Son illər müasir coğrafiya elminin qloballaşmasına və onun bir çox yeni tədqiqat istiqamətlərinə, konstruktiv və tətbiqi sahələrinə dair elmi-tədqiqat işlərimiz müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda bu tədqiqat sahələrinin elmi-metodoloji və təcrübi dəyərlərinin əsası hələ yaxın keçmişdə tanınmış tədqiqatçı akademiklərimiz Həsən Əliyev və Budaq Budaqov tərəfindən işlənilmişdir. Həmin qazandığımız elmi-tarixi uğurlarımız indi daha müasir elmi-texnoloji tədqiqatlar sisteminə söykənərək müvəffəqiyyətlə yeniləşir.

Azərbaycan coğrafiya elminin tarixi formalaşmasında, onun yeni tədqiqat sahələrinin yaranmasında, yeniləşməsində illərlə səmərəli çalışaraq, mühüm tədqiqat sahələrinin əsasını qoyanlardan biri olmaq xoşbəxtliyi unudulmaz akademik Budaq Budaqova nəsib olmuşdur. O, özünün dediyi kimi, elmə istedadlı alim, yorulmaz tədqiqatçı kimi gəlməsində və güclü biliyə malik formalaşmasında böyük rus alimi, tanınmış tədqiqatçı və müəllim, beynəlxalq elm aləmində yaxşı tanınan, Rusiya coğrafiya məktəbinin banilərindən sayılan Nataliya Dumitraşkonun bilavasitə əvəzsiz xidmətləri olmuşdur. B.Budaqov özünə milli-mənəvi borc bilərək həmişə, bütün elmi yaradıcılığı boyu bu görkəmli alimin tükənməz və dəyərli əməyini yüksək qiymətləndirmiş, ömrünün sonuna qədər özünün əsl azərbaycanlı məhəbbətini ona bildirmişdir. Akademik Budaq Budaqov elmi yaradıcılığında həmişə ciddi olmuşdur. O, öz üzərində məqsədli və məsuliyyətlə işləyən, çöl tədqiqatlarında topladığı zəngin materialların nəticələrini ümumiləşdirərək son elmi fikirə çatmaq bacarığına malik tədqiqatçı idi. B.Budaqov coğrafiya elmini son dərəcə çox sevirdi və özünü onun ayrılmaz hissəsi hesab edirdi. Həqiqətən çöl tədqiqatları zamanı günün 14-16 saatını işləyərdi. Çox yaxşı bilirdi ki, çöl şəraitində topladığı ilkin coğrafi materiallar onun gələcək elmi-yaradıcılıq salnaməsində yeni elmi problemlərin, ideyaların meydana gəlməsinin əsasıdır. Daha doğrusu, hər bir tədqiqatçı kimi yaxşı bilirdi ki, çöl şəraitində topladığı ilkin ekspedisiya materialları və ümumi elmi məlumatları alimin ömürlük istifadə edə biləcəyi tükənməz bilik xəzinəsidir. Akademik heç vaxt sevməzdi ki, elmi yaradıcılığında bu günün işini sabaha qoysun. Bütün dövrlərin böyük alimi İbn Sinanın “sabahın işini bu gün gör, həyat amansızdır” kəlamını Budaq müəllim özünın həyatı yaradıcılıq meyarı qəbul etmişdi. Eyni zamanda akademik Budaq Budaqov xalqımızın dahiyanə deyilmiş iki atalar sözünü həmişə özünün yaradıcılıq fəaliyyəti devizi seçmişdi: “Alim oldun yaz, nadan oldun qaz”. “Alim unudar, qələm unutmaz”. Onun çoxillik elmi-ictimai yaradıcılıq salnaməsinin başlanğıcını ömrünün 1950-ci illərin əvvəllərində Azərbaycanda ilk dəfə apardığı geomorfoloji tədqiqatları təşkil edir. Həmin illərdə Azərbaycanda istər geomorfologiya ixtisası və istərsə də ümumi coğrafiya elmi üzrə mütəxəssisləri barmaqla saymaq olardı. Zaman elə gətirdi ki, artıq 1955-ci ildə Budaq Budaqov Moskva aspiranturasının müddəti başa çatdıqdan sonra həmin ildə də “Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, ilk azərbaycanlı coğrafiyaçı alim kimi doğma Bakıya qayıtdı. O, aspirantura illərində topladığı zəngin çöl materiallarının üzərində yenidən həvəslə işləyərək o dövr üçün çox vacib olan “Azərbaycanın geomorfologiyası” mövzusunda ilk fundamental monoqrafiyanın müəlliflərindən