Coğrafiya İnstitutu “Azərbaycan torpaq ehtiyatları coğrafiyası” şöbəsinin rəhbəri, aqrar üzrə fəlsəfə doktoru İsmayıl Əhliman oğlu Quliyev (İsmayıl Əhliman) Cəbrayıl rayonunda doğulub. Ali təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsində alıb. İlk dəfə ekologiya istiqamətində dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bu istiqamətdə yazılmış 70-dən çox elmi əsərin müəllifidir. Əsərlərinin bir qismi xarici ölkələrdə çap olunub.
İsmayıl Əhliman ədəbi aləmə “O yerlərdə izim qalıb” şeirlər kitabı ilə daxil olub. İkinci şeirlər kitabı “Ayrılığın sonu” adlanır.
Cəsarətimiz
Çəkilib durmuşam qürur dağında,
Kimsədən bir zərrə umacağım yox.
Məndən yuxarıda tək bircə Allah,
Məndən aşağıda dolaşanlar çox.
Çətin bir zamanda yaşadım, fəqət,
Məni aldatmadı nə şöhrət, nə tac.
Bu yer yer kürəsində doğulsam da mən,
Ömrümdə həmişə göylərə möhtac.
Ömrümdə bir kəsə baş əymədim mən,
Qoymadım məhv ola dəyərlərimiz.
Dedim poladdandır məsləkim mənim,
“Polad gürz altında sınar, əyilməz”.
Doğulub, böyüyüb, ölüb, yox olluq
İtir fərqlərimiz, əyarlarımız.
Ölməyir heç zaman gen yaddaşımız
Cücərir yüz yerdən dəyərlərimiz.
Niti bəlağətli, sözləri yaman
Danışır yalançı, yalan utanır
Vaxt-vədə ötüşür, dəyişir zaman,
Ölən ölüb gedir, qalan utanır.
Gözlər görə-görə haqq əldən gedir,
Bağlanıb nədənsə bəsirətimiz.
Hər kəs həqiqəti yaxşı dərk edir,
Nədənsə çatışmır cəsarətimiz.
İyun. 2012
Səhər şəfəqləri
Batıb üfüqlərdə günəş dənizə,
Şəfəqlər alışır ləpələr üstdən.
Baxaydım səhərlər bu təntənəyə,
Çıxıb sahildəki təpələr üstdən.
Çəkərəm alışan, yanan qəlbimə.
Sərin nəfəsini yosunlu dəniz.
Səni dinləməkdən yorulmaram mən,
Öpərəm gözündən ovsunlu dəniz
Sən anam əvəzi layla çal mənə,
Mavi beşiyində yatım, dincəlim.
Qayıdım geriyə gəldiyim yolla,
Bütün itənləri tapım, dincəlim.
Aprel 2012
Dincəlim
Sən mənim yadımdan çıxmışdın çoxdan,
İndi yaddaşıma nə üzlə gəldin
Dözmədin həstətə, var oldun yoxdan
Tufanlı, çovğunlu bir düzə gəldin
Bu da bir talemi, yoxsa bir qismət,
Zərif ləçəklərə şaxta tuş gəlir.
Kimlərin baharı qayıtmır geri,
Kimlərin yazına qaranquş gəlir.
Qondun bəyazdonlum, ağ göyərçinim.
Bu zərif qəlbimə qar dənəsi tək,
Buludlar göylərdən çəkilib getdi.
Ulıduzlar səpildi nar dənəsi tək
Bu bir həqiqətmi, yoxsa bir röya,
Şirin, şərbətim, ey incəm mənim,
O qədər vuruldum bu kəhkəşana
Uzansın,uzansınkaş gecəm mənim.
Yorğunam illərin yükü canımda
İzn ver bu dərdi atım, dincəlim
Baş qoyum, baş qoyum dizlərin üstə
Bu gecə doyunca yatım, dincəlim
Sentyabr 2017
Könlüm
Ey dostum, sən mənə bir əlac eylə,
Yanıb külə dönür viranə könlüm.
O gözəl günlərən bir danış, söylə,
Qoy biraz dincəlsin divanə könlüm.
Aylar dolaşsa da, illər ötsə də,
Ümid tükənsə də, arzu bitsə də,
Zəndim korşalsa da, zəndim itsə də,
Qalmaz o sevgiyə biganə könlüm
Dağları dolaşar, şöllərdən keçər,
Yaşılbaş sonalı göllərdən keçər,
Tufanlar qoynunda sellərdən keçər,
Həsrətdən alışar pərvanə könlüm.
Dünyada nə var ki həsrətdən ağır,
Elə bil başıma daş-kəsək yağır,
Sevgilim, sən məni bir səslə, çağır,
Zülmətə dönməsin zəbanə könlüm.
May 2014
Salamat qal
Ruhuma doğmadır bu torpaq, bu daş,
Yaşaya bilmədik bu yerdə, qardaş,
Mən məcbur edir bu ömür, bu yaş,
Deyəm qayalara xal, salamat qal.
Güneyli-quzeyli yal, salamat qal.
