11 Dekabr 2019, Çərşənbə axşamı

Bu qala bizim qala, 
Həmişə bizim qala.
Tikmədim, özüm qalam,
Tikdim ki, izim qala.

Qədim qalalarımızı görəndə, çox dəyərli insan, nadir istedad sahibi, əsl vətənpərvər alim, rəhmətlik Xudu Məmmədovun  yuxarıdakı bayatısı yadıma düşür. Qalalar qeyrət rəmzi, qəhrəmanlıq səhifələri ilə dolu şərəfli tariximizin şahidləri və yadigarlarıdır. Onları mühafizə edib gələcək nəsillərə ötürmək bizim vətəndaşlıq borcumuzdur. Qız qalası, Çıraq, Əlincə, Koroğlu, Bəzz, Gülüstan və onlarla digər qalalarımız. Vətən torpağının hər guşəsində rast gəldiymiz bu möhtəşəm qalalar əsrlər boyu bizi düşmənlərdən, yadellilərin hücumundan qorudular. Amma nə yazıq ki, onların çoxunu qoruya bilmədik, məhv oldular, həmişəlik itib getdilər və bir qismi günümüzə qədər gəlib çatsa da, yarımcan vəziyyətdədirlər.

Bilmirəm nədənsə, biz həmişə tariximizə, keçmişimizə laqeyd olmuşuq: erməni saxtakarlığına göz yummuşuq, alban mədəniyyətinə doğru-düzgün sahib çıxmamışıq, dəfinə tapmaq hərisliyi ilə tarixi abidələrimizi dağıtmışıq, qədim qala  daşları ilə evlərimizi tikmişik...

Ötən il üç günlüyə Qalaaltı kurort-istirahət mərkəzinə getmişdik. Çox gözəl və müasir sanatoriya binasının arxasındakı dağın zirvəsində qərar tutmuş möhtəşəm Çıraqqalanın hüznlü görkəmi mənə illər öncə gördüyüm məşhur Gülüstan qalasını xatırlatdı.

Əslində, Azərbaycan ərazisində "Gülüstan" adlı iki məşhur qala mövcuddur: biri Şamaxı şəhərinin yaxınlığında, digəri isə Goranboy rayonunda yerləşir. Birinci qala öz qəhrəmanlıq tarixi ilə yadda qalsa da, ikincini tariximizin qara səhifələrindən birinin şahidi kimi orta məktəbin tarix kitablarından yaxşı xatırlayırıq. Bu qalada  1813-cü ildə Rusiya və İran arasında Azərbaycan torpaqlarının bölünməsini əks etdirən sülh müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə, Azərbaycanın Dərbənd, Şirvan, Bakı, Quba, Gəncə, Lənkəran və Şəki xanlıqları Rusiyanın təkibinə qatılmışdır, yəni çar Rusiyası tərəfindən işğal olunmuşdur. İllər öncə mənə bu qalanın xarabalıqlarını görmək və bir qədər də qalanın ərazisində gəzib-dolaşmaq imkanı qismət olmuşdu...

Ötən əsrin 70-ci illərinin axırları idi. "Murovdağ layihəsi" çərçivəsində eyniadlı silsilə boyu mis və digər metal yataqları axtarırdıq. Silsilənin şimal-şərq yamaclarında axtarış işləri aparmaq üçün Goranboy rayonunun Gülüstan kəndində dəstəmizin bazası üçün bir ev tutmuşduq. Axtarışlarımıza baxmayaraq, ətraflarda elə bir ciddi əhəmiyyətə malik filizləşməyə rast gəlmədik, lakin məşhur Gülüsan qalasını yaxından görmək mənim üçün hədsiz maraqlı oldu. Çoxları kimi mən də bu qalanın harada yerləşməsini dəqiq bilmirdim. İndi təsadüfə baxın ki, gəlib düz onun yaxınlığında geoloji-axtarış işləri aparırdıq. Arxeoloq deyildim, amma tarixə, arxeologiyaya həvəsim məni həmin qalanı daha yaxından tanımağa sövq edirdi və bu istəklə bir iş günümü qala ilə tanşlığa həsr etdim.

O vaxtlar internet-filan olmadığından qala haqqında ətraflı məlumat tapmaq asan deyildi. İndi isə internet səhifəsində qala haqqında aşağıdakı ümumi məlumatı oxuyuruq: "Qala Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb. Gülüstan qalası Murovdağın ətəyində, İncəçayın sahilində, dəniz səviyyəsindən 1700 m, ətraf ərazidən 200-250 m hündürlükdə yerləşir. Gədəbəydəki Qız qalası ilə eyni dövrdə inşa olunmuşdur. Qala şərq, qərb və cənub-qərb tərəflərdən sıldırımla, şimaldan meşə, cənub-şərqdən isə yamacla əhatə olunmuşdur. Qalaya yol cənub-şərq tərəfdəndir. Qala şərq-qərb istiqamətində 200-250 m, şimal-cənub istiqamətində 20-25 m uzanır. Qala divarının eni şimal və qərb tərəflərdə 0,8-0,9 m olduğu halda, cənub divarda 1,5 m-ə çatır. Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır".