biri oldu. Artıq Azərbaycanın formalaşmağa başlayan elm aləmində gənc mütəxəssis kimi Budaqovun ilk töhfəsi, xüsusilə coğrafiya elminin inkişafındakı dəyərli xidmətləri yavaş-yavaş görünürdü. Budaq Budaqovun sonrakı elmi yaradıcılığının əsas hissəsini yer elmləri bölməsinın mürəkkəb sahələrindən olan geotektonika, yeni tektonika, paleogeomorfologiya, fiziki coğrafiya, müasir landşaftşünaslıq, ekocoğrafiya, coğrafi fikir tarixi, toponimika, hətta milli poeziyanın coğrafiya elmi ilə qarşılıqlı əlaqəsinin öyrənilməsi əhatə edirdi. Akademik Budaq Budaqovun 1956- cı illərdə Qafqazın geomorfologiyası və geoloji tədqiqatları tədqiqat tarixində ilk dəfə Üst sarmat çöküntülərinin 3600 metr mütləq yüksəklikdə aşkar etməsi tektonika, o cümlədən yeni tektonika, geomorfologiya və elmin digər sahələrində Böyük Qafqazın yaşının daha cavan olması nəzəriyyəsinə real elmi əsas yaratmışdır. B.Budaqovun Azərbaycanda Kiş çayında olduqca təhlükəli sellərin öyrənilməsi ilə əlaqədar 1959-cu ildə apardığı çöl-tədqiqat işlərinin son nəticəsi bir coğrafiyaçı-geomorfoloq kimi Azərbaycan ərazisində sellərin formalaşmasının coğrafi qanunauyğunluqlarını və elmdə çox maraqlı olan sel çöküntülərinin genetik təsnifatını müəyyənləşdirməyə imkan verdi. Əldə olunan mühüm elmi yeniliklər həm Kiş çayı hövzəsində və ona qonşu olan ərazilərdə paleogeomorfologiya elminin bir sıra morfometrik problemlərinin həllinə, o cümlədən müasir ekocoğrafi inkişafın tendensiyasının aşkar edilməsində yardımçı oldu. Budaq Budaqov bu sahədə apardığı elmi uğurlara əsaslanaraq Böyük Qafqaz regionunda məşhur rus tədqiqatçılarının sellərin sönməyə doğru getməsi proqnozunu inkar etdi. Yəni ümumi coğrafiya elmində uzun müddət hakim olmuş sellərin inkişaf tendensiyası proqnozuna dair yanlış fikirləri akademik B.Budaqov nəzəri cəhətdən yeniləşdirdi. Bununla da böyük tədqiqatçı kimi B.Budaqov ilk dəfə olaraq həmişəcavan Böyük Qafqaz regionunda paleogeoloji təkamüllə müasir orocoğrafi örtüyün formalaşmasının qarşılıqlı inkişaf tarixi arasındakı asılılığın mövcudluğunu göstərdi. Akademik əldə etdiyi zəngin elmi məlumatlar bazasına əsaslanaraq müasir coğrafiya elmində Böyük Qafqazın dağlıq relyefinin Sarmat əsrindən sonrakı, son doqquz milyon il ərzində yaranması fikrini söylədi. Bu yeni elmi fikir həqiqətən bütün müasir Qafqazşünas geoloq və coğrafiyaşünas tədqiqatçılar tərəfindən maraqla qarşılandı və bəyənildi. Bütünlüklə Qafqazın paleogeotektonik inkişaf mərhələsinin tərkib hissəsi kimi qəbul olundu. Həmçinin B.Budaqov Böyük Qafqazda müasir landşaftların təkamülündə və ekosistemlər üzrə formalaşmasında neotektonik hərəkətlərin əsas rol oynadığını göstərməklə yanaşı, müəyyən geoloji mərhələlərdə bu hərəkətlərin baş verməsinin coğrafi qanunauyğunluqlarını, çoxillik dinamikasını, onların müşayiət olunduğu təhlükəli təbii fəlakətlərin törətdiyi iqtisadicoğrafi göstəricilərə dair yeni əlavələr etdi. Sözsüz ki, alimin bu sahədə əldə etdiyi mühüm elmi uğurları və tərtib etdiyi kompleks regional ekocoğrafi xəritələri müasir coğrafiya elminin tədqiqi yeniləşməsində, antropogen və texnogen problemlərin aqroistehsal həlli məsələlərində müvəffəqiyyətlə istifadə olunur. Onun Dördüncü Dövr geologiyası və paleocoğrafiyasına dair apardığı kompleks coğrafi tədqiqatların nəticələri həm nəzəri və həm də metodiki cəhətdən Azərbaycanın dağlıq zonasında baş vermiş