Məni qorxutmadı əsən yelləri,
Yağan yağışları, axan selləri,
Qismətim olmadı cənnət çölləri,
Lalə dənizində bat, salamat qal,
Dostum, bu yerdlərdə yat, salamat qal
Başımı əymədim baş əyənlərə
Başına yüz yerdən daş dəyənlərə
Namusla, qeyrətlə yaşayanlara
Yaşa bu yerlərdə yüz, salamat qal
Məhv olsun əyrilər, düz salamat qal
Yol açdı qəlbimə sevinc də, qəm də
Mən zilə qalxmamış ilişdim bəmdə
Məni tərk eyləyən, ey ruhum, sən də
Dolaş bu dağları qal, salamat qal
Şirin xəyallara dal, salamat qal
Aprel 2012
Kainat sevinər
Ömrümün qayğısız, gözəl çağların,
Şirin şərbət kimi çəkdim başıma.
Xəzan vurdu, külək döydü bağların,
İndi yol gedirəm soyuq qışıma.
Çatar son mənzilə ömür qatarım,
Sönər günəş kimi, kimə şam kimi.
Bir nurlu aləmə dönərkən dünya,
Aləm gözlərimdə bir axşam kimi.
Donar bu dünyada öz baxışlarım,
Dağlar həsrət çəkər sözümə mənim.
Ruhumla canlanar söz naxışlarım,
Qaytarar yenidən özümə məni.
Dönərəm dünyaya yeni nəfəslə,
Əriyər bu dünya, keçər içimdən.
Arzular doğular böyük həvəslə,
Nisgillər duman tək köçər içimdən.
Qəlbimə nur ələr bu mavi səma,
Günəş şəfəqilə zərə boyanar.
Mənim atəşimdən, mənim sevgimdən,
Dünya mürgüsündən dərhal oyanar.
Oyanar bu dünya körpə uşaqtək,
Güc alar günəşdən, gecələr aydan.
Bəzənər göy üzü əlvan qurşaqtək,
Kainat sevinər bu şirin paydan.
Oktyabr 2011
Qaragöl
Çəkib buz yorğanın, çəkib üstünə,
Qışın oğlan çağı yatıb Qaragöl.
Sanki təbiət də durub qəsdinə,
Bu üstə qar yağıb, batıb qara göl.
Ac qurdlar gecələr verib səs-səsə,
Qarlı yamaclarda müdam ulaşır.
Sərsəri tülkülər sinəsi üstə,
Səhərdən axşama gəzib dolaşır.
Qartallar görünmür başının üstə,
Suyunda durnalar üzmürlər daha.
Gözəllər dayanıb daşının üstə,
Zülfünü darayıb, düzmürlər daha.
Əlçatmaz dağların qarlı qaşında,
Şəlvəsi çağlamır, Zabuxu axmır.
Qırxqız bəmbəyaz qarlı başında,
Şimşəyi parlamır, şimşəyi çaxmır.
İşığı sönübdür İşıqlıdağın,
Vulkanı püskürmür, selləri axmır.
Ruhu incik düşüb Ərsoltan bəyin,
Dağları dolaşır, arana baxmır.
Yalançı vədlər də başları qatır,
İtir millətimin şöhrəti, şanı.
Dağların qoynunda nigaran yatır,
Bir gözəl qızı da Azərbaycanın.
Dekabr 2017
Səhərim
Dəfn etdim bu gecə əzablarımı,
Nə yaxşı açıldı səhərim mənim.
Elə bil təzədən doğulmuşam mən,
Gözümdə cənnətdir şəhərim mənim.
Düşür pəncərəmdən zərrin şəfəqlər,
Məsum bir körpənin baxışlarıtək.
Yer üzü canlanır nəzərlərimdə,
Səttar tablosunun naxışlarıtək.
Xəyalım yol keçir ləpələr üstdən,
Bi xəfif meh əssir, hərdən dayanır.
Şəlakət içində uyuyan dəniz,
Qağayı səsindən qəfil oyanır.
Oyanır kainat, oyanır dünya,
Cansız təbiət də sanki dil açır.
Gözümdə yüksəlir bu bozqır dağlar,
Susuz səhralar da sanki gül açır.
Sənə milyon şükür məni yaradan,
Bu səhər nə gözəl bir səhər oldu.
Ruhuma qanaddır duyğular mənim,
Ürəyim üşüdü, birtəhər oldu.
Dekabr 2016
Dönməyək bu sahilə biz
Ömrü uzun olsun bu gələn yazın,
Çiçəyi solmasın, gülü solmasın.
Şirin xatirələr düşdükcə yada,
Ürək qubar edib, gözlər dolmasın.
Qayıdaq yenidən o illərə biz,
Asılaq əriyin budaqlarından.
Süzülsün bal kimi sevirəm sözü,
Sənin öpülməmiş dodaqlarından.
Lalətək qızarsın yanaqlarında,
Alışan ürəyin, yanan ürəyin.
Axsın damla-damla bəbəklərindən,
Sevincdən kükrəyən, dolan ürəyin.
Arzun çiçək açsın yenidən gülüm,
Əbədi var olsun o ilk sevgimiz.
Burda ayrılıq var, burda tənhalıq,
Dönməyək bir daha bu sahilə biz.
Noyabr 2013