Ümumən, doğru informasiyadır, mənim o dövrdə gördüyüm vəziyyəti əks etdirir. Demək ki, o vaxtdan bəri yaxşılığa doğru heç nə dəyişməyib, yəni qalada təmir-bərpa işləri aparılmayıb. Hələ o vaxt qala çox bərbad gündə idi, divarlarının çox hissəsi uçulub tökülmüşdü, ancaq bir-iki bürcü salamat qalmışdı. Qala İncəçayın az qala dövrə vurub əhatələdiyi bir təpənin üstündə, strateji cəhətdən çox təhlükəsiz bir yerdə tikilmişdi. Hər üç tərəfdən su ilə əhatə olunmuş bu qalaya giriş yalnız bir tərəfdən - cənub-şərq yamacdan mümkün idi. Biz çaya düşən gizli yeraltı yolla bir qədər gedə bildik, çox yerdə uçub töküldüyündən axıra qədər gedə bilmədik. Aşağıdan baxanda qalanın salamat qalmış bürcü bir az Qız qalasına oxşayırdı. Görünür, XII əsr arxitekturasının əsas elementlərində belə bənzərliklər mövcuddur. Qala niyə belə baxımsız vəziyyətdə idi, niyə təmir olunmamışdı, anlamadım. İndi başadüşüləndi, oralar müharibə zonasına yaxındır, kənddə heç kim yaşamır, bəs, o vaxt?

Qalanın ərazisini xeyli gəzib dolaşdıq, amma təəssüf ki, maraqlı bir şey görə bilmədik, salamat bir bina qalmamışdı, hamısı uçulub tökülmüş, üstləri torpaqla dolmuş, ağaclar və kollar bitmişdi. Adamın inanmağı gəlmirdi ki, cəmi 166 il əvvəl (1979-cu ildən baxanda) bura abad bir qala imiş, burada canlanma var imiş və iki böyük dövlət üçün əhəmiyyətli, lakin Azərbaycan xalqı üçün ağır olan sülh müqaviləsi bu qalada imzalanmışdır. Sülh müqaviləsi üçün niyə məhz bu qalanın seçilməsinə dair tarix kitablarında tutarlı bir bilgiyə rast gəlmədim, amma ola bilər ki, qalanın etibarlı olması ilə bərabər, Gülüstan kəndinin adına layiq məkanda yerləşməsi və ətrafların hədsiz gözəl təbiətə malik olması da sülh müqaviləsi üçün bu yerin seçilməsində önəmli rol oynamışdır.


Gülüstan qalasının bərbad görkəmi tariximizə, tarixi abidələrimizə münasibətin bir nümunəsi kimi məni xeyli məyus etdi. Amma orada qaldığımız bir ay müddətində baş verən bəzi məzəli əhvalatlar məyusluğumuzu aradan qaldırırdı. Onlardan ən yadda qalanlarından biri  həm gülməli, həm də təəssüfedici idi.

Bir gün axşam tərəfi İsmayılla balkonda oturub uzaqları seyredə-edə ordan-burdan, xüsusən də geoloq həyatından söhbət edirdik (İsmayıl Məmmədov tələbə yoldaşımdı, geoloq həyatını xoşlamırdı, ona görə geologiyadan tez uzaqlaşdı, öz rayonlarına - Astaraya, başqa işə getdi). Kənddə ot yığımı vaxtı idi, ətraflarındakı geniş biçənəklərdə otlar biçilmiş və yerli əhali qurumuş otlarını araba və ya atla, eşşəklə evlərinə daşıyırdılar. Dəstəmizin həm də "QAZ-51" markalı köhnə yük maşını vardı. Sürücüsü arıq, balacaboy bir oğlandı, amma çox zirəkdi. Fürsət düşən kimi kənd camaatının otlarını müəyyən qiymətə razılaşıb daşıyırdı və özü üçün əlavə qazanc əldə edirdi. Xülasə, bir də baxırıq ki, uzaqdan bir yük maşını gəlir, üstündə də böyük ot tayası. İsmayıl:

- Deyəsən, bizimkidir, yenə "xalturaya" çıxıb.

- Hə,  ona oxşayır, çıxıb özü üçün çax-çux eləsin.

- Ona bax, gör nə qədər doldurub, elə bil dünyanın sonudu.

- Zalım oğlu, axırda bir hoqqa çıxarmasa yaxşıdı.

Biz beləcə, sümüyümüz sancmış kimi, onun qarasınca danışırdıq ki, maşın təpənin dalında gözdən itdi və biz də öz söhbətimizə davam etdik.