Dördüncü Dövr buzlaşmasının coğrafiyasının paleogeomorfoloji ritminin hərtərəfli öyrənilməsi prinsiplərini asanlaşdırdı. Eyni zamanda alim mövcud paleocoğrafi buzlaşma proseslərin əsas səbəblərini müvafiq olaraq paleoiqlim tərəddüdlərinin regional mərhələli tendensiyası ilə əlaqələndirmişdir. Bununla da o, həmçinin Azərbaycan ərazisində müasir relyefin çoxəsrlik regional inkişaf dinamikasına, orogeoloji və morfostruktur təkamülünə dair özündən əvvəl deyilmiş bir çox qaranlıq elmi fikirlərə ilk dəfə coğrafi aydınlıq gətirmişdir. Beləliklə, akademik haqlı olaraq hələ öz sağlığında Azərbaycanda müasir geomorfologiya elminin inkişafını təmin edən alimlərdən biri olmuşdur. Onun Böyük Qafqazın tədqiqində istifadə etdiyi tədqiqat üsulları və təklif etdiyi yeni elmi-metodiki konsepsiyaları respublikamızın digər mürəkkəb dağlıq sahələrinin sınaq meydanı kimi öyrənilməsində müvəffəqiyyətlə təcrübədən keçirilmiş və bu bölgələrin geomorfologiyası və paleocoğrafiyası ilə bağlı yeni elmi problemlərin kompleks həllində mühüm rol oynamışdır. Alimin 1978-ci ildə nəşr etdirdiyi “Cənubi-Şərqi Azərbaycanın geomorfologiyası” adlı kitabı keçmiş nəhəng Sovetlər məkanında müasir coğrafiya elmində yenilik kimi çox böyük əks-səda yaratmışdır. Həmin kitabdakı yeni elmi-metodoloji fikir və ideyaların coğrafi əhəmiyyətinə görə B.Budaqov ilk dəfə azərbaycanlı coğrafiyaçı alimi olaraq keçmiş Sovetlər məkanında ən nüfuzlu Coğrafiya Cəmiyyətinin qızıl medalına layiq görüldü. Elə həmin ərəfələrdə onun sovet-hind birgə elmi simpoziumundakı “Coğrafi problemlərin regional inkişafı və aqrar planlaşdırılması” mövzusunda çıxışı Azərbaycanda müasir coğrafiya elminin sistemli inkişaf strategiyasının stabil olduğunu bir daha təsdiq etdi. Akademikin bilavasitə təşəbbüsü ilə Azərbaycan AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun strukturunda tamamilə yeni təyinatlı elmi-tədqiqat landşaftşünaslıq və coğrafi fikir tarixi elminin yeni elmi-nəzəri konsepsiyası işlənildi və müvafiq şöbələri yaradıldı. Hazırda coğrafi fikir tarixi şöbəsində ümumi coğrafiya elminin təkamülü, Azərbaycanda coğrafiya elminin inkişaf tarixi, coğrafiya elminin formalaşması mərhələləri, Azərbaycan coğrafiyasının multikulturalizm dəyərləri və Azərbaycanda coğrafiya elminin inkişafında klassik mənbələrdəki coğrafi fikir və ideyaların rolu haqqında silsilə elmi hesabatlar hazırlanır. Belə ki, Azərbaycanda müasir Landşaftşünaslıq sahəsində güclü elmi potensiala malik məktəbin yaranması və formalaşması B.Budaqovun adı ilə bağlıdır. Vaxtilə onun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanmış müxtəlif miqyaslı regional aqrar landşaft və kosmo-ekocoğrafi xəritələri indi daha konstruktiv və morfometrik materialların hazırlanmasında əsaslı mənbə kimi istifadə olunur, o cümlədən, landşaftın struktur-ərazi diferensiasiyasında yeni tektonik hərəkətlərin rolu, ekosistemlərin geokimyası, aqroekoloji problemləri və landşaftların dayanaqlığı, aerokosmik xəritələrin deşifrlənməsi və s. sahəsində mühüm elmi tədqiqatlarımız işlənilmişdir. Hazırda AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun rəhbərliyinin bilavasitə ideyası əsasında yeni yaradılmış landşaft planlaşdırılması tədqiqat sahəsinin perspektiv məqsədi Azərbaycanda landşaftların potensial ehtiyatlarının aqrar təsərrüfatlara tətbiqini və məhsuldarlığını qat-qat artırmaqdır. Bu