Bakı, 18.01.2019
 
Kaspi qəzeti, 7 mart

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019