Aradan bir az keçmişdi ki, sürücümüz başı alovlu özünü həyətə saldı. Rəngi qaçmış, dili topuq çala-çala:

- Ya-yandı, yandı, eevim yı-yıxıldı, - deyə ah-uf eləyirdi.

- Ə, nə yandı, - bir adam kimi de görək.

- Ma-maşın yandı, kül oldu, evim yıxıldı.

- Necə yəni maşın yandı, dəlisən?

- Yandı da, q-qluşiteldən ota q-qığılcım düşdü, ot yandı, maşını da yandırdı.

- Ə, sənin başın xarab olub, niyə o qədər doldurursan ki, o da yanır.

- Nə-nə bilim, oldu da.

- Necə nə bilim, indi rəisə nə cavab verəcəksən?

- Bi-bilmirəm, - dedi və yazıq-yazıq büzüşdü, az qaldı ağlasın.

Zavallı şok vəziyyətində idi, düzü, bizim də ona yazığımız gəldi, danlamağın nə faydası vardı, onsuz da olan olmuşdu. Əsas o idi ki, xəsarət alan, ölən-itən yox idi. Allah üzünə baxdı ki, dəstə rəisimiz Saməddin müəllim (Mikayılov) ürəyiyumşaq insan idi, çox çək-çevirə salmadılar, istehsalat qəzası kimi bir şeylər düzüb qoşdular, bədbəxtin canı qurtardı.

Maraqlıdır, sonralar o, özü danışırmış ki, maşındakı ota təzəcə od düşüb yanmağa başlayanda, çöldə, aralıda işləyən adamlar yanğını görüb əl edirmişlər, haray salırmışlar ki, ot yanır, ot yanır, bu gerizəkalı da elə başa düşürmüş ki, onu salamlayırlar və ya otlarını aparmaq üçün onu çağırırlar. O da maşını şəstlə sürə-sürə, sanki paraddan keçirmiş kimi, onlara əl edirmiş və "gələcəm, qayıdacam" deyə gülə-gülə səslənirmiş. Külək alovu və tüstünü arxaya qovduğundan, nə sürücü, nə də yanında oturan ot yiyəsi düyuq düşməyiblər, ta o vaxta qədər ki, alov sürücü kabinəsinə daxil olub. Sürücü son anda maşını saxlaya bilib və hər ikisi kabinədən düşüb qaçıb, maşın da ot qarışıq yanıb kül olub. Beləcə, nadan sürücümüzün məsuliyyətsizliyindən bir müddət maşınsız qaldıq.

Vaxt bitdi və biz, Gülüstanda işlərimizi yekunlaşdırıb, o gözəl yerləri tərk etdik. İndi Gülüstan qalasını görməyimdən düz 40 il keçir, yəqin ki, bu illər ərzində qala divarları daha da uçulub tökülmüş olar. Üstəlik, ərazisi mənfur qonşularımızla apardığımız müharibə zolağının yaxınlığındadır. Bu səbəbdən onun məhv olma ehtimalı daha çoxdur. Bəzən düşünürsən ki, tariximizin qara bir səhifəsinə şahidlik etmiş bir qalanın qalması lazımdırmı? - Əlbəttə, lazımdır! İstənilən halda, bu da bir tarixdir, tarixi isə geri qaytarmaq, təzədən yazmaq mümkün olmadığı üçün bu qala da digərləri kimi qalmalıdır.

Gülüstana hələlik əlimiz çatmasa da, ilk növbədə Çıraqqalanı qorumalıyıq, çünki o, sadəcə bir qala deyil, Böyük Gilgilçay səddinin bir elementi, həm də son nişanələridir. Çinlilər Böyük Çin səddini bərpa edib, hər il turizmdən milyonlarla dollar qazanc əldə edirlər. Biz də necə olursa olsun, Çıraqqalanın bərpası və ya konservasiyası üçün mütləq vəsait tapmalıyıq, onu məhv olmaqdan xilas etməliyik. Bu işə lazım gələrsə, beynəlxalq qurumları və ya yerli imkanlı biznes strukturlarını cəlb etməliyik, çünki sonra gec ola bilər. Vaxtında tədbir görülməsə, qədim tariximizin bu mühüm səhifəsini də itirərik.

Allah sizə rəhmət eləsin, Xudu müəllim, çox gözəl demisiniz: "Tikmədim özüm qalam, Tikdim ki, izim qala". Bəli, qalalar tarixi varlığımızın nişanələri, izləridir. İzimizin itməməsi, tarixlərdə qalması üçün onları  hamımız, ilk növbədə isə bu işə məsul olan insanlar, qorumalıdır. Bir el məsəlində deyildiyi kimi, keçmişinə daş atanı gələcək topa-tüfəngə tutar. Biz də onları qorumalıyıq ki, gələcək nəsillər bizi qınamasın, topa-tüfəngə tutmasın.

Rəşid FƏTƏLİYEV
Geologiya-mineralogiya elmləri namizədi

525-ci qəzet,   22.02.2019.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019