sahədə tədqiqatlarımız müvəffəqiyyətlə davam etdirilir. Sözsüz, bunlar da özlüyündə aerokosmik metodların coğrafiyaya tətbiqi, aqrar-landşaftların yenidən planlaşdırılması və ekosistemlərin regional tədqiqi məsələsində müasir coğrafiya elminə strateji dayaqdır. Vaxtilə akademik B.Budaqovun hazırda bütün dünyanın elm ictimaiyyətini düşündürən və narahat edən müasir səhralaşma və istiləşmənin gələcəkdə bəşəri fəlakətlərin yaranması haqqında da müəyyən fikirlər söyləmişdir. Alimin ilk dəfə tərtib etdiyi Azərbaycanın ekoloji-coğrafi rayonlaşdırma xəritəsində coğrafi ekosistemlər üzrə problemlərin həlli məsələsinə toxunulmuşdu. Alimin “Azərbaycanın təbiət abidələri” əsəri həqiqətən xalqımıza coğrafi vətənpərvərlik və təbiətə məhəbbət mədəniyyətinin yüksəlməsində, təbiətə bağlılığın artmasında ümummilli coğrafi cağrışı kimi mühüm rol oynamışdır. Qədim tarixi ozan qaynaqlarında Azərbaycan coğrafiyasının tədqiqi və milli-mədəni dəyərlərimiz olan bir çox şairlərimizin, şeir və sənət dühalarının yazılarında təbiət gözəlliyinin tərənnümü, təbiətin poeziya işığında təsviri, ən başlıcası isə ayrı-ayrı coğrafi komponentlərin timsalında tarixi-poetik obrazların daxili aləminin açılmasına yanaşma məsələləri demək olar ki, akademik B.Budaqovun elmi yaradıcılıq salnaməsində xüsusi yer tutmuşdur. Qədim Azərbaycan mənşəli coğrafi toponimlərinin izahlı lüğəti əsərində dünya ictimayyətinə bir mesaj olaraq erməni millətçilərinin diqqətinə çatdırdı ki, tarixi Azərbaycan torpağı olan İrəvanda əksəriyyəti türk dillərinə mənsub bütün coğrafi adların tarixi köklərini dəyişmişlər, həmin coğrafi adların heç biri erməni mənşəli olmamışdır. Qədim tarixi-coğrafiyanın arxeoloji milli nişanələri bir daha göstərdi ki, indiki İrəvan coğrafi məkanı əslində qondarma Ermənistan dövlətinə deyil, bilavasitə Azərbaycana məxsusdur. Budaq müəllim Azərbaycanda müasir coğrafiya elminin Böyük Strateqi olmaqla doğma xalqımızın, dövlətimizin, gələcəyimizin coğrafi perspektivləri haqqında daim düşünürdü. Xüsusilə onun ulu öndər Heydər Əliyevin millisiyasi qüdrətini təbliğ edən və özünün elmi-yaradıcılıq salnaməsinin şah əsəri olan “Heydər Əliyev fenomeni” adlı kitabı bu dahi şəxsiyyətin ömür coğrafiyasını tərənnüm etmiş və müstəqilliyimizin ideya-siyasi banisi ətrafında daha sıx birləşməyimizə milli-mənəvi stimul verdi. Əlbəttə, akademik B.Budaqovun Azərbaycanın coğrafiyası məktəbinin elmi-əməkdaşlıq uğurlarının sorağı indi sərhədlərimizdən çox-çox uzaq ölkələrdən gəlir, o cümlədən Zaqafqaziya, Mərkəzi Asiya, Sibir regionu, Çin, İran, Türkiyə, Hindistan və s. ölkələr ilə Azərbaycan arasında möhkəm elmi əməkdaşlıq körpüsü yaradılmışdır. Görkəmli alimin rəhbərliyi və zəhməti sayəsində Azərbaycan elmi üçün olduqca əhəmiyyəti olan 50-dən çox yüksək ixtisaslı coğrafiyaçı kadrlar hazırlanmışdır. Hazırda onlar istər Azərbaycanda və istərsə də xaricdə müasir coğrafiya elminin yeniliklərini və inkişaf strategiyasını müvəffəqiyyətlə davam etdirirlər. Bir sözlə, akademik B.Budaqovun klassik coğrafi izləri, gələcək strategiyasına dair fikir və ideyaları daim mərhələ-mərhələ araşdırılıb öyrənilir.

 

R.Məmmədov,

AMEA akademik H.Əliyev ad. Coğrafiya

İnstitutunun direktoru, akademik,

H.Haqverdiyev,

şöbə rəhbəri, coğrafiya üzrə
fəlsəfə doktoru

"Respublika" qəzeti,
20 fevral, 2018

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019